Argentina Respublikası “AITF-2014” sərgisində ilk dəfə iştirak edirdi. Sərgidə Argentinanın ölkəmizdəki səfirliyinin və bu ölkənin Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Turizm Təşviqi İnstitutunun (İMPROTUR) birgə dəstəyi ilə stend quraşdırılmışdı.

Nazirliyin nümayəndəsi Rodolfo Milesi bildirdi ki, sərgidə ölkələrinin turizm imkanları ilə yanaşı, mədəniyyəti haqqında müxtəlif məlumat kitabçaları, videoçarxlar, milli geyimləri, musiqi və məşhur tanqo rəqsi, “Malbec” şərabı nümayiş olunur: “Argentinanın zəngin mədəniyyəti var. Biz həmçinin turizm imkanları kimi idman növlərimizi də təqdim edirik. Argentinada polo ilə yanaşı, digər oyunlar da hər zaman maraq doğurub. Düşünürəm ki, ilk təqdimatda Argentina mədəniyyətini Azərbaycan bazarında yaxşı nümayiş etdirə biləcəyik. Bakı sərgiyə çox uğurla ev sahibliyi edir. Biz öz tərəfimizdən Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə minnətdarıq ki, bizə bu tədbirdə təmsil olunmaq imkanı verdi”.
Həmsöhbətim qeyd etdi ki, münasibətlərin gələcək inkişafı baxımından belə tədbirlərin mütəmadi təşkil olunması vacibdir. Bu, Argentina ilə yanaşı, digər iştirakçı ölkələrə də öz turizm imkanlarını nümayiş etdirmək, bir-birimizlə tanışlıq imkanı verir.
Sərgidən öncə seminar keçirdiklərini deyən qonaq, orada Argentinanın turizm imkanları haqqında ətraflı məlumat verdiklərini vurğuladı: “Turizm əlaqələrimizi əngəlləyən əsas amillərdən biri birbaşa uçuşun olmamasıdır. Ölkəmizin Bakıdakı səfiri bu yaxınlarda birbaşa hava reyslərinin açıla biləcəyini dedi. Əlbəttə, yeni hava uçuşlarının açılması iki ölkə arasında münasibətlərin daha da genişlənməsinə töhfə verəcək. Düşünürəm ki, biz Azərbaycanla turizmin müxtəlif sahələrində əməkdaşlıq edə bilərik. Argentinada gözəl mənzərələr, əsrarəngiz təbiət, şəlalələr, gözəl Buenos-Ayres, tanqo Azərbaycan turistlərinin diqqətini cəlb edə bilər. Bakıya ilk dəfədir gəlirəm. Lakin Argentinanın Bakıdakı səfiri bizə ölkəniz və onun mədəniyyəti haqqında geniş məlumat verdi. Qədim şəhərdə, bulvarda olduq və çox xoşumuza gəldi. Növbəti dəfə Azərbaycanın qədim məkanlarından biri olan Qobustana getmək istərdim”.

Mehparə