Unudulmaz müğənninin xatirəsi doğma yurdunda anılıb

 

Laçın şəhərində unudulmaz müğənni, Əməkdar artist, bu dünyadan “Laçınım, Laçınım!” deyərək köçən Məhəbbət Kazımovun (1953–2014) həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda Xüsusi nümayəndəliyi və Bakı Abadlıq Xidmətinin iyulun 27-də şəhərdəki Həkəri bulvarında təşkil etdiyi “Məhəbbətlə...” adlı tədbirə müğənninin ailəsi, sənət dostları, söz adamları, Beynəlxalq Muğam Mərkəzinin (BMM) solistləri və azad yurda qovuşan Laçın sakinləri qatılıblar. 

Tədbirdə müğənninin ifa etdiyi mahnıların lent yazıları səsləndirilib, Azərbaycan Televiziyasının arxivlərində qorunan videokadrlar nümayiş olunub. Həmçinin Məhəbbət Kazımovun şəxsi əşyalarının sərgiləndiyi guşəyə baxış olub.

Xatirə gecəsində nümayiş olunan videomaterial böyük rezonans doğurub. Süni intellektin verdiyi imkanlar sayəsində sanki bugünkü azad və abad Laçını gəzən Məhəbbət Kazımovun təbəssümü, sevinci, Həkəri çayı sahilindəki bulvara toplaşan yüzlərlə tamaşaçıya duyğulu anlar yaşadıb.

Tədbirdə vaxtilə Məhəbbət Kazımovun yaratdığı “Laçın” instrumental ansamblının solistləri, şəhər ziyalıları müğənni ilə bağlı xatirələrini bölüşüblər.

Lalə