Ötən il hotellərdə yerləşənlərin sayı 6,6 faiz artıb
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ildə əvvəlki illə müqayisədə mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 6,6 faiz artaraq 666,3 min nəfər olub. Onların da 59,3 faizi xarici ölkə vətəndaşlarıdır.
Ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi xarici turistlərin sayına müsbət təsir göstərib. Dəvətlə gələn turistlərin sayı 86,9 min nəfər olmaqla, yerləşdirilmiş şəxslərin ümumi sayının 13 faizini təşkil edib.
Mehmanxana və mehmanxana tipli müəssisələrdə müvəqqəti yerləşmə xidmətindən yararlananların əsas hissəsi (82,1 faizi) turizm məqsədilə səfər edənlər olub. Turistlərin 41,4 faizi istirahət və əyləncə, 42,6 faizi işgüzar məqsədlə səfər edib. İstirahət və əyləncə məqsədilə Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası, Xaçmaz, Quba, Qəbələ, Şəki, Şamaxı, Balakən, Mingəçevir, Masallı, Lənkəran, İsmayıllı və Lerikə səfər edənlərin sayı daha çox olub. Turizm məqsədilə səfər edib mehmanxanalarda qalan Azərbaycan vətəndaşlarının 43,8 faizi Bakı şəhəri sakinləri olub.
2013-cü ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə 395,5 min nəfər xarici ölkə vətəndaşı gecələyib. Onların əsas hissəsini Rusiya, Böyük Britaniya, Türkiyə, Amerika Birləşmiş Ştatları, Almaniya, İran, Ukrayna, Gürcüstan, Fransa, Çin, İtaliya və Qazaxıstan vətəndaşları təşkil edib.
Mehmanxanalarda gecələyən əcnəbilərin 79,1 faizi ölkəmizə turizm məqsədilə səfər edib. Əvvəlki illə müqayisədə bu müəssisələrin xidmətlərindən istifadə edən Rusiya, ABŞ, Gürcüstan, Fransa, Hindistan, İsveç, İtaliya, Türkiyə, İran, Niderland, Kanada, Norveç, Ukrayna, Qazaxıstan və Rumıniya vətəndaşlarının sayında daha çox artım müşahidə olunub.
Komitədən verilən məlumatda o da bildirilir ki, ötən il Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri artıb. 2013-cü ildə ölkədə 530 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Bu dövrdə mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 2012-ci illə müqayisədə 11,2 faiz artaraq 171,3 milyon manata çatıb. Gəlirlərin 64,7 faizi nömrələrin satışından, 23,4 faizi içkilər də daxil olmaqla, qida məhsullarının satışından, qalan hissəsi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Müəssisələrin xərcləri 31,4 faiz artaraq 145,5 milyon manat təşkil edib.
2013-cü ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə çalışan işçilərin orta illik sayı 2012-ci illə müqayisədə 938 nəfər artaraq 8259 nəfərə çatıb. Bir işçiyə düşən orta aylıq əməkhaqqının məbləği 448 manat təşkil edib.
2013-cü ildə ölkə üzrə mehmanxana və mehmanxana tipli müəssisələrin yüklənmə səviyyəsi 13,5 faiz təşkil edib. Bu göstərici Bakıda, Naxçıvan Muxtar Respublikasında, Ağstafa, Qəbələ, Masallı, Xaçmaz, Lənkəran, Quba, Şamaxı, Qax, Qusar, Şəkidə və digər rayon və şəhərlərinə nisbətən daha yüksək olub.
Fəxriyyə Abdullayeva