Tofiq Hacıyev
   
   

 

    Birinci məqalə
      
   Mən sovet dövründəki ədəbi yaradıcılığı görmüşəm, ədəbi prosesin nə olduğunun şahidi olmuşam. Ədəbi proses təkcə bədii əsərlərin yazılması deyil, bədii ədəbiyyatın ədəbi tənqidlə qoşa yaşamasıdır; vaxtilə ədəbiyyat cəmiyyətin gündəlik yaşantısının tərkib hissəsi idi.
   
   Ədəbiyyatda «yaxşı nədir, pis nədir» sualına cavabda ədəbi tənqid oxucuya, geniş mənada ictimaiyyətə - yuxarılara da, aşağılara da, elitaya da, sıravi adamlara da yardımçı olurdu. İki-bir, üç-bir söhbətlərdə, ya xeyirdə-şərdə insanlar oxuduqları haqda danışır, fikir mübadiləsi edirdilər; Molla Nəsrəddin demişkən, oxuyanlar oxumayanlara danışırdılar, oxumayanlar eşitdiklərini görmək üçün tapıb oxuyurdular. Beləliklə, ədəbiyyat ədəbi tənqiddən kənarda da təhlil olunur, müzakirə olunurdu. Bunun hamısı bir yerdə ədəbi proses idi. İndi bu yoxdur. Bunun günahı nə Anardadır, nə Yazıçılar Birliyindədir. Bunun günahı bazar iqtisadiyyatındadır. Bazar iqtisadiyyatı ədəbiyyatın, mədəniyyətin qənimidir.
   Ədəbi proses dövründə ortaya çıxan bir cavan, yeni şair, yazıçı dərhal görünürdü, imzası izlənirdi, çünki mətbuat ancaq ədəbiyyat sayılan əsərləri çap edirdi. Yazıçı-şair, məlum məişət anlayışında, süzgəcdən keçirilirdi. Çıxan kitab oxunurdu. İndi kitab selinin içindəyik, ancaq oxumağa kitab yoxdur. Yəni 100-200 kitabdan biri oxunmağa layiqdir. Molla Pənah deyən kimidir: imkanlılarda istedad yoxdur, istedadlılarda imkan. Kimin imkanı var, kitab çap etdirir, istedad sahibləri də durub bu kitab selinə tamaşa edirlər.
   Bu şəraitdə, elə bilirsən, daha ədəbiyyat yaranmır. Ancaq yox, yenə istedadlı ədəbiyyat var, yenə istedadlı gənclər gəlir, sadəcə onların əsərləri bu kitab selində boğulur. Bu prosessizlik iyirmi ildən çoxdur ki, başlayıb. Bu ədəbi prosessizlik dövrünün istedadlılarından biri Elçin Hüseynbəylidir.
   Elçin ilk qələm nümunəsindən özünü təqdim etdi. O da R.Rövşən, V.Önər, M.Süleymanlı kimi ilk yazılardan «bu mənəm, gəlirəm» dedi. İlk əsərini oxuyan onun imzasını axtarmağa başladı. Hekayələrinin, povestlərinin, romanlarının - bir-birindən gözəl əsərlərinin axtarışına çıxdı. Təkcə «Gözünə gün düşür» hekayəsi ilə Elçin dünyaya, bəşəri ədəbiyyata çıxa bilərdi. Bəzən orda-burda gileylənənlər var ki, guya Qarabağ mövzusu işlənmir. Havayı gileydir. Qarabağ mövzusunda, Qarabağ nisgilindən gözəl, həm də qeyri-adi gözəl poeziya və nəsr nümunələri yaranıb. Biri də Elçinin «Gözünə gün düşür» hekayəsi. Bu hekayə Qarabağ müharibəsinin «Can nənə, bir nağıl de» şeiri kimi bir hadisəsidir.
   Hekayədə dil də psixoloji dərinlik qədər nəhayətsiz gözəldir. Elə bil yazanda Allah onun qulağına deyib ki, diqqətli ol, bu, ayrı əsər olacaq. O da Allahına qulaq asıb; doğrudan, bu nəsr təsviri deyil, şeir emosiyası, həm də hər cür şeir yox, məhz bayatı nisgili ilə dolu bir dildir: «Birtəhər özünə yol aça-aça qarağacın yanına çatdı. Onun gövdəsini qucaqladı. Əvvəlcə kövrəldi, özünü sındırmamaq üçün ağlamadı, için-için göynədi. Sanki axşamın onu eşidəcəyindən, ağlamağına şahid olacağından qorxdu, axırda içindəki hisslər bu qorxuya üstün gəldi və hönkürdü. O, indi heç kimdən və heç nədən qorxmurdu. Eləcə qarağacın dibinə söykənib, hönkür-hönkür ağlayırdı».
   Ümumiyyətlə, bu hekayənin içi bayatı nisgilidir, bayatı mövzusudur. Elçin vətən haqqında deyilmiş bayatıların hamısını bir yerə yığıb, ciyər yandıran həsrət odlarından tonqal qalayıb bir nəhəng bayatını da - bu hekayəni də o özü deyib. Lap çoxdan kimsə bir nəfər, elindən uzaq düşmüş bu həkimin vəziyyətində olan bir torpaq aşiqi, bir torpaq didərgini Allah bəndəsi həsrət odunda yana-yana deyib: ölməyə vətən yaxşı.
   Elçin Vətən ideyasının, torpaq yanğısının, Vətən məhəbbətinin nüvəsində öz kəndinə, yüyrük-beşiyinin asıldığı ağacın kölgəsindəki sərinliyə sevgisini görən bir Məcnun obrazı yaratmışdır. Bu Məcnun əlli üç yaşlı onkoloq-həkimdir. Bu didərgin Məcnun sağalmaz dərdə tutulub, qorxur ki, doğma kəndi erməni tapdağından qurtarınca ölümü onu haqlasın. Qərarlaşır ki, ölüm ayağında kəndinə getsin, orada atasının uyuduğu doğma məzarlıqda özü qəbrini qazıb canını tapşırsın. Bir gün otuz bir il bir yastığa baş qoyduğu qadını yatağından qalxıb həyat yoldaşını yerində görmür, onun dünyaya bir neçə dildə yazdığı bəyanat - məktubunu tapır.
   Bəyanatında yazır ki, kəndinə getmək, bütün münaqişələrə etiraz əlaməti olaraq, həyətlərində ağac əkmək istəyir. Bu Məcnun-həkimin bəyanatı demokratiyadan, sülhdən dəm vuran böyük dünya dövlətlərinin içi diplomatiya hiyləsi ilə dolu bəyanatlarından güclüdür. Çünki bu bəyanat gerçəkdir: bu Məcnun sözünü deyib və «sülh ağacı» adlandırdığı fidanı çantasına qoyub gizli yollarla kəndinə üz tutur. Bu Məcnun sevgili kəndinin, uşaqlıq xatirələrinin uyuduğu yerlərin vüsalına can atır. O, eynən Füzulinin Məcnunu kimi edir. Atası oğlunu Kəbəyə gətirir ki, dua eləsin, yalvarsın ki, Allah onun dərdinə çarə qılsın. Məcnunun dərdi Leylinin eşqidir. Allah onu bu dərddən qurtarırsa, demək, Leyliyə olan eşqi fənaya gedir. Ona görə də Məcnun üzünü Kəbəyə tutub deyir: Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni. Az eyləmə inayətini əhli-dərddən, Yəni ki, çox bəlalərə qıl mübtəla məni!
   Elçinin yaratdığı Məcnunun eşq vüsalı kəndində ölməkdir. O, uşaqlıq xatirələrinin işığında, dünyaya gələrkən udduğu havanı son nəfəsində də udmaq üçün, gedişindəki acı aqibətin şirinliyinə (bəlayi-eşqin inayətinə) doğru yola düşür. O, sözünü tutmayan dünya böyüklərinin acığına ölümə gedir - işğal olunmuş ana torpağının haqqında özlərinin çıxardıqları ədalətli qərarlara BÖYÜK DÖVLƏTlərin özlərinin laqeydliyi ilə bağlı İctimai Televiziyanın gündə neçə kərə hayqırdığı nidanı eşitməyən qulağıkarların gözləri qabağında ölümə gedir. Dünya ədalətsizliyinə bundan güclü etiraz yoxdur. Yazıçı bədii düşüncəsinə, emosional süjetinə nümayişkaranə, güclü siyasi məzmun yükləmişdir.
   İndi bu Məcnun Leylasının gerçək vüsalı ilə üz-üzədir - vüsal sevincinin, bəlayi-eşq inayətinin, yəni ölümünün bir addımlığındadır. Ancaq bu Məcnun sadəcə ölmək istəmir, «ölümü ayıq başla qarşılamaq istəyir». O, ruhsuz, hissiz, düşüncəsiz ölmək istəmir. Düşünə-düşünə, ölümünü yaşaya-yaşaya, kəndini, uşaqlıq xatirələrini, ailəsini gözlərinin önündə canlandıra-canlandıra ölmək istəyir; cismən və ruhən əzilmiş, yadelli tərəfindən təhqir edilmiş olaraq yox, bu dünya ilə vidalaşıb ölmək, bir vətəndaş kimi, vətənin havasını rahat uda-uda, Nazim Hikmət demişkən, dadını çıxara-çıxara, günəşini görə-görə birdən gözlərini qapayıb, Orxon-Yenisey dastanlarında deyilən kimi, Allahın dərgahına UÇMAQ istəyir. O məhz səhər dan yeri söküləndə, günəşin işığı gözlərinə düşəndə bu işığı gözlərinə doldurub kirpiklərini bağlamaq istəyir. Səhər doğan günəş onun yurdunun sabahıdır. Yazıçı bu ideyanı bir şair kimi, bir şeir kimi rəmzləşdirir. Elçinin Məcnunu vətəninin diriliyinə inanaraq, bu diriliyi xəyalında yerləşdirərək bu dünyasından arxayın ayrılmaq, Tanrının ucalığından yurdunun işığına baxmaq istəyir. Yazıçı bu kədərin, ağının melodiyası ilə, torpaq nisgili ilə yaşayan oxucusuna ümid aşılayır. Kamına çatmış bu Məcnun gözünü ovuşdura-ovuşdura dünyasını dəyişir - Atilla kimi, Alp Ər Tonqa kimi, Kültiqin kimi açıq alınla, başıucalıqla Tanrısının hüzuruna uçur.
   Yazıçı inandırır ki, Füzuli düz deyib: Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq, Yaxşı derlər: Hər zaman bir aşiqin dövranıdır. Yəni bu günün Məcnunu bizim gördüyümüz həkim-onkoloqdur. Cəmiyyətin həmişə Məcnuna ehtiyacı var. Yazıçı oxucusunun düşüncəsində Nazim Hikmətin misralarını özünəməxsus şəkildə improvizə elətdirir: Sən də belə olsan, mən də belə olsam - biz belə olsaq, dünya bizi eşidər. Bu hadisə mexaniki baş vermir, bir hövsələsizlik, qeyri-ixtiyari bir addım deyil. Bu insan xeyli hazırlıq keçib, özünü Məcnunluğa hazırlayıb; hətta onun qadını da bilirdi ki, bu, nə vaxtsa baş verəcək. Hazırlıq belə gedib ki, indi bu Məcnunun beynəlxalq qoruyucuları var; o, internetdə özünü elan edib və hətta indi erməni zabiti özlərini dünyada rüsvay etməmək üçün onu öldürə bilməz. Elçinin Məcnunu dünyanın qarşısında şərt qoyur: qəbrini özü qazmalıdır, dan üzü, günəş üfüqdən çırtlayanda və ayıq başla ölməlidir. Əslində bu, Məcnunluğa siyasi məzmun yükləyir - bu, Mənsurluqdur, Nəsimilikdir. Bu Məcnunluq yeni qəhrəmanlıq tipidir: onun ən qədim adı Atillaçılıqdır, sonrakı adı Sovet İttifaqı Qəhrəmanıdır və əlbəttə, bugünkü ismi şəhidlikdir.
   Bu Məcnun-şəhidin qadını da ədəbiyyatımız üçün yeni obrazdır. Ərinin məktubu əlindədir. Məktubdan ərinin nəfəsi, hənirtisi gəlir. Məktubu öpür - axı ərini son dəfə bu məktub görmüşdü. Bu qadın haray salar, həşir qoparardı, hələ yasaq zonasına çox yol var, şər qarışmamış, hava qaralmamış ərini ona qaytarardılar. Ancaq o, ərinin ideyasına xəyanət etmir, ərinin məsləkinə hörmət edir - əri öz «ölümünü işğal altında olan kəndlərində qarşılamaq istəyirdi». Vahidin misrası yada düşür: «Demə Məcnuna dəli, bəlkə də Leyla dəlidir».
   Bu xanım sovet ədəbiyyatındakı müsbət kommunist qadın obrazı deyil. Bu xanım, bu Leyla, bir tərəfdən, nağıllarımızdakı ərinin məsləkdaşı qadındır; o biri tərəfdən, bu günün siyasiləşmiş Leylasıdır. O, evində şivən qoparıb, ərini qaytartmaq əvəzinə, ərinin məktub-bəyanatını internetə verir, neçə illərdən bəri evində, gözünün qabağında, onunla məsləhətləşə-məsləhətləşə hazırlanmış «planın» gerçəkləşməsinə şərait yaradır.
   Bu dastan-hekayə günümüzün gerçəkliyidir və mükəmməl kompozisyon sənətkarlığı ilə diqqəti çəkir. Psixoloji şirəyə çəkilmiş, canına psixoloji hava hopdurulmuş təsvirlər, ifadələr var. Yazıçı təbiətin psixoloji təhlilini verir. Təbiəti vəhşiləşdirən cəmiyyətdir. Dünyanın uluslararası ədalətsizliyi, buyurun, itləri də halından çıxarır, quduzlaşdırır. Bu kədərli təsvirdəki acılıq hər köçkünün damarında dolanır: «Kimsəsizlik hər tərəfə hakim kəsilmişdi. O düşündü ki, bir azdan buralar tamam itəcək. İllər keçəndən, bu kəndin yaşıdları dünyasını dəyişəndən sonra hər şey yaddan çıxacaq. Kəndlilərindən heç kim, hətta nəvə-nəticələri də öz yurd-yuvasını, qonşusunu tanımayacaq». Və ən dəhşətlisi də budur ki, «xatirələr də qalmayacaq. Deməli, keçmiş olmayacaq». Allah, sən saxla, keçmiş olmayacaq - bu, tarix deməkdir. Hər cümlənin arxasında bir tablo var, bu tablonun da içində bir bayatı məzmunu, ağı iniltisi var.
   Elçin dili şeirin qafiyələri kimi sistemləşdirir, sözün də, səsin də dəqiq təyinatı var. Bu için-için göynəmək Məcnun-Füzulinin ürək odunun qığılcım şəklində gözündən tökülməsinə bənzəyir: «Ləhzə-ləhzə könlüm odundan şərərlərdir çıxan, Qətrə-qətrə göz tökən, sanmın, sirişkim qanıdır». Həkim ürəyinin odunu qığılcım-qığılcım gözündən tökmür, o odu güc kimi içində saxlayıb atası yatan məzarlığa sürünür.
   Hekayənin ilk və son cümləsi eynidir: «Gözünə gün düşür». Mətlə ilə məqtənin, başlanğıcla finalın, bu uzun təhkiyə arasının belə əlaqələndirilməsi böyük ustalıqdır, uca sənətkarlıqdır. Və bu da odur ki, yazıçı öz süjetini oxucusunun gözündə bir bütöv kimi canlandırır, bir bayatı kimi səsləndirir və göstərir: bayatının birinci və dördüncü misralarının arası necə görünürsə, bu hekayə - dastanın da ilk və son cümlələrinin arası elə görünür.
   Bu süjetdə Azərbaycan xalqının etnik psixologiyası çox tipik şəkildə ifadə olunmuşdur. Bu əsər müxtəlif dillərə çevrilməli, saytlara köçürülməli, bütün dünyaya çatdırılmalıdır. Dövlətimizin beynəlxalq siyasəti burada obrazlarla çox dolğun verilir.
   Elçin yaradıcılığı günümüzün nəsr üslubudur. Nəsrdə kiçik hekayənin xüsusi yeri var. Oxucunun özü də kiçik hekayələrə meyillidir. Həmişə belə olub, bu gün sürət əsrində bu meyil daha da artıb. Ona görə də Elçin oxunur, onu hövsələsiz oxucular da oxuyurlar. O kiçik hekayələrin ustasıdır. Əlbəttə, söhbət sadəcə həcmdən getmir. Ustalıq azın içində çox söz deyə bilməkdədir. Onun təhkiyəsində bədii-estetik cazibə ilə yanaşı, həyat, mühit, cəmiyyət haqqında müasir bilik, məlumat verilir. Bu, müasir oxucu zövqünə cavab vermək deməkdir.
   Elçin motivlərində də, dil-ifadə tərzində də yenilikçidir. Bu fakt bitkin üslub gerçəkliyidir.
   
   (Məqalə ixtisarla dərc olunur)