«Azərbaycan - əfsanələr diyarı» mövzusunda konfrans keçirildi

Aprelin 22-də Azərbaycan Turizm İnstitutu və AMEA-nın Folklor İnstitutu arasında əməkdaşlığa dair memorandumun imzalanması mərasimi keçirildi.

Mərasimdə çıxış edən ATİ-nin rektoru, professor Cəfər Cəfərov bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirdi, elm və təhsilin üzvi şəkildə əlaqələndirilməsinin əhəmiyyətini vurğuladı: «Ölkəmizi, onun turizm imkanlarını tanıtmaq, təbliğ etmək üçün mədəni irsimizi də dərin öyrənməli, təbliğ etməliyik. İnanıram ki, yaxın vaxtlarda bu əməkdaşlığın nəticəsini hiss edəcəyik».
Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov rəhbərlik etdiyi elm müəssisəsinin fəaliyyəti barədə məlumat verdi. İnstitutun kollektivi tərəfindən çoxcildli antologiyalar, tematik elmi toplular, tərcümə əsərlərinin hazırlanaraq ictimaiyyətə təqdim olunduğunu diqqətə çatdırdı.
Qeyd olundu ki, əməkdaşlıq sənədində Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin, tarixi-etnoqrafik dəyərlərinin toplanması, tədqiqi və bu istiqamətdə əldə edilmiş nəticələrdən ölkənin turizm imkanlarının genişləndirilməsində, sülhsevər və qonaqpərvər xalqımızın gözəl ənənələrinin təbliğində səmərəli istifadə edilməsi məsələləri əksini tapıb. Memorandum Azərbaycanda yaşayan azsaylı xalqların folklor ənənələri, etnoqrafik və dini turizmin inkişafı ilə bağlı birgə tədbirlərin təşkili, inanc yerləri və ziyarətgahlarla bağlı məlumatların toplanması, nəşri və tədqiqi, bu istiqamətdə yerli və beynəlxalq turizm marşrutlarının təşkil olunması ilə bağlı təkliflərin hazırlanması kimi istiqamətləri də əhatə edir. Sənəddə turizm kadrlarının hazırlanması prosesində mövcud imkanlardan qarşılıqlı səmərəli istifadə edilməsi, birgə elmi konfransların, seminarların, ezamiyyələrin və digər tədbirlərin təşkili nəzərdə tutulub.
Sonra memorandumun praktik icrasını təşkil etmək məqsədilə birgə mütəxəssislər qrupunun yaradılması qərara alındı.
Cəfər Cəfərov və Muxtar İmanov sənədi imzaladıqdan sonra ATİ və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə «Azərbaycan - əfsanələr diyarı» mövzusunda konfrans keçirildi.
Konfransda AMEA Folklor İnstitutunun şöbə müdirləri Nailə Rəhimbəyli, Əli Şamil, Elxan Məmmədli, Füzuli Bayat, ATİ-nin kafedra müdiri İbrahim Əliyev, müəllimlərdən Sevil Kərimova, Günay Qafarova maraqlı təkliflərlə çıxış edərək, yeni qurulacaq əlaqələrin Azərbaycan folklorunun turizm vasitəsilə tanıdılması işinə böyük töhfələr verəcəyini bildirdilər.

Fəxriyyə