Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ötən il keçirilən Uşaq İncəsənət Festivalı (UİF) müstəqillik dövrünün böyük mədəniyyət layihəsi kimi tarixə yazıldı.
Ölkəmizin hər yerindən minlərlə istedadlı uşaq festival marafonuna qoşularaq qabiliyyət və bacarığını nümayiş etdirmək imkanı qazandı, böyük uğurlara doğru ilk addımlarını atdı. Festivalda uğur qazanmış iştirakçılardan bir çoxu daha da ruhlanaraq sonradan respublika və beynəlxalq əhəmiyyətli müsabiqə və festivallarda da nailiyyətlər əldə etdilər.
Biz də “Uğur sorağında” rubrikamızda həmin istedadları oxucularımıza tanıtmaq qərarına gəldik. İlk qonağımız skripka ifaçısı, beynəlxalq və respublika müsabiqələri laureatı Kənan Bağırovdur.
Kənan Əziz oğlu Bağırov 2008-ci il noyabrın 24-də Bakıda anadan olub. 132-134 saylı təhsil kompleksinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin 11-ci sinif şagirdidir.
5 yaşından musiqi ilə məşğul olmağa başlayıb. Skripka alətini valideynlərinin məsləhəti ilə seçdiyini deyir: “2017-ci ildən bir sıra yerli və beynəlxalq müsabiqələrdə iştirak etmişəm. Onlardan ən yaddaqalanı ötən il ölkəmizdə keçirilən Uşaq İncəsənət Festivalıdır. Festivalın 2-ci turundan sonra iştirakçılarla birlikdə Laçın şəhərinə yollandıq. Həmin vaxt “Laçın Şəhəri Günü” tədbirləri keçirilirdi. Həkəri çayının sahilində, bulvar ərazisində festivalın yay düşərgəsi təşkil edilmişdi. Düşərgədə Əməkdar müəllim, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hökümə Əliyeva bizlərə ustad dərsləri keçdi. Nəhayət, mən bu müsabiqədə I yerə layiq görüldüm. Laçında olduğum zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə görüşümüzü isə heç zaman unutmayacağam”.
Kənanın UİF-də qazandığı uğur onun üçün düşərli olur. Bundan sonra Almaniyada keçirilən III Beynəlxalq musiqi müsabiqəsi və Türkiyədə təşkil edilən “Bravo” XIII Beynəlxalq onlayn musiqi müsabiqəsində I yeri qazanır.
Bu ilin mart ayında Qazaxıstanın “Xoşbəxt ölkənin uşaqları” İctimai Fondunun Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi ilə birgə təşkil etdiyi çoxjanrlı beynəlxalq müsabiqəsində (“Biz xoşbəxt uşaqlarıq”) uğurla iştirak edərək Qran-pri mükafatına layiq görülüb. Kənanın iştirak etdiyi hələlik sonuncu sənət yarışması isə aprel ayında Gürcüstanda keçirilən Yevgeni Mikeladze adına V Beynəlxalq müsabiqədir. Bu müsabiqədə də I yeri qazanıb.
Gələcək planları haqqında danışan Kənanın arzusu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında oxumaq, sonra isə təhsilini Almaniyada davam etdirməkdir.
Müəllimi, L. və M.Rostropoviçlər adına məktəbdə simli və nəfəs alətləri şöbəsinin müdiri Gülnarə Seyidova şagirdinin çox istedadlı olduğunu bildirir: “Kənan mənim sinfimdə 2022-ci ildən təhsil alır. Həmçinin təşkil etdiyim ansamblın üzvü olub. O, musiqinin dərinliyinə varma qabiliyyətinə malikdir. Musiqi əsərlərinin texniki cəhətdən mürəkkəbliyi onu heç vaxt çəkindirmir. Əsərin musiqisi onun zövqünü oxşayıbsa, ifa etmək artıq Kənanın əsas məqsədinə çevrilir. Onun ifaçılıq və texniki imkanlarını nəzərə alıb mükəmməl səviyyədə ifa edə biləcəyini təhlil etdikdən sonra həmin əsər üzərində birgə işləməyə başlayırıq”.
Gülnarə müəllimə qeyd edir ki, yetirməsi ölkəmizdə və xaricdə keçirilən bir sıra müsabiqələrdə, həmçinin ümumməktəb konsertlərində uğurla çıxıb edib, ustad dərslərinə qatılıb: “Kənan bu ilin aprelində Almaniyadan gələn tanınmış violin ifaçısı soydaşımız Anar Bramo tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında təşkil etdiyi gənc istedadlar üçün ustad dərsində də iştirak edib. Həmin dərs zamanı Anar Bramo Kənanın çıxışını dinləyib və çox yüksək qiymətləndirib”.
Biz də Kənana xəyalını qurduğu məqsədlərinə çatmasını, musiqi mədəniyyətimizdə seçkin adlardan olmasını arzulayırıq.
Nurəddin