Tofiq Hacıyev
   

   İkinci məqalə

   Bədii ədəbiyyatımızın zəngin tarixi əsərlər ənənəsi var. Bu ənənənin şah təməlini öz «İsgəndərnamə» epopeyası ilə Nizami qoydu. Bu ənənəni M.F.Axundzadə «Aldanmış kəvakib» povesti ilə ana dili məhvərinə gətirdi.
   
   Mirzə Fətəli bu əsəri ilə çar idarə üsulunu ifşa etmək məqsədini izlədiyindən ciddi tarixi əsər əvəzinə komediyalarının bədii ifadə üslubu üstündə komik-məzhəki yolla getdi - özü demişdi ki, mətləbini pərdələmək istəyirsənsə, hadisələri at, məsələn, Şah Abbas dövrünə. Hər halda böyük yenilikçi Mirzə Fətəli ədəbiyyatımızın diqqətini dövlətçilik mövzusuna yönəltdi. Nəriman Nərimanovun «Nadir şah», Əbdürrəhim bəy Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» tarixi dramları yarandı. Sovet dövründə Yusif Vəzir Çəmənzəminlinin, Məmməd Səid Ordubadinin, İsa Muğannanın, Əzizə Cəfərzadənin, Əlisa Nicatın tarixi povest və romanları müxtəlif dövrlərdən bəhs edən bədii lövhələrlə Azərbaycan oxucusunu öz tarixi ilə yaxından tanış etdi.
   Elçin Hüseynbəylinin «Şah Abbas» romanının bu silsilədə xüsusi yeri var. Bu, yeni roman tipidir. Roman tarixin bədii ifadəsində xatırlatdığım müəlliflərin əsərlərindən fərqli olaraq Orxon-Yenisey dastanlarının yaradıcılıq tipologiyası ilə yazılmışdır. Yazıçı əsərinin janrını özü olduğu kimi bildirir: roman-xronika. Burada tarix bədiiliyə xidmət etmir, tarix bədiiliyin içində itmir, bədiilik tarixə xidmət edir, tarix əvvəlli-axırlı bir bütövdür, bədiilik onun içindədir, onun tərkib hissəsidir. Bu, tarixin özüdür. Bu, tarixi roman yox, əsil tarix romanıdır. Roman tədqiqatçı işidir, sənədli romandır. Orxon dastanları kimi bədii-obrazlı salnamədir; məhz türkün ibadət kitabı olan (M.Ərgin) Orxon dastanları kimi bədiiləşmiş tarixdir və tarixləşmiş bədiilikdir.
   Azərbaycanın geniş coğrafiyası əsas olmaqla, bütün Qafqaz ərazisində Şah Abbasın adı ilə bağlı karvansaralar, körpülər, məscidlər, minarələr bu gün də qalır. Niyə hansı isə başqa bir hökmdarın adı ilə belə, abad olmasın, heç bir xarabalıq da tanınmır. Deməli, Şah Abbas abadlığı, tikinti-inşaatı da dövlətçiliyin işi və tərkib hissəsi kimi görmüşdür. Həmin adların siyahısında Şah Abbasın ünvanı ilə bağlı şahı (beş qəpik), abbası (iyirmi qəpik) kimi pul vahidləri də var.
   Əlbəttə, dürüst tarixilik o demək deyil ki, roman faktların, sənədlərin toplusudur. Şübhəsiz, tarixi romanın içində iki pay olur: tarixiliyin payı və bədiiliyin payı. Buradakı tarixlikdə, birinci, o var ki, faktlar, tarixi gerçəkliklər təhrif olunmur, hər şey özüdür, hər şey öz adı ilə verilir; oxucunu cəlb etmək üçün macəraçılığa varılmır, saxta, süni bədiiliyə gedilmir; dövlətçilik terminləri, hərbi terminlər - silah adları, hərbi rütbə və ünvanlar üstündə bilavasitə XVI-XVII əsrlərin möhürü olan dəqiq sözlərdir. Ayrı-ayrı xanların, bəylərin, kübar ailələrinin dövlətçilikdə iştirakı, hakimiyyətdəki payı, yaxud onların əks mövqeyində duran nəsillərin dağıdıcılıq, pozuculuq hərəkətləri tarixi məlumatların işığında ağı ağ, qarası qara, bozu da boz verilir. Heç demə ki, tarix özü öz gerçəkliyi ilə, bəzəksiz, boyasız-filansız sırf bədiilik qədər emosional dəyərə malikdir; tarix xalqın mənəvi keçmişi olaraq əxlaqi-estetik dəyər kəsb edir. Bu, yazıçı istedadının gücüdür ki, xalis tarixi bədiilikdəki güc ilə oxutdurur. Bu roman həm romandır, həm də tariximizin bir parçasıdır. Roman tariximizi xalqın tarixi yaşanışından təcrid edib saxtalaşdıranlara sillogistik yox, estetika ilə təchiz olunmuş məntiqi cavabdır.
   Və təbii, bədiiliyin öz payı var. Qadınların vaqifcəsinə təsviri verilir: «Sanki nağıllardan düşüb gəlmişdi. Gözləri piyalə, dişləri mərcan, dodaqları qönçəyə bənzəyirdi»; şah qadının fərasəti üçün belə təşbeh işlənir: «O, yavrularını və erkəyini qoruyan şirə bənzəyirdi»; bu, saray xanımının özbaşınalığının obrazıdır: «Qızılbaşlar şaha xəbər göndərdilər ki, onun saray madyanı əcnəbi kəhərlə səhərdən axşama kimi imsinir»; bu da kişi reaksiyasının ifadə olunması: «Əmirlər hamısı əllərini xəncərlərinin qəbzəsinə atdılar, qəzəblərindən pörtdülər və bığlarını çeynədilər»; bu da döyüş səhnəsindən bir psixoloji impuls: «At çaşdı, özünü ora-bura vursa da, qorçuların cərgəsini yara bilmədi, axırda hikkəsindən şahə qalxdı. Çünki ağası düşmənə təslim olmuşdu və atını qoruya bilməmişdi». Bütün bu ifadələr ədəbi dilimizin tarixən ən çox bədiilik xisləti ilə seçilən ənənəsi üzərində durur.
   Romanın tarixiliyini təmin edən keyfiyyətlərdən biri onun səhifələrində döyüş səhnələrinə geniş yer verilməsidir. Və həqiqətən dünya tarixçiliyində hər hansı xalqın tarixindən danışanda ön planda hökmdarların şəxsiyyəti, onların apardığı müharibələr dayanır. Hətta hökmdarın şəxsiyyətini qabartmaq üçün bəzən bu müharibələrin təsvirində təəssübə yol verilir - döyüşdə zəif çıxış edən, hətta uduzan tərəfin hökmdarını saray tarixçisi vəsf edir. Ancaq Elçinin təsvir etdiyi qalib döyüş səhnələri Şah Abbas dövrünün real Azərbaycan tarixidir. Şah Abbas param-parça Azərbaycan torpaqlarını birləşdirdi, əslində ən uzunömürlü mərkəzləşmiş Azərbaycan dövləti onun zamanında var olmuşdur. Dərin tarix biliyi və istedadlı yazıçı qələmi ilə Elçin ədəbiyyatımızda çox mükəmməl bir tarixi roman yaratdı. Romanda öz döyüş məharəti, hökmdar müdrikliyi ilə Şah Abbas əfsanəvi türk sərkərdələri Atillanın, Alp Ər Tonqanın, Əmir Teymurun layiqli xələfləri kimi canlandırılır. Ayrı-ayrı döyüş səhnələrinin, sərkərdə - xanların hərbçi davranışlarının təsvirində Dədə Qorqud boylarındakı qədim oğuz yürüşlərinin döyüş qüdrəti, vuruşlarındakı təntənə havası duyulur. Nəhayət, biz qəhrəmanlıq dastanlarımızda gördüyümüz, öyündüyümüz xalq qəhrəmanlığını, döyüşçü fədakarlığını, sərkərdə hünərini yazılı ədəbiyyatımızda gördük.
   Elçinin romanında dəyərli işlərdən biri budur ki, ayrı-ayrı Azərbaycan ailələrinin, xanlarının, varlılarının, kübarlarının dövlətçilikdə iştirakına gərəyincə yer verilir. Belə gerçək ailələrin, kübar tarixi şəxslərin nəzərə çatdırılmasını Elçinin hələ «Don Juan» romanında Oruc bəy Bayatın ədəbi-tarixi təsvirində görmüşdük. Bu nəsillərə, kübar ailələrinə, hətta seçmə ağıllı kasıb ailələrinə lazımi diqqətinə cavab kimi xalq arasında Şah Abbas haqqında haqsevər hökmdar timsalı olaraq xoş əfsanələr yayılmış və nəsillərdən nəsillərə ötürülərək gəlir.
   Şah Abbas obrazını yazıçı hərtərəfli verir. Əvvələn, Şah Abbas şahlığından, taxt-tacından kənarda bir insandır, övladdır, valideyndir; bir kübar ailənin yetirməsidir; o, şah olmadan da gen-bol güzəran sahibi ola bilərdi - çünki peşə sahibidir. Peşə sahibi olmaq şahı vətəndaş edir, şahı bir millətin üzvü olmağa, yəni ətrafını, zəhmətkeşi, əmək insanını duymağa gətirir. O, mahir bir canamaz toxucusudur, toxucu peşəsinə yiyələnib. Hətta belə olmayıbsa da, şahda bu əlaməti vermək ibrətli hadisədir. Və vaxtilə belə əfsanə yaratmaqla xalq öz düşüncəsində ədalətli, əməksevər şah obrazı yaradıb, gələcək hökmdarlara örnək göstərib.
   Elçin Şah Abbasın tarixi şəxsiyyət obrazının bünövrəsində bu əlaməti qoymaqla oxucusunun Şah Abbasa münasibətinin təməlinə sevgi daşı atmış olur. Və Şah Abbasa əsər boyu bəslənəcək rəğbət duyğusu bu bünövrənin üstündə ucalır.
   Əlbəttə, birinci növbədə, Şah Abbas şahdır və dövləti idarə etmək, ölkəni qurmaq, abadlaşdırmaq üçün şahlığın öz şahlıq sifətləri var. Şah Abbasın sifətlərindən biri budur: «Vergidən yayınan murdarların çığıltısına dözmək olar, məmləkətimizin kafirlərin əlində qalmasına yox. Vergi bizə savaş üçün gərəkdir. Boş xəzinəylə torpaqları geri qaytarmaq, babalarımızın ruhunu sevindirmək olmaz. Kim başından böyük qələt eləsə, tikəsini qulaqları boyda eləyin»; dövlətin nüfuzuna toxunan yerli hakimə: «Mən o it küçüyünün qulaqlarını kəsdirib özünə yedizdirəcəm»; «Şah Abbas ömrünün axırına kimi kəsdirdiyi başlardan böyük bir imarət ucalda bilərdi». Bu da Şah Abbasın başqa sifətidir: «Mehtərlər şahın atını döyüşə hazırlasalar da, qızılbaş hökmdarı ona minmədi və qoşunun başında Gilana piyada üz tutdu»; «- Səninlə razıyam, Hatəm xan, qızıl hər şey deməkdir. O, döyüşlərin anasıdır... Amma müqəddəs məzarlara dəymək olmaz. Qoy mənim və sarayın qızıl-gümüş qab-qacaqlarını əridib pul zərb eləsinlər, hərəmlərin də zinətlərini və cəvahirlərini alsınlar. Onları satıb mülazimlərə verərsən». Bu da Şah Abbasın sifətlərindəndir ki, insanları dinləyib qərar çıxarır.
   Romandakı Şah Abbas dəfələrlə təğyiri-libas olub, xalq arasında gəzir, məmləkətində insanların vəziyyətini və şaha münasibətini öyrənir, insanların bir-birinə «Şah Abbas muradını versin. Şah Abbas sənə qənim olsun» dua və qarğışlarını öz qulağı ilə eşidir; su quyuları qazdırır, vergiləri azaldır, ailələrə, bölgələrə yardımlar edir və s. humanist, ədalətli işlər görür. O biri tərəfdən də, bir dəfə xəyanətini gördüyü adamı bağışlamır, yuxarıdakı iqtibaslarda deyildiyi kimi, günahkarın iri tikəsini qulağı boyda elətdirir. Kimdir bu günahkarlar: xalqın, dövlətin düşmənləri! Yalnız camaatın başını sığallamaqla möhtəşəm dövlət qurmaq olmaz; millətin üzünə gülüb onu ac-yalavac qoymaq yox, sərt hərəkətlərlə hər kəsi günahına görə cəzalandırıb xalqa çörək vermək, torpağı qorumaq, mədəniyyəti yüksəltmək ən böyük ədalətdir. Əmir Teymur da bu ədalətin sahibi olub. Birinci Şah Abbas Azərbaycan tarixinin Əmir Teymurudur. Bu, qəddarlıq deyil, dövlət quruculuğudur. Hətta öz dövlətçiliyini ən demokratik quruluş sayan (əslində doğru, ya yalan öz yerində) Lenin idarəçilikdə demokratik mərkəziyyəti vacib bilirdi. Bu mərkəziyyət Şah Abbasda gördüyümüz həmin sərtlik və qəddarlıq idi. Məhz həmin «demokratik qəddarlıqla» Şah Abbas parça-tikə Azərbaycanı parça-parça, tikə-tikə bir yerə yığdı. Bu sərt və müdrik idarəçilik pozulduğu üçün Şah Abbasdan sonra, xanların başlı-başına buraxılması dövlətçiliyin xanlıqlar forması alması ilə nəticələndi və bu da nəhayət etibarilə Azərbaycanın öz stixiyası ilə ikiyə bölünməsinə və Şimal hissəsinin Rusiya tərəfindən asanlıqla udulmasına gətirdi.
   Elçin Hüseynbəyli ədəbiyyatımızda ən qüdrətli hökmdar, ən müdrik, tədbirli şah obrazı yaradıb. İftixarımız saydığımız Şah İsmayılın, ilk mərkəzləşmiş Azərbaycan dövlətinin müəllifi Şah Təhmasibin belə obrazı yaradılmayıb - hansı hökmdarasa «böyük, böyük», «ulu, ulu» deməklə iş bitmir. O deyilən, öyünülən hökmdarı obrazlaşdırmaq, sovet ədəbiyyatşünaslığında deyildiyi kimi, tipikləşdirmək, məsələn, Elçinin romanındakı Şah Abbas kimi ümumiləşdirmək gərəkdir. Təsəvvür edək ki, məsələn, professor Məhərrəm Qasımlının öz dərin tədqiqatı ilə elmdə yaratdığı şair Xətai İsmayıl obrazının müqabilində bədii ədəbiyyatımızda Şah İsmayıl obrazı hələ yaradılmayıb.
   «Şah Abbas» romanı kompozisiya sənətkarlığı ilə də mükəmməldir. «Gözünə gün düşür» hekayəsindəki kimi, burada əsər finalla başlanır. Bu quruluş romanın mütaliəsini düşündürücü edir. Proloq və epiloqlar da bir-birinin davamıdır - 1-ci epiloq 1-ci proloqu, 2-ci epiloq 2-cini tamamlayır. Proloqlar tarixin mühakiməsidir, epiloqlar bu mühakimənin müsbət, yəni obyektiv qiymətini verir. Bu mühakimə ilə yazıçı sovet dövrü tarixşünaslığının Şah Abbasa verdiyi cəzanı ləğv edir, Şah Abbas tarixinə xalq bəraəti verilir. Roman bədii yaradıcılığın elmi dəyər kəsb etməsinin gözəl nümunəsidir. Mən ədəbi dil tarixi fənninin tədrisində XVI-XVII əsrlərin tarixi-mədəni şəraitinə aid elmi ədəbiyyat siyahısında tələbələrimə Elçinin bu romanını da tövsiyə edirəm. Romanın dilində dil tarixi baxımından xeyli material var: dövlətçilik terminləri, dövrlə bağlı xeyli söz və ifadələr işlənmişdir. Romanın və ümumiyyətlə, Elçin Hüseynbəylinin bədii dili elmi tədqiqat üçün zəngin leksik, qrammatik və üslubi material verir.
   
   Məqalə ixtisarla dərc olunur.