Azərbaycan Turizm İnstitutunun (ATİ) turizm və hotelçilik ixtisasında ingilis və rus qruplarında təhsil alan I kurs tələbələri «Fairmont Baku» və «Kempinski Hotel Badamdar» hotellərində tanışlıq turunda olublar.
Tələbələr əvvəlcə «Fairmont Baku»la bağlı təqdimatı izləyiblər. Onlara hotel şəbəkəsinin əhatə coğrafiyası, iş prinsipləri, Azərbaycanda turizm sənayesinin hazırkı vəziyyəti və digər məlumatlar verilib. Müvafiq struktur rəhbərləri hotelin gələcək hədəfləri, komandadan tələbləri, planlaşdırılan təlimlərdən danışıblar.
«Fairmont Baku» hotelinin təşkil etdiyi 3 aylıq təcrübə imkanına maraq göstərən tələbələr CV-lərini səlahiyyətli şəxslərə təqdim ediblər. Onlar tur zamanı restoran və bar, həmçinin SPA, fitness kimi əlavə xidmət sahələri ilə də yaxından tanış olublar.
Sonda «Fairmont Baku»nun insan resursları şöbəsinin müdiri Fidan Hüseynova ATİ-nin tələbələri üçün bu formatda görüşlərin təşkilinə həmişə hazır olduqlarını vurğulayıb.
«Kempinski Hotel Badamdar»da təşkil olunan tanışlıq turunda da əvvəlcə bu mehmanxana şəbəkəsinin dünyanın müxtəlif ölkələrində fəaliyyətinə dair təqdimat nümayiş olunub. Sonra ön büro, housekeeping və iaşə şöbələrinin məsul əməkdaşları qonaqlara daha yüksək xidmət mədəniyyəti göstərmək üçün kollektiv və fərdi məsuliyyət tələblərindən söz açıblar. Hotelin təlim üzrə meneceri Nailə Hüseynova tələbələrin suallarını cavablandırıb.
Hər iki tanışlıq turu tələbələr üçün faydalı olub.


Fəxriyyə