Milli Kitabxananın dövri mətbuat arxivindən (23)

 

Azərbaycanda peşəkar sirk sənətinin yüz ildən çox tarixi var. İlk milli sirk truppası 1945-ci ildə yaradılmış, kollektivin “Azərbaycan toyu” adlı ilk proqramını bəstəkar Üzeyir Hacıbəyli hazırlamışdı. 1967-ci ildə Bakı Dövlət Sirkinin hazırkı binası (memarlar Ənvər İsmayılov, Faina Leontyeva) istifadəyə verilib. Orijinal memarlıq üslubu olan, imkanlarına görə keçmiş SSRİ-də ən müasir sirk binalarından sayılan tikili yarım əsrdən artıq istismardan sonra xeyli köhnəlib. Məlum olduğu kimi, Bakı Dövlət Sirki bir müddətdir zəruri texniki işlərlə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Bu işlər yekunlaşandan sonra sirk qapılarını yenidən tamaşaçıların üzünə açacaq.

Hələliksə, 54 il əvvəl bu günlərdə Bakı sirkinin yeni mövsümünün açılması barədə mətbu xronikadan seçməni diqqətinizə təqdim edirik. Seçmədə dövrün orfoqrafiyası saxlanılıb.

 

Sirk işıqlarını yandırdı

 

Avqustun 28-də sovet sirk səhnəsinin görkəmli ustalarından biri, RSFSR xalq artisti Yuri Nikulin və onun daimi yoldaşı, respublikanın əməkdar artisti Mixail Şuydin Bakı sirkində tamaşalara başlamışlar. Bakıda yeni sirk mövsümü bu istedadlı klounların qastrolları ilə açılmışdır.

Tamaşaçılar görkəmli gülüş ustalarının sirkdə çoxdan bəri klassik nömrə sayılan ağıllı klounadalarını, reprizlərini və bir çox başqa nömrələrini hərarətlə qarşılamışlar.

Sirkin müxtəlif janrlarında çıxış edən başqa artistlər də mövsümün birinci proqramında müvəffəqiyyət qazanmışlar. Məftil üzərində rəqs edən Roza Xusainovanın, kəndirbaz, Dağıstan MSSR əməkdar artisti Qurban Məcidovun, köhnə bakılılar sayılan RSFSR əməkdar artisti İnza Aqaronovanın və Georgi Aqaronovun orijinal nömrələrini, Uşakovların ikar oyunları truppasını tamaşaçılar alqışlarla qarşılamışlar.

Bakı sirkinin rejissoru Səyavuş Şəfiyev yeni mövsüm haqqında Azər.TA-nın müxbirinə demişdir:

– İndiki proqramdan əlavə bakılılar ən böyük sovet attraksionlarından birinə, Aleksandr Kornilovun rəhbərlik etdiyi “təlim almış fillər və rəqqasələr” attraksionuna baxacaqlar. Bu, çox təsirli səhnədir. Tamaşada solistlər sifəti ilə fillər çıxış edirlər.

Qarşıdakı mövsümün başlıca xüsusiyyəti bundan ibarətdir ki, qadınların çıxışına əsas yer verilir. Bakı manejində ilk dəfə olaraq məşhur “cəsarət kürəsi” attraksionu göstəriləcəkdir. Attraksionun adından göründüyü kimi, sirkin qübbəsi altında başgicəlləndirici motosikl yürüşü keçirən N.Mayatskaya, doğrudan da, çox cəsarətlidir. Bundan sonra bakılılar Zinaida Tarasovanın rəhbərliyi altında rəngarəng illüziya tamaşasına baxacaqlar. SSRİ xalq artisti İrina Buqrimovanın bir qrup təlim almış şirlə çıxışı da olacaqdır.

Sirk mövsümü bakılılara yaxşı tanış olan Ermənistan SSR əməkdar artisti Stepan İsaakyanın heyvanlarla attraksionu və qaraçıların sirk ansamblının çıxışı ilə başa çatacaqdır.

“Kommunist” qəzeti, 29 avqust 1970-ci il