Olaylar, faktlar (31 avqust – 4 sentyabr)

 

220 il əvvəl...

 

4 sentyabr 1804-cü ildə İrəvan xanlığının Qəmərli kəndi (indiki Ermənistanda Artşat qəsəbəsi) yaxınlığında Rusiya-İran müharibəsinin (1804–1813) növbəti döyüşü olub. Ruslar məğlub olaraq geri çəkiliblər. Bundan öncə Üçmüəzzin döyüşündə (27 iyul) də İran qoşunları qalib gəlmişdi. Bununla belə, Rusiya 1805-ci ildə müharibədə üstünlüyü ələ keçirdi, Şəki və Qarabağ xanlıqlarını özünə birləşdirdi.

 

198 il əvvəl...

 

3 sentyabr 1826-cı ildə Şəmkir ətrafında ikinci Rusiya-İran müharibəsinin (1826–1828) ilk döyüşü baş verib. Şahzadə Abbas Mirzənin başçılıq etdiyi İran qoşunları məğlubiyyətə uğrayıb.

 

195 il əvvəl...

 

2 sentyabr 1829-cu ildə Rusiya-Osmanlı müharibəsinin (1828–1829) yekunlarına dair Ədirnə müqaviləsi imzalanıb. Osmanlı dövləti Ahalsıx bölgəsinin (indiki Gürcüstanın Samtsxe-Cavaxeti regionu) bir hissəsini Rusiyaya güzəştə gedib və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalinin köçürülməsinə razılıq verib. Köçürülən ermənilər sonradan Tiflis, İrəvan və Naxçıvanda da yerləşdi.

 

105 il əvvəl...

 

1 sentyabr 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ölkədə ilk ali təhsil müəssisəsinin – Bakı Dövlət Universitetinin yaradılması barədə qərar qəbul edib.

 

85 il əvvəl...

 

1 sentyabr 1939-cu ildə faşist Almaniyası Polşaya hücum edib, İkinci Dünya müharibəsi başlayıb. Sentyabrın 3-də Britaniya və Fransa Almaniyaya müharibə elan etdi. 70-dən çox ölkənin faktiki iştirak etdiyi və 6 il sürən müharibədə ümumilikdə 62 milyon insan həlak oldu.

 

79 il əvvəl...

 

2 sentyabr 1945-ci ildə Yaponiyanın SSRİ və ABŞ qarşısında kapitulyasiyasından sonra İkinci Dünya müharibəsi rəsmən başa çatıb. ABŞ-nin “Missuri” gəmisində imzalanan kapitulyasiya haqqında akta əsasən, Yaponiyanın işğalı altında olmuş Koreya yarımadası 38-ci paralel üzrə ABŞ (cənub) və SSRİ (şimal) arasında bölünüb. Mancuriya Çinə, Kuril adaları SSRİ-yə verilib. ABŞ Yaponiya ərazisində hərbi baza saxlamaq hüququ əldə edib.

 

33 il əvvəl...

 

3 sentyabr 1991-ci ildə Naxçıvan Ali Məclisinin fövqəladə sessiyasında təşkilati məsələyə baxılıb. Deputatların yekdil qərarı ilə xalq deputatı Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçilib. Heydər Əliyev 1993-cü ilin iyununadək muxtar respublikaya rəhbərlik etdi.

 

31 il əvvəl...

 

31 avqust 1993-cü ildə Ermənistanın silahlı qüvvələri Azərbaycanın Qubadlı rayonunun mərkəzini və bir sıra kəndlərini işğal edib. Sonrakı günlərdə rayonun bütün ərazisi işğal olundu. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Qubadlı şəhəri (26 oktyabr) və rayonun 90-dan çox kəndi işğaldan azad edildi.

3 sentyabr 1993-cü ildə Milli Məclis Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə üzv olması barədə qərar qəbul edib. Azərbaycanın quruma qoşulması sentyabrın 24-də MDB-nin Moskva sammitində rəsmiləşdi.

Hazırladı: V.Orxan