Şirvan şəhər Mədəniyyət Mərkəzi və Aran klubunun birgə təşkilatçılığı ilə Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında “Mən və ətraf mühit” adlı ustad dərsi keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən, məktəblilərin asudə vaxtının səmərəli təşkili, təbiətin qorunması, yaşıl dünya – sağlam mühit devizinin gənc nəslə aşılanması məqsədi daşıyan tədbirdə yaradıcılıq dərnəyinin üzvləri iştirak ediblər.

Şirvan şəhər Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı Əlisəfa Azayevlə oxucuların görüşü təşkil edilib. Görüşdə yazıçının həyat və yaradıcılığı barədə danışılıb. Sonra Ə.Azayevin “Yeddi il sonra”, “Çin qızılgülü”, “Gecəyarı sui-qəsd”, “Kürdəmir şəhidləri”, “Sirli qətl”, “Gözlənilməz hadisə”, “Əsgər anası”, “Prokuror qızı” və digər əsərlərinin müzakirəsi aparılıb, müəllif oxucuların suallarını cavablandırıb.

***

Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində Qazax rayonunda anadan olmuş şair, publisist, tərcüməçi Davud Nəsibin (1942–2003) doğum günü münasibətilə “Kül altda köz qalar” başlığı altında tədbir keçirilib. Çıxış edənlər şairin həyat və yaradıcılığı haqqında məlumat veriblər. Muzeyin əməkdaşları və şagirdlər şairin şeirlərini söyləyiblər.

***

Tovuz rayon Mərkəzi Kitabxanası Tovuz  regional “ASAN Xidmət” mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş səyyar kitab sərgisi təşkil edib. Sərginin məqsədi oxucuları təbiətimizi və ekologiyamızı qorumağa, yaşıl dünya naminə həmrəy olmağa səsləməkdir. Sərgidə Azərbaycan təbiətinə, ekologiyanın müxtəlif sahələrinə dair nəşrlər nümayiş olunub.

***

Astara rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə Astara Gənclər evində gənclərə səyyar kitabxana xidməti göstərilib. Kitabxananın əməkdaşları gənclərə fonda daxil olmuş yeni kitablar haqqında məlumat veriblər.

Astara rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidləri – gizir İlkin Kazımov, əsgərlər Elkiyar Məmmədov və Əli Cəfərovun doğum günlərinə həsr olunmuş “Torpağı Vətən edən şəhidlər qəlblərdə əbədi yaşayırlar” mövzusunda tədbir keçirilib. Çıxışlarda şəhidlərin qısa həyatı və döyüş yolundan söz açılıb, fotoşəkilləri nümayiş etdirilib.

Astara Dövlət Rəsm Qalereyasının rəssamlıq dərnəyinin üzvü İbrahim Cəfərov (müəllim Firudin Quliyev) Belarusun paytaxtı Minskdə keçirilən “Uşaqlar planetdə dostluq edir” adlı müsabiqədə iştirak edib. Onlayn müsabiqəyə 27 ölkədən rəssamlar qatılıb. Dərnək üzvünün rəsmi diploma layiq görülüb, qalereyaya isə təşəkkür məktubu göndərilib.

***

Lerik Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı, rayon Mərkəzi Kitabxanasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə uşaqların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə “Səma altında səhifələr” adlı tədbir keçirilib.

N.Məmmədli