İsrailin Hayfa şəhərindəki Heçt muzeyində ziyarət zamanı bir uşaq 3500 il tarixi olduğu təxmin edilən Tunc dövrünə aid saxsı qabı sındırıb. Bildirilir ki, saxsı vaza muzeydə qoruyucu şüşə arxasında olmayıb.

Qeyd edilir ki, vaza eramızdan əvvəl 2200-1500-cü illərdə hazırlanıb, içində şərab və ya zeytun yağı tökmək üçün nəzərdə tutulub. Bu cür keramika nümunələrinə qazıntılar zamanı tez-tez rast gəlinir, lakin onların əksəriyyəti adətən qırıq vəziyyətdə tapılır. Muzeyin məlumatına görə, bu vaza “xüsusi tapıntı” olub.

Dördyaşlı uşağın atasının sözlərinə görə, onun oğlu içərisində nə olduğunu bilməklə maraqlandığı üçün bir az vazanı əyib.

Muzeyin nümayəndələri bildiriblər ki, bu bədbəxt hadisəyə görə uşaq və onun atası üçün hüquqi təqib olmayacaq. Muzey işçiləri sınmış vazanı bərpa edib sərgiyə qaytarmağa hazırlaşırlar.