Azərbaycanın musiqi sülaləsinin nümayəndəsi dirijor Murtuza Bülbül Rusiya və Türkmənistandan olan həmkarları ilə birlikdə MDB-nin Gənclər Simfonik Orkestri və Başqırdıstanın Dövlət Akademik Simfonik Orkestri ilə birgə konsertlə çıxış edəcək.
Konsert sentyabrın 17-də Başqırdıstanın (Rusiya Federasiyası) Ufa şəhərində, MDB ölkələri Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun layihəsi çərçivəsində təşkil olunacaq.
Azərbaycanlı dirijor Rusiyanın Xalq artisti Sergey Skripka, Dmitri Kryukov, Konstantin Naumenko, Rəsul Klıçov kimi dirijorlarla bir səhnəni bölüşəcək.
Murtuza Bülbül görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün nəvəsi, bəstəkar və müğənni, Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun oğludur.