Bu dəfə Qran-prini “Simurq” muğam ansamblı qazandı

 

Azərbaycanın “Simurq” muğam ansamblı 26-30 avqust tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının Qran-pri mükafatına layiq görülüb.

Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi, UNESCO, ICESCO və TÜRKSOY-un tərəfdaşlığı ilə gerçəkləşən builki festivalda 80-ə yaxın ölkə təmsil olunub.

Tanınmış xanəndə Mirələm Mirələmov və instrumental heyət – Zəki Vəliyev (tar), Elnur Mikayılov (kamança), Əməkdar artist Kamran Kərimov (nağara), İdris Hüseynov (ud) və Anar Vəlizadədən (balaban) ibarət “Simurq” muğam ansamblı möhtəşəm ifası ilə Azərbaycana üçüncü dəfə bu nüfuzlu festivalın baş mükafatını qazandırıb.

Ansambla festivalın heykəlciyini və Qran-prinin sertifikatını Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov və XIII “Şərq təranələri”nin beynəlxalq münsiflər heyətinin sədri Azərbaycanın Əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə təqdim ediblər. Qeyd edək ki, bu festivalın tarixində ilk dəfə Azərbaycan təmsilçisi beynəlxalq jürinin başçısı olub.

Sonra festivalın digər qalibləri də elan olunub. Türkmənistandan milli musiqi qrupu birinci yeri qazanıb. Qazaxıstanın “Atameken”, Özbəkistanın “Maqom band” musiqi qrupları və Özbəkistan Dövlət Simfonik Orkestrinin Milli klassik ansamblı II yerə layiq görülüb.

Monqolustandan solo ifaçı Batbayar Batnyam, Yaponiyadan milli musiqi qrupu, solo müğənni Maşu Kamazaki və Rusiyanın “Northern Choir” musiqi qrupu festivalın üçüncüsü olub.

Özbəkistan Dövlət Simfonik Orkestrinin solisti Toştemur Şükürullayev səhnə performansına görə TÜRKSOY-un xüsusi mükafatı ilə təltif edilib.

Bildirək ki, festivalın Qran-pri mükafatı simvolik heykəlcik və 10 000 ABŞ dollarıdır. 1-ci, 2-ci və 3-cü yerlər üçün müvafiq olaraq 10 000, 7000 və 6000 dollar pul mükafatı verilir.

Xatırladaq ki, 1997-ci ildə əsası qoyulan “Şərq təranələri” festivalı iki ildən bir keçirilir. Ölkəmizdən xanəndə Simarə İmanova ilk festivalda, tarzən Sahib Paşazadə isə XI festivalda (2017) Qran-pri mükafatına layiq görülüblər. Müxtəlif illərdə ölkəmizdən bir neçə musiqiçi də festivalın mükafatçısı olub.