Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin (1869–1932) anadan olmasının 155 illiyi qeyd olunur. O, ədəbiyyatımızın yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış, ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətlərdən biridir. Azərbaycançılıq məfkurəsi ədibin zəngin yaradıcılıq irsində dolğun şəkildə əksini tapıb. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaradıb.

Ana dilimizin saflığı uğrunda davamlı mübarizə aparan Cəlil Məmmədquluzadənin ərsəyə gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika örnəkləri dərin humanist məzmuna malik olub, özündə milli və bəşəri dəyərlərin vəhdətini ehtiva edir. XX əsrin əvvəlində Azərbaycan xalqının milli oyanışına, azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı Mirzə Cəlil dühasının məhsuludur. 

Azərbaycanda ilk satirik jurnal hesab edilən “Molla Nəsrəddin”in nəşri Mirzə Cəlil və tanınmış maarifçi, ictimai-siyasi xadim, publisist Ömər Faiq Nemanzadənin (1872–1937) adı ilə bağlıdır. Bu jurnal həmin dövrün bir sıra görkəmli ziyalı, ədib və şairlərini ətrafına toplamışdı. “Molla Nəsrəddin” jurnalı ictimai-siyasi və mədəni mühitin çatışmazlıqlarını sadə xalq dilində, düşündürücü, gülüş doğuran üslubda əks etdirirdi.

Həftədə bir dəfə Azərbaycan dilində çıxan bu jurnal bütün müsəlman dünyasında və Yaxın Şərqdə rəngli və şəkilli yeganə satirik nəşr idi. Hər nömrəsi 8 səhifədən ibarət olan jurnalda ictimai bəlaların tənqidinə və ifşasına, rəngli karikaturalara geniş yer verilirdi. Jurnalın ətrafına cəm olmuş yaradıcı qüvvələr cəmiyyətdəki problemləri açıb göstərməklə xalqın ictimai-siyasi şüurunu inkişaf etdirmək, onu dünyanın ən qabaqcıl və mədəni xalqları cərgəsinə qoşmaq istəyirdilər.

Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906–1918-ci illərdə Tiflisdə, 1920–1921-ci illərdə Təbrizdə, 1922–1931-ci illərdə isə Bakıda nəşr olunub. Jurnal 25 il ərzində 748 nüsxə nəşr edilib və 1931-ci ilə qədər fəaliyyət göstərib.

Azərbaycanın mətbuat və ədəbiyyat tarixində silinməz iz qoyan bu jurnalın arxivlərdə qorunan nüsxələrinin bərpası istiqamətində əhəmiyyətli işlər görülüb. 2016-cı ildə “Molla Nəsrəddin”in 48, 2018-ci ildə isə 72 nüsxəsi bərpa məqsədilə Mədəniyyət Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə daxil olub. Bərpa işinin məqsədi eksponatların məhv olunmasının qarşısını almaqdır. Amma qeyd edək ki, bərpa təkcə görkəmli mədəniyyət abidələrini qaytarmır, eyni zamanda müxtəlif sənət məktəblərinə və üslublarına xas olan bədii və texnoloji vasitələrin mahiyyətini hərtərəfli öyrənməyə, bu və ya digər əsərin nə vaxt və kim tərəfindən yaradıldığını müəyyənləşdirməyə, onun korlanmasının səbəblərini üzə çıxarmağa imkan verir.

Qrafik incəsənət əsərlərinin bərpası digər növ incəsənət əsərlərinin bərpasından mürəkkəbliyinə görə fərqlənir. Bərpaya qəbul olunan hər bir eksponatın zədələrinin qısa təsviri verildikdən dərhal sonra üzərində tədqiqat işi aparılır.

Elmi Bərpa Mərkəzi hər il yüzlərlə incəsənət əsərini, muzey eksponatını bərpa edib həyata qaytarır. “Molla Nəsrəddin” jurnalının nüsxələrinin bərpasında bu sətirlərin müəllifi bilavasitə iştirak edib. Mərkəzə daxil olarkən jurnal nüsxələrinin vərəqləri saralmışdı, bir çox səhifələrdə isə zədələr vardı.

İndi isə eksponatların üzərində bərpa proseslərinin aparılmasına nəzər yetirək.

Öncə dezinfeksiya və kimyəvi tədqiqat işləri həyata keçirilir. Sonrakı mərhələdə kağızların tərkibi öyrənilir, üzərindəki yazıların mürəkkəb və ya çap üsulu ilə yazıldığı müəyyən edildikdən sonra jurnalların hansı mühitdə (qələvi və yaxud turş mühit) saxlanıldığı öyrənilir. Nəşrlərin bərpası bir neçə mərhələdən keçir: eksponat mexaniki üsulla tozdan təmizlənir, rəng qatı bərkidilir, kağızın turşuluğu yoxlanılır və kimyəvi maddələrlə neytrallaşdırılır və kalium hidroksid məhlulu ilə ləkə aradan qaldırılır. Sonda isə neytrallaşma (su ilə yuyulma) həyata keçirilir. Vərəqlərdəki ləkələrin çıxarılması iki üsulla həyata keçirilir. Bu proses əsasən qeyri-üzvi maddələrlə aparılır. Nadir hallarda isə üzvi maddələrdən istifadə olunur. Burada yüksəkmolekullu maddələr lazımdır. Çünki bu, jurnal vərəqlərinin ömrünü uzadır. Bəzi hallarda isə qələvilərdən istifadə edilir.

Səhifədə itirilmiş hissə müəyyən olunduqdan sonra dublirə (alternativ əsas) və ya konservasiya işləri aparılır. Daha sonra eksponatın növünə uyğun kağız seçilir (kətan, oduncaq, sellüloz və yaxud əski növlü kağız) və ona müvafiq yapışqan hazırlanır. Yapışqanların da bir neçə növü var: kozeyin, balıq yapışqanı, un və kimyəvi tərkibli yapışqanlar.

“Molla Nəsrəddin” jurnalının bərpasında metil sellüloz yapışqanından istifadə olunub. Bu kimyəvi tərkibli yapışqanla vərəqin itirilmiş hissələri bərpa olunur, daha sonra isə vərəqin üzərinə kondensator adlanan kağız çəkilir. Vərəqlər filtrə kağızının arasında qurudulduqdan sonra yerli pres altında saxlanılır. Preslənmə bir neçə gün davam edir. Eksponatın bütün qopmuş səhifələri ayrılıqda bərpa olunduqdan sonra jurnal əvvəlki formasına salınır.

Preslənmə bitdikdən sonra optimal temperatur, təzyiq və rütubət təmin edilir. Bərpa olunmuş nümunələr bu şəraitdə muzeylərə, arxivlərə qaytarılana qədər saxlanılır.

“Molla Nəsrəddin” XXI əsrin insanını da ruhlandırmağa davam edir. Elmi Bərpa Mərkəzinin Qrafika şöbəsi bu dəyərli irsimizi bərpa edərək gələcək nəsillərə ötürür.

Pərvin Sadıqova
Elmi Bərpa Mərkəzinin əməkdaşı, kimyaçı-mühəndis