Namizədlər arasında azərbaycanlı aktrisa Məlahət Abbasova da var

 

Sentyabrın 9-da Türkiyənin Film-San Vəqfi 2023–2024-cü il mövsümündə kino və serial sektorunun uğurlu simalarını mükafatlandıracaq. Sənətçilər vəqf tərəfindən 49 il aradan sonra ilk dəfə təntənəli mərasimdə təltif ediləcəklər.

Mükafata namizədlər arasında qardaş ölkədə yaşayan və yaradıcılıq fəaliyyəti göstərən Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova da var.

O, belə nüfuzlu mükafata namizəd sənətçilər arasında yer almasının qürurverici və sevincli olduğunu bildirib. “Xəbəri eşidəndə inanılmaz dərəcədə sevindim. Bu cür mərasimdə Azərbaycanı qardaş ölkədə təmsil edən sənətçi kimi adımın hallanması mənim üçün sənətimə verilən gözəl qiymətdir. Namizədlər siyahısında Türkiyənin tanınmış sənət adamları var və belə bir mükafata namizəd olmaq çox qürurvericidir. Burada seçilib-seçilməmək o qədər də mühüm deyil. Əsas odur ki, Türkiyədə yayımlanan o qədər serial arasında ən yaxşı qadın aktrisalardan biri kimi diqqəti cəlb edə bilmişəm və bu rola görə məni namizəd seçiblər”.

Qeyd edək ki, Film-San kino-serial mükafatları ümumilikdə 32 kateqoriya üzrə veriləcək.

 Məlahət Abbasova “Kanal7”də yayımlanan “Əsarət” serialında canlandırdığı Afife Demirhanlı (Ana) obrazına görə “Ən yaxşı serial – ikinci dərəcəli qadın rolu” nominasiyasında mükafata namizəddir. Bu nominasiyada daha dörd serialdan oyunçular namizəd göstərilib: “Safir” (Nur Yazar); “Bahar” (Hatice Aslan); “Şahanə  həyatım” (Sumru Yavrucuk); “Qızıl qönçələr” (Hasna Güneş).

İstanbul Böyükşəhər Bələdiyyəsi Mədəniyyət İdarəsi və Beyoğlu Bələdiyyəsinin dəstəyi ilə keçiriləcək Film-San mükafatlandırma mərasimi ötən bir il ərzində Türkiyənin kino və serial sektorunda adları önə çıxan isimləri bir araya gətirəcək.

Mərasim üçün xüsusi yaradılan münsiflər heyəti tərəfindən hər kateqoriya üzrə beş namizəd elan edilib. Türkiyənin iki ustad sənətçisi Serdar Gökhan və Hülya Koçyiğit Film-San Vəqfinin “Şərəf mükafatı” ilə təltif olunacaqlar.