Dünyanın ən çox əcnəbi turist qəbul edən ölkəsi olan İspaniya bu il də birinciliyi əlində saxlamaq niyyətindədir.
İyul ayında ölkəyə gələn turistlərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 7,3 faiz artaraq 10,9 milyon nəfərə çatıb.
Bu, ölkəyə turist axınının statistikasının aparıldığı 1995-ci ildən bəri rekord göstəricidir.
İyulda İspaniyaya ən çox turist Böyük Britaniyadan gəlib: 2 milyon nəfər. İkinci yeri Fransadan (1,62 milyon), üçüncü yeri Almaniyadan (1,25 milyon) gələnlər tutub. Bir ay ərzində ölkəyə gələnlərin ümumi xərcləri 15,54 milyard avro və ya adambaşına orta hesabla 1432 avro təşkil edib.
2024-cü ilin yanvar-iyul aylarında İspaniyaya turist axını 12 faiz artaraq təxminən 53,4 milyon nəfərə çatıb. Bu həm də müvafiq dövr üçün rekord göstəricidir.