Sığorta hər bir insanın rahatlığının təminatıdır. Özəlliklə yad ölkəyə turist səfərinə gedən şəxs üçün sağlamlıq sığortası olduqca vacibdir. Təsadüfi deyil ki, turizm şirkətləri tərəfindən təqdim edilən paketlərin əsas bəndlərindən biri sığorta ilə bağlıdır.
Yay turizm mövsümü ərəfəsində «Atəşgah» sığorta şirkəti səyahət sığortasının onlayn satışına başlayıb. Bu üsulla sığortalanmaq üçün müştəri hesab.az portalında «Atəşgah» sığorta bölməsini seçərək, lazımi məlumatları daxil etməklə və ödəniş həyata keçirməklə səyahət sığortasını əldə edə bilər. Şirkətin biznesin inkişafı idarəsinin rəisi Emin Rzayevin sözlərinə görə, səyahətə hazırlaşan şəxsin sığortanı onlayn qaydada alması sərfəli və rahatdır. “Sığorta polisi” 24 saat ərzində pdf formatında istifadəçinin e-poçt ünvanına göndərilir. Müştəri bu yolla öz vaxtına qənaət etmiş olur. Ən əsası sığortanı çox qısa vaxtda - məsələn, sabah xaricə səyahətə gedəcəksə, bu gün ala bilər. Onlayn sifariş sistemi 24 saat işləyir.
Emin Rzayev deyir ki, səyahət sığortasının qiymətində fərqlər daha çox səfərin məqsədi ilə bağlı ola bilər. Məsələn, tarixi abidələri, muzeyləri görmək üçün səfərə gedənlərlə, ekstremal turizm və idman növləri ilə məşğul olmaq istəyənlərin risk dərəcəsi fərqlidir. İkincilərdə sığorta haqqı nisbətən yüksək olur.
Qeyd edək ki, xarici ölkələrdə insanlar səfərə çıxdıqları zaman bu məsələyə ciddi önəm verirlər. Azərbaycanda isə bu baxımdan vəziyyət turizm şirkətlərini qane etmir. “Millennium Tourism” şirkətinin direktoru Ruslan Quliyev deyir ki, bu istiqamətdə maarifləndirmə lazımi səviyyədə qurulmadığından, səfərə çıxan vətəndaşlarımız sığorta olunmağa o qədər də maraq göstərmirlər: “Halbuki «Sığorta polisi» hər bir turistin köməyidir. Səfər zamanı hər hansı xoşagəlməz hadisə və ya qəza baş verdiyi zaman turistin aldığı xəsarətin xərcini sığorta şirkəti ödəyir”.
Fəxriyyə Abdullayeva