Niderlandın Haaqa şəhərində ənənəvi “Səfirliklər Festivalı” keçirilib. Bu il 12-cisi  təşkil olunan festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak edib. Səfirliklərin stendlərində ölkələrin mədəniyyəti, milli mətbəxi və rəqsləri nümayiş olunub.

Azərbaycanın təqdimatı festival iştirakçılarının diqqətini cəlb edib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə köməyi və Xan Şuşinksi Fondunun təşkilatçılığı ilə festivalda xalqimızın milli mənəvi sərvəti olan və 2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilən muğam musiqisi təqdim olunub.

Xanəndə Nisbət Sədrayeva tarzən Rüstəm Müslümov və kamançaçı Əməkdar artist Toğrul Əsədullayevin müşayiəti ilə muğam dəsgahlarını ifa edib. Musiqiçilərimizin ifası festival ziyarətçiləri tərəfindən alqışlarla qarşılanıb.