Onun şeirləri yol kimidir, oxuduqca oxuyursan...
   Onun şeirləri bulud kimidir, nə vaxt hislərinə, duyğularına, ruhuna yağacağını bilmirsən...
   Onun şeirləri sarı çiçək kimidir, bir az qəmli, bir az kədərli və sevimli...

   
   Filologiya elmləri namizədi, zərif qələm sahibi Sona Vəliyevanın “Qanun” nəşriyyatında çapdan çıxmış “Arazbarı” kitabı poetik duyğularla dolu bir kitabdır. Vətən, torpaq, ayrılıq, kədər, ölüm, sevgi kitabda qəribə hislərlə bir-birini tamamlayır.
   Can dediyim qorxum imiş,
   Uçub gedən ruhum imiş,
   Ölüm solğun yuxu imiş,
   Oyanıram yarpaq-yarpaq.
   
   “Yarpaq-yarpaq”
   
   Sona Vəliyevanın poeziyası pıçıltılı poeziyadır. O, vətəni sevmək üçün gurultulu sözlər seçmir, bapbalaca bir çiçəyin sevgisini misal çəkir:
   Aman Allah, içimizdə
   bu torpağı sevməyə
   bir çiçək təpəri,
   çiçək sevdası
   bitir.
   
   “Sarı gözəl, sarı çiçək”
   
   Vətən həsrəti, Araz dərdi, Xudafərin nisgili “Arazbarı”da köz-köz cücərir. Kitabın ön söz müəllifi Xalq şairi Sabir Rüstəmxanlı yazır: “İnsanlığın köhnə dərdi... Təkcə keçmişdən yox, həyatdan ayrılmağa da məhkumuq. Lakin hər insan ömrü bir körpüdür. Və Sona xanımın fikrincə, ömrümüz Xudafərin körpüsünə dönəndə milli faciələr başlayır”.
   
   Hələ çox dərdimin dərmanı sirli,
   Hələ çox açarlar ağ div əlində.
   Bir xalqın taleyi uduzulan gün,
   Bağlı qapı oldu Xudafərin də.
   
   “Açaq qapıları...”
   
   Sona xanımın yaradıcılığında köhnə dərdlərimiz təzə dərdlərimizlə qol-boyun olur.
   
   Göyçə, Şuşa, Təbriz dərdi,
   Köhnəldikcə təzələndi.
   Sönüb külümdən közərdim,
   Odum boyumdan yuxarı -
   “Arazbarı”.
   
   “Arazbarı”
   
   İtirilmiş torpaqlarımız üçün Sona xanım bəzən özgəni yox, özümüzü - unutqanlığımızı günahkar sayır.
   
   İçimiz boşaldı torpaqdan öncə,
   Sonra can göründü Vətən yerinə.
   Öncə cansağlığı deyən kəslərin
   Torpağı bölündü bədən yerinə.
   
   “Öncə cansağlığı deyən kəslərə”
   
   Sabir Rüstəmxanlı “Arazbarı” barədə daha sonra yazır: “Kitabın ən gözəl və bəyəndiyim şeirlərindən olan “Sərçələrin yurd sevgisi” şeirində sanki bu mövzuya yekun vurulur. Narbənd ağacında sərçələr yuva qururlar:
   Yuva qururlar budaqda
   Səslə, küylə.
   Bu ata sərçə tərs,
   Ana sərçə ilə bəhsəbəs.
   Cik-cik,
   o yan alçaq,
   bu yan dik,
   sök, təzədən tik...
   ...bəzən bir sərçə yuvası
   önündə
   ölüm-dirim
   savaşı gedir.
   Cik-cik,
   bizimdi, biz tikmişik.
   Cik-cik, ölərik vermərik.
   
   “Sərçələrin yurd sevgisi”
   
   Bəs biz neylədik? Cənnət Qarabağımıza sahib çıxa bilmədik. Bunun nə qədər ağır dərd olduğunun fərqindəyikmi?
   
   Quşlar göz görə-görə
   yuva üstə, budaq üstə
   davaya çıxır.
   Biz adam olsaq da
   Quşlar kimi bacarmadıq.
   
   Sona Vəliyevanın dili rəvan, duyğuları axıcı olduğundan asanlıqla qəlbə yol tapır, yaddaşda kök salır.
   
   Bu dünya nağıl, əfsanə,
   Tövbəsiz könül viranə,
   Yollarıma xanə-xanə
   Yağış düşübdü-düşübdü.
   
   “Düşübdü”
   
   “Arazbarı” kitabındakı şeirlər arasında hər şeirin öz yeri var. Cəlil Məmmədquluzadənin dünyaca məşhur “Ölülər”indəki Kefli İsgəndər obrazına Sona Vəliyevanın zaman baxımından yeni münasibəti olduqca maraqlı və təsirlidir.
   
   Hamının məsləhət yeri
   Mirbağır ağa elmi atıb.
   Çindən mal gətirib,
   Ömrün-günün topdan satır.
   Pərnisə də
   hürriyyətin mənasını öyrənib
   “Evrovizyona” səsi çatmadığından
   Sponsoru onu
   “Toylar kraliçası”na göndərib.
   Bax,
   Köhnə, sağalmaz dərddir
   “Anlamaq dərdi”.
   Sən çox fikir eləmə,
   Bir də, bacın qurban,
   Ta içmə...
   
   “Əziz qardaşım Kefli İsgəndərə”   

   “Arazbarı” kitabı “Vətən deyib yola varan”, “Ruhum yollar ayrıcında”, “Ay Qaragilə”, “Mən Tanrının yol adamı” bölümlərindən ibarətdir. “Ruhum yollar ayrıcında” bölümündə Sona xanımın ruhu yaşadığı illəri qarış-qarış gəzib-dolaşır. Sevincli, fərəhli anları təkrar yaşayır. Üstünü xəzəl örtmüş xatirələri oyanır:
   
   Bir yüyənsiz köhləndir xatirələrim,
   Ata evim.
   Hər gecə yuxuma gələrsən,
   Ruhuma dinclik gətirərsən,
   Üstü dolu gilasıyla, tutuyla
   Gözümə, könlümə toxluq əkərsən.
   
   “Ata evi”
   
   “Salam, ata!” şeiri doğmalıq haqqında doğma bir şeirdir.
   
   Salam, ata, mənəm, gəlmişəm,
   Sən demişkən, sənin şəhərli balan...
   Amma elə deyil, vallah,
   Mən şəhərli olammadım.
   
   Sona xanımım “Çəhrayı rəngli dünyam” adlı ilk şeirlər kitabı 2007-ci ildə işıq üzü görüb. Birinci kitabında olduğu kimi, ikinci kitabında da səmimiyyəti, orijinal üslubu, maraqlı deyim tərzi ilə oxucuların qəlbinə yol tapıb.
   
   Kürüydüm, dəcəldim, ərköyün idim,
   Analı, nənəli dünyam var idi.
   Mənim oyuncağım böcəklər, quşlar,
   Mənim oyuncağım göy qurşağıydı.
   
   “Dünya gözlərimdə çəhrayı rəngdə”
   
   Təbiətin poeziyası ilə insan hislərinin harmoniyası Sona Vəliyevanın poeziyasında bir-birini tamamlayır.
   
   Bu leysan yağışı
   Mənə bənzəyir.
   Hönkürübsə, kiritmək çətin.
   Yağ, başına dönüm,
   Yu, bu şəhərin hisiylə birgə
   İçimizdəki laqeydliyi, kini.
   
   “Bu yağış mənə bənzəyir”
   
   Öz dünyası olan insanların qəlbində əslində fəsillərin sayı çoxdur.
   
   Yarpaqlar da saralıb
   Töküləcək qəhərdən.
   Yığıb xatirələri
   Gəl gedək bu şəhərdən.
   
   “Gəl gedək bu şəhərdən” insanın daxilindəki payız haqqında ən gözəl şeirlərdən birdir. Çünki bu şeirdə qəlbin necə üşüdüyünü gözlərinlə görürsən.
   
   Gəl gedək bu şəhərdən,
   Bu payız mənlik deyil.
   Ruhum saralan yarpaq,
   Ayrılıq əl eləyir.
   
   “Qərib payız” şeiri isə təbiətin payızıdır:
   
   Bu necə payızdı, bu necə, Allah,
   Budaqda saralan min ümid ölür.
   Yarpaq qırğınına azğın küləklər
   Bilmirsən ağlayır, bilmirsən gülür!
   
   “Gəl gedək bu şəhərdən” 

   Ayrılıq, həsrət və xəfif kədər, Sona xanımın az qala bütün şeirlərindən keçir. Elə bir kədər ki, bu kədər hər kəs üçün doğmadır:
   
   Boğaz boyu gedən gəmi,
   Yolun bilinməz, bilinməz.
   Arxanca bir gözəl ağlar,
   Göz yaşını kimsə silməz.
   
   “Boğaz boyu gedən gəmi”
   
   Və bir də Sona xanımın hər kəsin ruhunu oxşayan “Ay Qaragilə” həsrəti. Hər dəfə İlhamə xanımın qeyri-adi şövqlə və yüksək sənətkarlıqla oxuduğu bu mahnıya qulaq asanda varından yox olursan. Yüz illər boyunca ruhumuza su çiləyən, xalq mahnısı “Qaragilə”dən sonra “Ay Qaragilə” yazmaq çox çətindir. Sona xanım böyük ürək sahibi olduğunu “Ay Qaragilə” ilə sübut etdi.
   
   Bu əzab ruhuma doğma, müqəddəs,
   Ayrılıq günahsa, necə yuyaq bəs.
   Tökmə göz yaşını sel kimi əbəs,
   Günah səndə oldu, ay Qaragilə.
   

   “Ay Qaragilə”
   

   “Ay Qaragilə” min illərin eşqini təzələdi. Eşq və ayrılıq haqqında ən yaxşı mahnıya çevrildi.
   
   Gözündə alışan kədərə neynim,
   Mən hicran danışan qədərə neynim,
   Puç olan ömürə, hədərə neynim,
   Eşqin dastan oldu, ay Qaragilə.
   
   Ümumiyyətlə, Sona xanımın yaradıcılığında sevginin şəkli gerçək, duyğuları zərif, incə və təmənnasızdır.
   
   Köhnə görüş yerimiz,
   Tərk edilmiş yurd, ocaq,
   Xatirə düymə-düymə,
   Hönkürsəm açılacaq.
   
   “Köhnə görüş yeri”
   
    “Payızda durnalar köç edən zaman nənəm deyərdi ki, onlar Bağdada gedirlər. Durnalar ora getməyincə, adamlar ilan əlindən xurmaları yığa bilmirlərmiş”. Sona xanımın “Durnalar ümid aparır Bağdada” şeiri də orijinallığı ilə diqqəti cəlb edir.
   Ürəyim Bağdad günündə,
   Taleyiniz, ruziniz
   ilan əlində.
   Dözün, durnalar gəlincə,
   durnalar ümid gətirir uzaqdan,
   dözün,
   başınıza dönüm!
   Sona xanımın şeirləri çoxqatlıdır. Onların alt qatında qadın hissiyyatı - zərif qadın, həssas ana, qayğıkeş bacı və bütövlükdə dünyamız üçün narahat insanın çizgiləri olan insan gizlənir. Bəlkə ona görə də, onun şeirləri bu qədər qəlblərə yol tapır.
   İlk dəfə kitabın adı “Arazbarı” diqqətimi cəlb etdi, sonra kitabın içindəkilər. Yazdıqlarım isə “Arazbarı” barədə təəssüratlarımdır. “Arazbarı”nın davamını isə bir oxucu kimi gözləyirəm...
   
   Təranə Vahid