Sentyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində Türkiyənin “Lagom” simli kvartetinin konserti təqdim olundu.
Tanınmış musiqi qrupu ölkəmizə Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) dəvəti ilə gəlib.
Kvartetin Bakı səhnəsində ilk konsertinin tamaşaçıları arasında mədəniyyət nazirinin müavini Murad Hüseynov, nazirin müşaviri Cahangir Səlimxanov, Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə, tanınmış mədəniyyət xadimləri var idi.
Kvartetin iki üzvü – türkiyəli musiqiçilər Semih Tercan (viola) və Yaşar Köroğlu (violonçel), digər iki üzvü – soydaşımız, Türkiyənin Bilkənt Konservatoriyasının professoru Toğrul Qəniyevin tələbəsi olmuş Hüseynəli Hüseynəliyev (1-ci violin) və qırğızıstanlı ifaçı Aliya Okeevadır (2-ci violin).
Hüseynəli Hüseynəliyev tamaşaçıları salamlayaraq kvartet haqqında qısa məlumat verdi. Bildirdi ki, kvartetin repertuarında dünya musiqisinin məşhur nümunələri yer alır.
Gecədə kollektiv proqram üzrə F.Əlizadənin “Muğamsayağı”, tanınmış türk bəstəkarlar – Amerikada yaşayan Kamran İncenin “Curve” və Fazıl Sayın “Simli kvartet. Op. 29” əsərləri səsləndirdi.
H.Hüseynəliyev konsert boyunca proqramda yer alan əsərlər haqqında məlumatı tamaşaçılarla bölüşdü.
Musiqiçilər eyni zamanda kollektivi Bakıya dəvət etmiş professor Firəngiz Əlizadəyə təşəkkür olaraq bəstəkarın “Rəqs” əsərini ifa etdilər.
Bütün musiqi nömrələri alqışlarla qarşılandı.
Qeyd edək ki, türkcəyə İsveç dilindən keçən “lagom” sözü nə az-nə çox, tam miqdarında mənasını verir. Kvartet Bilkənt Universiteti Konservatoriyasından (Ankara) məzun olan gənc musiqiçilər tərəfindən təşkil olunub. Repertuarında dünya musiqisinin məşhur nümunələri yer alır. “Lagom” 2023-cü ildə Ankarada verdiyi konsertdə Firəngiz Əlizadənin “Muğamsayağı” əsərini ilk dəfə ifa edib.
Lalə