Olaylar, faktlar (14 – 17 sentyabr)
106 il əvvəl...
15 sentyabr 1918-ci ildə Nuru paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) hərbi qüvvələri – Qafqaz İslam Ordusu Bakı şəhərini “Sentrokaspi diktaturası” və daşnak tör-töküntülərindən təmizləyib. 1918-ci ilin aprel-iyul aylarında Bakı Şaumyanın başçılıq etdiyi “Bakı Kommunası”nın, avqustun 1-dən isə ingilislərin dəstəyi ilə qurulan eser-menşevik-daşnak (“Sentrokaspi”) hökumətinin nəzarətində idi. Qafqaz İslam Ordusunun Bakıya hücumu öncəsi ingilislər şəhəri tərk etmişdilər. Bakının azad olunması Azərbaycanın istiqlal tarixinin şanlı səhifəsi oldu.
17 sentyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üç ay fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda Cümhuriyyət hökumətinin milli, dini ayrı-seçkilik etmədən ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.
104 il əvvəl...
14 sentyabr 1920-ci ildə Cənubi Azərbaycan Milli Hökumətinin qurucusu Şeyx Məhəmməd Xiyabani Təbrizdə qətlə yetirilib. Xiyabaninin başçılığı ilə Təbriz üsyanı həmin ilin aprelində qələbə çalmış, iyunda Milli Hökumət qurulmuşdu. Sentyabrın 12-də irtica qüvvələrinin Təbrizə hücumu başlamışdı. Xiyabaninin qətli ilə Cənubi Azərbaycan türklərinin istiqlal mübarizəsinin daha bir səhifəsi qapandı.
85 il əvvəl...
17 sentyabr 1939-cu ildə sovet qoşunları Polşa sərhədini keçərək Qərbi Belarus və Qərbi Ukrayna torpaqları hesab edilən ərazilərin SSRİ-yə birləşdirilməsi üçün əməliyyata başlayıb. Bu barədə razılıq həmin il avqustun 23-də SSRİ ilə Almaniya arasında imzalanmış sazişdə (“Molotov-Ribbentrop paktı”) əldə olunmuşdu. SSRİ Polşanın şərqini, Almaniya isə qalan hissəsini işğal etdi.
64 il əvvəl...
14 sentyabr 1960-cı ildə Bağdadda keçirilən beynəlxalq konfransda Neft İxracatçısı Ölkələrin Təşkilatı – OPEC yaradılıb. Hazırda 13 ölkənin (İraq, İran, Venesuela, Qətər, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı və s.) daxil olduğu təşkilat dünyada neft istehsalının yarışına nəzarət edir. Mənzil-qərargahı Vyana (Avstriya) şəhərindədir.
46 il əvvəl...
17 sentyabr 1978-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Cimmi Karterin vasitəçiliyi ilə Misir-İsrail danışıqları sülh sazişi ilə yekunlaşıb. Prezident Ənvər Sədat və Baş nazir Menahem Beqinin imzaladığı sazişə əsasən, İsrail 1973-cü ildə işğal etdiyi Sinay yarımadasını azad edib. Fələstin məsələsi kənarda qaldığı üçün ərəb dövlətləri Misirin addımını satqınlıq kimi qiymətləndirdilər. 1981-ci ildə Ə.Sədat terror aktı nəticəsində öldürüldü.
35 il əvvəl...
16 sentyabr 1989-cu ildə Tbilisi-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunun ermənilər tərəfindən partladılması nəticəsində 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.
33 il əvvəl...
14 sentyabr 1991-ci ildə Bakıda Azərbaycan Kommunist Partiyasının (KP) fövqəladə 33-cü qurultayı keçirilib. Qurultay Azərbaycan KP-nin özünü buraxması haqqında qərar qəbul edib. Partiyanın əmlakı respublika və yerli hakimiyyət orqanlarına verilib. “Avqust qiyamı”nın (19-21 avqust – Moskvada “QKÇP” dövlət çevrilişi cəhdi) iflasından sonra SSRİ-də kommunist hakimiyyətinə faktiki olaraq son qoyulmuşdu.
20 il əvvəl...
15 sentyabr 2004-cü ildə Azərbaycanda dərs ili ilk dəfə yeni tarixdə başlayıb. Ondan öncə dərs ili 1 sentyabrda başlayırdı. Prezident İlham Əliyevin müvafiq fərmanı (21 avqust 2004-cü il) ilə 15 sentyabr – “Bilik günü” elan edilib.
Hazırladı: V.Orxan