Əjdər Zeynalov: “Tarı köklə, qoy bir tərəfə. İfa olunmasa, öz-özünə kökdən düşəcək. Aktyor da elədir”
İnsan gənc yaşda radikal, orta yaşda liberal, yaşlılıqda isə mühafizəkar olur. Gənc yaşda ona görə radikal olur ki, gəncliyin keçmişi yox, amma önündə böyük bir gələcək var, onu əldə etmək istəyir. Orta yaşda isə həm yaşanmış keçmişi, həm də gələcək ümidi var, ona görə liberaldır. Yaşlılıqda isə gələcəyi yox, ancaq keçmişi var, onu qorumaq üçün mühafizəkar olmağa məcburdur...
Əcnəbi filosoflardan birinin rastıma çıxan fikridir. Bizim də bir atalar sözü var. Deyir, dərdli deyingən olar. Biz də bu misalı rəhbər tutaraq səhnədə, ekranda, elə söhbətdə də maraqlı aktyor və insan Əjdər Zeynalovla qovğalarda keçən ömrün 60-cı pilləsində həmsöhbət olduq.
– Əjdər müəllim, necəsiniz?
– Çox sağ olun dəvətinizə görə. Nəhayət ki, məni də yada saldınız (gülür).
– Sizə kim dedi ki, unutmuşuq? Biz heç kimi unutmuruq.
– Demək gözlədiniz ki, yaşlanım, 60 yaşım tamam olsun, sonra danışaq (gülürük).
– Altmışı da elə intonasiya ilə deyirsiniz ki, elə bil qocalıb əldən düşmüsünüz. Belə də, lap tutaq ki, qocalıq da çatıb.
– Məşhur tamaşada necə deyirdi? Hə, nolsun?
– İltifat edim, keçək əsas məsələyə: əslində, sizə 60 yaş vermək olmur.
– Elə mənə də bu lazım idi də (gülür).
– Ömür yaşınızın 60-na çatmısınız. Bəs sənətdə qovğanın neçəsindəsiniz?
– O hələ də davam edir. Bilmirəm, sənət deyəndə hansı istiqaməti nəzərdə tutursunuz. Amma kinoda, serialda, qısacası, efirlə bağlı hər şey qaydasındadır. Amma teatrdan uzun müddət haqsızlıq ucbatından uzaq qalmışam. 6 il 3 ay. Bilirsiniz, bu nədir? Aktyor üçün faciə!...
– Sizin yaradıcılıq yolunuz tarixi elimizdən – Qərbi Azərbaycandakı qədim Uluxanlı mahalından başlayıb. Bəlkə bir az keçmişə qayıdaq?
– Bizim Qaraqışlaq kəndi İrəvana yaxın idi, təxmini 6 kilometr aramız vardı. Kənddə mədəniyyət evi vardı. Ona teatra ziyadə bağlı Əli müəllim rəhbərlik edirdi. Vaxtaşırı, heç olmasa, ayda bir dəfə kəndin camaatından təşkil olunmuş həvəskarlarla birgə konsertlər, tamaşalar verilirdi. O zaman bir telekanal (Mərkəzi televiziya) vardı. Yerli erməni kanalına isə camaat baxmırdı. Yəni məlumat, əyləncə imkanlarımız çox qısıq idi. Kənd insanlarının kollektiv əyləncəsi məhz belə tədbirlər idi. Mən də uşaqlıqdan dərnək üzvü kimi tədbirlərdə, tamaşa və konsertlərdə fəal iştirak edirdim.
Yadımdadır, 9-cu sinifdə oxuduğum zamanlar idi. Dərnəyə Xalq teatrı statusu verildi. Bu elə çətinliklə başa gəldi ki, təsəvvür edə bilməzsiniz. Rəhmətlik Əli müəllim bu statusu sanki ermənilərin əlindən cırmaqlaşa-cırmaqlaşa aldı. Mədəniyyət evi tərkibindəki Xalq teatrı fəaliyyətini daha da genişləndirməyə başladı. Həvəskarların iştirakı ilə İsi Məlikzadənin “Gəl, qohum olaq” komediyası hazırlandı. Onu İrəvan Dövlət Azərbaycan Dram Teatrından gələn rejissor hazırlamışdı. Baş rollardan Ədaləti mən oynadım. Tamaşa çox bəyənildi. Teatrdan tamaşaya baxmaq üçün xeyli adam gəlmişdi. Elə oradaca məni teatra dəvət elədilər.
– Beləcə, Ədalətlə başlanan, sonradan ədalətsizliklərlə yüklü bir sənət yoluna düşdünüz...
– Özü də necə... Əslində, mənə o teatra getmək təklif olunanda çox sevindim. Amma sonra xeyli narahat oldum. Çox kasıb idik. Ailədə altı qardaş, bir bacı idik. Məndən böyüklər evlənib ailə-uşağa qarışmışdılar. Valideynlərimə baxmaq mənim borcum idi. Yaşlı, xəstə ata-anam vardı. Bakıya gəlmək, İncəsənət İnstitutunda oxumaq kimi bir arzumu onlara görə, tək qalmasınlar deyə ürəyimdə saxlamağa vadar oldum. Sözün qısası, İrəvan teatrında işləmək təklifini qəbul etdim. Gedən kimi də ştata götürdülər. Teatrın direktoru Hidayət Orucov idi. O, çox uzaqgörən adam idi. Teatrın savadlı kadrlara ehtiyacı var deyib, mənimlə birgə daha 6 gəncə Bakıya gedib ali təhsil almaq təklifi etdi.
Burada bir haşiyə çıxım ki, zəngin tarixi olan İrəvan teatrında çox yaxşı sənət mühiti vardı. 60-cı illərin sonlarında teatrın fəaliyyəti bərpa olunduqda Bakıdan böyük bir qrup ora gəlmişdi. Sonradan bir ismi qayıtsa da, teatr fədailəri, Xalq artistləri Vidadi Əliyev, Elmira İsmayılova orada qalaraq sonadək teatrı yaşatdılar. 1989-cu ildə, azərbaycanlıların Ermənistandan deportasiyasından sonra, teatrın burada fəaliyyətinin bərpa olunmasında da Vidadi müəllimin, Elmira xanımın çox böyük rolu oldu. Mən də onların yanında cavan bir aktyor kimi əlimdən gələni etdim. Yəni demək istəyirəm ki, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaşamasında rolumuz, əməyimiz böyük olub.
– İrəvandan Bakıya oxumağa gələn o yeddi gəncin axırı necə oldu?
– Hə, onu deyirdim axı, fikrim dağıldı. Biri rejissor olmaqla hamımız sənət təhsili üzrə oxumağa başladıq. Amma həyat elə gətirdi ki, sonra içlərindən yalnız mən teatrda, sənətdə qaldım.
– Yəqin indi onları qınamırsınız...
– Elədir. Artıq onlara haqq da qazandırıram. Bilirsiniz ki, o dövrdə də bu sənətdə pul yox idi. Quru maaşla yaşamaq isə zülm. İndi yenə serial, film, dublyaj var. Onda bircə quru maaşa baxırdı gənclər. Amma heç cür qopa bilmədim sənətdən. Nə edim? Bu da mənim taleyimdir.
– Qayıdaq yenə ora – İrəvana. Təhsil aldınız və qayıdanda artıq hər şey başqa idi.
– Heç qayıda bildim ki?!. 1982-ci ildə qəbul olunduq və o zaman çıxan qərara əsasən, yaşı çatan hər kəs kimi mən də həqiqi hərbi xidmətə gedərək təhsilimi yarımçıq qoymalı oldum. 1985-ci ildə 2-ci kursdan təhsilimi davam etdirdim və 1988-ci ildə bitirdim. Hamının diplomu verildi, məndən başqa. Mən də qayıtmaq, doğma teatrda çalışmaq üçün tələsirəm. Amma uzanırdı hər şey. Mədəniyyət Nazirliyinə getdim. Dinlədilər, izah elədilər ki, çətindir vəziyyət, bir az gözlə, təyinatını ora almağa çalışarıq. Bir neçə aydan sonra gedəndə deyildi ki, artıq İrəvan teatrı bağlanıb, aktyorlar da pərən-pərən düşüb. Çox pis olmuşdum. Maddi və mənəvi qayğılar böhranında bağrım yarılırdı. Sözsüz ki, bütün İrəvan teatrının təəssübkeşləri kimi. Az vaxtdan sonra Vidadi müəllim, Elmira xanım və bu işdə bizə böyük kömək edən rəhmətlik Həsənağa Turabovun dəstəyi ilə 1989-cu ildə İrəvan teatrı Akademik Milli Dram Teatrının nəzdində teatr-studiya kimi fəaliyyətə başladı. Sonra teatrın statusu da bərpa olundu. Beləcə, mənim dəyişməz ünvanım İrəvan teatrı oldu. Uzun müddət burada çalışdım. Ta şərlənib uzaqlaşdırıldığım günədək. Amma mən inanıram, ümid edirəm ki, yenə ora, o yurd-yuvama çevrilən teatra qayıdacağam.
– Maraqlıdır, oradan bir qisim aktyor – xüsusən də Qərbi Azərbaycandan olan sənət insanları uzaqlaşdılar. Səbəb nədir?
– Bunun yeganə səbəbi idarəetmədir. Uzun söhbətdir.
– Biz qısa yolu sınayaq və söhbətin məcrasını sizə doğru dəyişək...
– Siz deyən olsun. Amma məqamı gəldi, deyim, yaddaşlarda bir də belə qalsın. Adətən qalmaqallar səhnə, sənət adamları ətrafında yaranır. Bizdə isə əksinə olub. Əslində, çox söz deyə bilərəm və demişəm də. Amma, deyəsən, bir az yorulmuşam...
Bir də, elə bilirsiniz, başqa teatrlara getmək imkanım olmayıb. Hələ o teatrda çalışanda məni üç dəfə Akademik Milli Dram Teatrına dəvət ediblər. Uzun müddət o teatrda müqavilə ilə müxtəlif tamaşalarda oynamışam. Orada son rolum da Elçinin “Sənətkarın taleyi” əsərində olub. 3-4 il orada çalışdım. Amma daimi işi istəmədim, İrəvan teatrını qoyub gedə bilmədim.
– İndi peşmansınız?
– Bilmirəm. Baxmayaraq ki, o teatrda potensiala uyğun imkanlar da çoxdur. Ən azı maddi təminat, fəxri ad almaq imkanı və s. Amma yox dedim. Səbəb də yenə İrəvan teatrı oldu. Peşəkar aktyorlar getsə, o məhv olar deyib, ən azı özümə cavabdeh şəxs olaraq qaldım. Axı hamımız getsəydik, o teatr dərnək səviyyəsində qalardı...
– Sizi anlayıram. Təəssübünüz və bundan irəli gələn gileyiniz anlaşılandır. Amma başqa bir məqam da maraqlıdır: niyə yalnız siz? Niyə sizi narahat edən məqamlar sənət yoldaşlarınıza təsir etmədi?
– Haqlısınız, tək qaldım. Yəqin lazım deyiləmmiş... Vicdanım qarşısında cavab verəcəm deyə, bir də burada deyim ki, mənim orada kimisə yıxmaq, ayağının altını qazmaq, rəhbər olmaq kimi bir istəyim heç vaxt olmayıb. Mənim and, inam, ümid yerim səhnədir, vəssalam! İşdə ola-ola işə gəlməmək barədə haqqımda verilən əmri divardan oxuyan aktyor kimi son rolumu o an oynadım və getdim. Mən qanunlara riayət edən insanam. Heç vaxt hansısa fərdə görə hamıdan küsmürəm, küsə də bilmərəm.
– Bu ildən Sumqayıt Dövlət Dram Teatrında çalışırsınız. Amma bu qədər illər ərzində niyə dayandınız?
– Düz üç il doğma teatra qayıtmaq üçün mübarizə apardım... Bu ilin yanvar ayından Sumqayıt teatrındayam. Amma, sözsüz ki, doğma teatrıma nə vaxtsa qayıtmaq ümidi, əzmi ilə. Sumqayıt teatrının çox yaxşı aktyor truppası, rejissor heyəti və yaradıcılığıma dəyər verən direktoru var. İnanıram ki, bu səhnədə maraqlı işlərim olacaq. Heyətin çoxunu tanıyıram. Xüsusən də baş rejissorumuz, Xalq artisti, tələbə dostum Firudin Məhərrəmov aktyor potensialımı bilir.
– Kino, serial sahəsində ən çox tələb olunan aktyorlardansınız və bu illər ərzində, demək olar ki, işsiz qalmamısınız...
– Teatrda işləməsən kökdən düşürsən. Tarı köklə, qoy bir tərəfə. İfa olunmasa, öz-özünə kökdən düşəcək. Aktyor da elədir. Bütün vərdişləri səhnədə formalaşır. Mənim üçün səhnə məbəddir.
– Özünüzü ifadədə hansı tipaj, janr sizə daha yaxın olur?
– Teatrda, demək olar ki, ancaq dramatik əsərlərdə, müsbət qəhrəmanları, baş rolları oynamışam. Amma kino sahəsində daha çox mənfi. Hərdən öz-özümə sual verirəm, hətta rejissorlardan da soruşuram ki, niyə məhz mənfi? Axı tamaşaçı məni söyür (gülür). Amma onu da bilirəm və peşəkarlardan eşidirəm ki, mənfi rollarıma rəğmən tamaşaçı qəbul edir, sevir. Onu da bilirəm ki, mənfi rol aktyorun bütün potensialını işə salır və onun sənət imkanlarını bərabər paylamağa imkan yaradır. Müsbət rol oynamaq elə də çətin deyil. Mənfi tipajda isə obrazın xarakterinə varmaq, onun hisslərini, vəziyyətini, bəraətini tamaşaçıya ötürmək lazımdır.
– Sizinlə bir zamanda sənətdə olanların adının önündə fərqli titullar var. Yəqin bu kimi məsələlər sizi də incidir.
– Düzü əvvəllər, daha çox cavan olanda belə şeylərə elə də fikir vermirdim. Amma son illər yaşadıqlarım mənə ciddi dərslər verdi və anladım ki, o adlar, o təqdimatlar çox vacibdir. İstedadım, rollarım, yəqin ki, zaman gələcək, öz dəyərini alacaq.
– Sizin üçün rol seçmək bir imkandır, yoxsa fürsət?
– İrəvan teatrında, demək olar ki, heç vaxt roldan imtina etməmişəm. Oynamaq, səhnədə olmaq üçün. Kinoda, serialda isə artıq seçirəm. Ssenariyə, rola, iş müddətinə baxıram. Amma onu da deyim ki, nə yaxşı ki, az da olsa, kino, seriallar var. Yoxsa adam özünüifadə üçün meydan tapmasa, dəli olar. Bu da aktyorun faciəsidir.
– Bəzi seriallardakı məişət mövzusunun aşağı səviyyədə ifadəsi, sözsüz ki, seçim diktə edir. Bilmirəm, bu, sizdə necə alınır?
– Haqlısınız. Amma roldan tez-tez imtina da edə bilmirsən. Düzdür, bəzən elə ssenari var ki, yox deməyə vadar olursan. Amma ailə, qayğılar, maddi tələbatlar adamı çox çətin seçim qarşısında qoyur bəzən. Mən də bu çətinlikləri yaşamışam. Amma onda da, elə indi də ən çox çəkilən aktyorlardanam. Demirəm ki, ehtiyacım yoxdur və ya olmayıb. Amma məcbur hiss etdiyim anda belə yenə də sənət prinsiplərimə uyğun olaraq işləyirəm. İndi, şükür, artıq uşaqlar da böyüyüb, məişət qayğılarım da ağır deyil. Qızım artıq təhsilini bitirib, işləyir. Oğlum Polşada magistr təhsilini davam etdirir, eyni zamanda böyük bir şirkətdə çalışır, bizə kömək edir.
– Səhnədə sizi son olaraq tələbə rejissorun “Qoca kloun tələb olunur” tamaşasında gördüm. O əsər əksər teatrlarımızda qoyulub. Sözsüz ki, hər biri də başqa kədər yüklü.
– Hə, mən daim gənclərə, istedadlı yeni nəslə inanıram və həmin gəncin təklifinə də sevərək hə dedim.
– Onda bir az da sənət müəllimlərinizi xatırlayaq. Adətən tələbənin taleyi müəlliminə bənzəyir deyirlər...
– Heç bu barədə düşünməmişdim, doğru sözmüş... Birinci kursda bizə gözəl müəllim və insan, bənzərsiz pedaqoq Nəsir Sadıqzadə dərs dedi. Sonra Böyükağa Kazımov və Məhəmməd Verdiyev. Gözəl, qayğısız, coşqun illər idi. Yaxşı mühit vardı.
– Tənqidə münasibətiniz necədir? Bizim sənət mühitində tənqidə bir dözümsüzlük var.
– Başqalarını bilmirəm, amma mən tənqidə çox açığam. Çünki tutarlı, qərəzsiz, peşəkar tənqid tərəqqinin açarıdır. Amma ümumən niyə dözümsüzlük var, onu bilmirəm. Yəqin hesab edirlər ki, tənqid çox olarsa, müəyyən məqamlarda fəxri titullar uzaq düşər (gülür).
– Aktyor tərcümeyi-halınıza nəzər salsaq, İrəvan teatrında hansı rolunuz daha çox müzakirə olunub, səs-küyə səbəb olub?
– Yenə aşığın yanan yerindən dediniz. Maneələr, aylarla məşqdən sonra bircə dəfə oynanılan, sonra arxivə atılan, yaxud kompozisiyalar, özfəaliyyət səviyyəli tamaşalarla necə yaddaqalan rol oynayıb, müzakirə obyekti olmaq olar ki? Bax, sənət söhbəti edəndə də dərd-azad gedib çıxır eyni nöqtəyə. Bir neçə il əvvəl Oruc Qurbanov teatrımızda M.F.Axundzadənin “Mürafiə vəkilləri” əsərini hazırlamışdı. Tamaşada Mərdanı oynayırdım. Maraqla qarşılandı, belə bir səpkidə rolumu görmədiklərini dedilər. Peşəkarlardan xeyli xoş fikir aldım.
– O zaman yeni mövsümdə yeni rolları bir də Sumqayıt səhnəsindən görək.
– Nə deyirəm ki, görək (gülür).
Söhbətləşdi: Həmidə Nizamiqızı