Osman Sarıvəlli “Hər kim yüz il yaşamasa, günah onun özündədir” - desə də, yüz il yaşamaq özünə də qismət olmadı. Ancaq zəngin yaradıcılığı yüz illər boyu Osman Sarıvəllini yaşadacaq və onu unudulmağa qoymayacaq.
   
   “Anam Tükəzbanın bayatıları... Mənim şairlik duyğum o bayatılardan başlayır. Anam şair ürəkli bir qadın idi. Cəhrə əyirəndə, gəbə toxuyanda bayatı çağırardı:
   Ağacın göyü dərdin alem,
   Dibini söyü dərdin alem.
   Gözümü sənə dikmişəm,
   Tezcə böyü dərdin alem”.

   
   Bu bayatılardan ilham ala-ala Osman böyük bir yola - söz yoluna, poeziya yoluna çıxdı. Elinin-obasının, kəndinin-kəsəyinin bənzərsiz abı-havasını, çiçəyini, gülünü, dağlarının saflığını, ana dilimizin bal kimi şirinliyini ədəbiyyatımıza gətirdi. Bir şair kimi onu başqalarından fərqləndirən də elə bu orijinal üslubu, özünəməxsus yaradıcılığı oldu.
   
   Yetim uşaq kimi kimsəsiz qalıb,
   Yamacı dağların, yalı dağların,
   - misralarını yazanda Osman Sarıvəllinin 21 yaşı vardı.
   
   Ələmdən, kədərdən qaça bilmədim,
   Ciyərim həsrətlə alışdı, yandı,
   Könlümü kimsəyə aça bilmədim,
   Cırıq paltarımdan eşqim utandı,
   
   - etirafı da ədəbiyyata yeni bir nəfəsin gəldiyindən xəbər verirdi.
   “Osman xalqımızın, el-obamızın böyük idrak və qəlb xəzinəsinə hamıdan yaxşı bələddir. Onun şeirlərində xalqımızın sevinc-fərəhindən doğan ali fikirlər, uca xəyallar və çox nəcib duyğuların unudulmaz tərənnümünü görürük”, - deyən XX əsr Azərbaycan poeziyasının günəşi Səməd Vurğun dostunun uğuruna belə sevinirdi:
   
   Şirin dilin, şirin ləhcən
   Yurdumuzun öz səsidi.
   Rübabını çalanda sən,
   Dindi dağ da, göy çəmən də
   Bu Osmanın nəfəsidi,
   Yurdumuzun öz səsidi.
   Həyat tarixçəsindən
   
   Osman Abdulla oğlu Qurbanov 1905-ci ildə Qazax qəzasının İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Qazax Pedaqoji Seminariyasını bitirib. 1926-1929-cu illərdə Göyçayın Qaraməryəm və Bığır kəndlərində müəllim işləyib. Ədəbiyyata “Yaz açıldı” şeiri ilə qədəm qoyub. 1926-cı ildə “Ayaqsıza” şeiri Mikayıl Müşfiqin redaktəsi ilə “Gənc işçi” qəzetində çap olunub. 1929-1932-ci illərdə Moskva Dövlət Universitetinin filologiya fakültəsində oxuyub.
   Sonralar Osman Sarıvəlli yazırdı: “Moskvadakı təhsil illəri mənim həyatımda yeni bir mərhələnin başlanğıcı oldu. Orda klassik və müasir rus poeziyası ilə ətraflı tanış oldum. Rus dili vasitəsi ilə dünya ədəbiyyatının ən maraqlı nümunələrini öyrəndim”.
   
   İlham bulaqları quruyacaqdır,
   Hər kimin deyilsə mayası eldən,
   - deyən Osman Sarıvəlli poeziyasında elə, torpağa bağlılıq hər misrada hiss olunur. Bu baxımdan onun 1943-cü ildə qələmə aldığı “Gətir oğlum, gətir” poeması o dövrdə böyük əks-səda doğurur. Xalq mənəviyyatının aynası hesab olunan bu əsər fəlsəfi lirikanın əsl nümunəsi kimi dəyərləndirilir.
   Mirvarid Dilbazi yazırdı: “Osman Sarıvəlli çörəksiz yaşayıb, məsləksiz yaşaya bilməyən sənətkarlardandır”.
   Onun şeirləri süjetli, vətənpərvərlik lirikası nümunələri hesab olunur. Eyni zamanda o, şair-filosofdur. İnsan, həyat, ölüm onun şeirlərində önəmli bir yer tutur.
   
   Ömür yolundan
   
   Osman Sarıvəlli 1932-1937-ci illərdə Bakıdakı Beynəlxalq Pedaqoji texnikumun direktoru, 1936-1941-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında poeziya bölməsinin rəhbəri olub.
   1941-1945-ci illərdə “Ədəbiyyat” qəzetinin baş redaktoru işləyir. 1945-1950-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda müdir müavini, xalq yaradıcılığı şöbəsinin müdiri vəzifələrində çalışır.
   “Ömrün keçən günləri”, “Sabahı yaradanlar”, “Hər kim yüz il yaşamasa”, “Mən sabaha gedirəm”, “Kür qırağında”, “Bizim babalar, bizim nəvələr” və onlarca kitabları əl-əl əzib dolaşır. 1977-ci ildə Osman Sarıvəlliyə Xalq şairi fəxri adı verilir.
   Bəxtiyar Vahabzadə şair dostu barədə belə deyirdi: “Xalq şairimiz Osman Sarıvəllinin poeziyasının öz dadı-duzu, öz rəngi, öz ahəngi var. Bir sözlə, Sarıvəlli poeziyası başdan-başa işıqlı bir poeziyadır”.
   Osman Sarıvəllinin şair taleyi heç də asan olmamış, ömrünün müxtəlif anlarında haqsızlıqlara, təqiblərə məruz qalmışdır. Belə ki, sovet rejiminin qanlı illəri onun da həyatından yan keçmir. Qazax NKVD-nin rəhbəri Qriqoryanın Osman Sarıvəlli barədə Bakıya göndərdiyi arayışdan: “Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü Qurbanov Osman Abdulla oğlu. Atası kənd koxasının müavini olmuş, qayınatası Sidi Tomtayev, bibisi uşaqları Türkiyəyə qaçmışlar. Qardaşı Qurbanov Qurban 1918-1919-cu illərdə türk ordusunun könüllü əsgəri olmuş, onların tərkibində Qızıl Orduya qarşı vuruşmuşdur. O biri qardaşı Hümbət Gəncə qiyamının fəal iştirakçılarındandır. Deyilənə görə, o da Türkiyədədir. Bibisi oğlu Əsəd Nəsibov 1926-cı ildə müsavatçı kimi həbs olunub. Osman Sarıvəlli xalq düşmənləri Hacıkərim Sanılı, Mikayıl Müşfiqlə yaxın münasibətdə olub”.
   O ağır illərdə Osman Sarıvəllinin qardaşı sürgün olunmuş, özü isə repressiya qorxusu altında yaşamışdır.
   Ancaq heç bir qorxu onun ilham pərisini əlindən ala bilməmişdir. Şeirləri axıcı və yaddaqalan olduğundan aşıqların dilindən düşməmiş, xalq Osman Sarıvəlli poeziyasını sevə-sevə oxumuş, öyrənmişdir.
   
   Aşıq, bu gün yaxşı köklə sazını,
   Ürək açan mahnılardan de gəlsin.
   Şirin dostluq nəğməsidir hər sözün,
   Sədaqətdən, etibardan de gəlsin.
   
   Osman Sarıvəlli xalq yaradıcılığının təbliği, aşıq sənətinin tədqiqi ilə yanaşı, tərcüməçiliklə də məşğul olmuş, Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Sergeyeviç Puşkinin əsərlərini, Sofoklun “Antiqona” faciəsini dilimizə çevirmişdir.
   Ömrün cavan, dəli-dolu vaxtlarında “Hər kim yüz il yaşamasa, günah onun özündədir” - deyən şair zaman gəlir ki, belə deyir: “İndi görürəm ki, həyat öz işini görür, bizi ucaldan illər qocaltmağı da bacarır”. 1990-cı ildə vəfat edir.
   Onu tanıyanlar bilir ki, Osman Sarıvəlli ləyaqətli bir ömür yaşadı. Ağır illər, çətin sınaqlar onun iradəsini qıra bilmədi. Elinin, obasının, torpağının qarşısında bir insan, bir şair, bir vətəndaş kimi həmişə alnı açıq gəzib dolaşdı. İllər keçsə də Osman Sarıvəlli poeziyası öz təravətini yenə də qoruyub saxlayır. Xalqın ruhuna yaxın olan poeziya isə ölümsüzdür.
   
   Təranə Vahid 






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar