Oktyabrın 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yeni mövsümün ilk premyerası – rus yazıçı Anton Çexovun “6 №-li palata” əsəri əsasında hazırlanan “Palata” (səhnələşdirən Bəhram Osmanov) tamaşası olacaq.
Teatrdan bildirilib ki, janr etibarilə tragikomik düşüncə sayılan səhnə əsərinin quruluşçu rejissoru Ər-Toğrul, rejissoru Zaur Əliyev, quruluşçu rəssamı Vüsal Rəhim, rejissor assistenti Sevinc Məmmədovadır. Plastik həlli teatrın baş baletmeysteri Əməkdar artist Emin Əliyevə aiddir. Tamaşanın bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.
Cəmiyyətin ictimai-fəlsəfi problemlərinin əks olunduğu səhnə əsərində hadisələr məhdud məkanda baş versə də, psixoloji təsir dairəsi hüdudsuzdur. Pantomim hərəkətlərinin də istifadə edildiyi tamaşada, əslində, real həyatda baş verən neqativ hadisələr sətiraltı ifadələrlə vurğulanır və nəticədə bəzən ağıllı, tədbirli insanların layiq olduqları yerdə olmadığı, əksinə, alçaldılaraq dəli yerinə qoyulduğu obrazlı şəkildə təqdim olunur.
“Palata”dakı obrazları Ər-Toğrul (Dilənçi), Zaur Əliyev (Yevgeni Xobotov), Nicat Əli (Xəstə), Türkel Tariqpeyma (Professor), Hüseyn Əlili (Andrey Yefimiç), Fərid Rzayev (Nikita), Cəbrayıl Cəbrayılov (Şizofren), xor artistləri Rəşad Rüstəmli, Orxan Mirzəyev və balet artisti Hüseyn Heydərli canlandıracaqlar.