«Azərbaycan Hava Yolları» (AZAL) iyun ayından Bakı-İzmir-Bakı, Bakı-Bodrum-Bakı, Bakı-Dalaman-Bakı, Bakı-Lvov-Bakı marşrutları üzrə mövsümi reysləri bərpa edəcək. AZAL-ın mətbuat xidmətinin rəisi Məhərrəm Səfərli bildirib ki, artıq Bakı-Antalya-Bakı marşrutu üzrə də uçuşlar başlanıb.
Ümumilikdə aviaşirkət mayın 20-dən beynəlxalq uçuşların sayını artırıb. Bakı-Minsk-Bakı və Bakı-Perm-Bakı aviareysi ilə yanaşı, Rusiyanın Nijni-Novqorod və Kazan şəhərlərinə yeni reyslər açılıb. Uçuşlar «Aerobus-319» və «Aerobus-320» tipli təyyarələrlə həyata keçirilir. Bakı-Perm-Bakı və Bakı-Minsk-Bakı marşrutları üzrə aviabiletin qiyməti 380 manatdan başlayır. Eyni zamanda mayın 20-dən Rostov şəhərinə də uçuşlar bərpa edilib. Rostova aviabiletin qiyməti 345 manatdan başlayır.
AZAL Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk və Mineralnıye Vodı şəhərlərinə də uçuşlar həyata keçirir. Bundan əlavə, iyunun 22-dən Gəncə-Mineralnıye Vodı istiqamətində reyslər təşkil ediləcək. Müasir və komfortlu «Embraer» tipli hava gəmiləri ilə uçuşlar həftədə bir dəfə, bazar günü yerinə yetiriləcək, gediş-gəliş qiyməti 257 manat təşkil edir.

Fəxriyyə Abdullayeva