Dünya turu
Almaniya əslində hər bir turist üçün maraqlı ölkədir. Qədim tikililər, intibah dövrü mədəniyyəti, məşhur saraylar, muzeylər, qalereyalar, vaxtilə təkcə Almaniyanı deyil, Avropanı ikiyə bölmüş Berlin divarının qalıqları, dünyanı lərzəyə salan faşizmin yuvası olmuş Reyxstaq və başqa məkanlar bu ölkənin zəngin tarixini əks etdirir. Hələ XVIII əsrdən başlayaraq Drezden, Münhen, Veymar və Berlin kimi şəhərlər avropalıların əsas turizm mərkəzlərinə çevrilmişdi. Şimalda və Baltik dənizi sahilində kurort və spa mərkəzləri isə XIX əsrin sonu - XX əsrin əvvəlində inkişaf etməyə başlamışdı. İki dünya müharibəsinin əsas səbəbkarlarından olmuş Almaniyada 50-ci illərdən etibarən turizm daha da genişləndi. Əcnəbiləri bu ölkəyə cəlb edən çoxsaylı tarixi-mədəni yerlərlə yanaşı, həm də gözəl təbiət məkanlarıdır. Ölkə 14 milli parkı, 14 qoruq və 98 təbiət parkı ilə istirahət həvəskarlarını cəlb edir.
Şəhərləri
Almaniyanın böyük şəhərləri həm mədəni turizm həvəskarlarını, həm də bu ölkəyə təhsil almağa, yaxud işgüzar səfərə gələnlərin əsas səyahət ünvanlarıdır. Hər şəhərin də turistlər üçün özəlliyi var. Məsələn, Hamburqda sizi təkrarsız liman şəhərinin atmosferi gözləyir. Berlində isə cəsarətli moda tendensiyası və onun müxtəlif təzahürləri ruhunuzu oxşayacaq. Düsseldorfda çoxsaylı butiklərin vitrinləri turistləri cəlb etməkdədir. Drezden öz bəzəkli və hündür barokkoları ilə işıq saçır. Hannoverdə isə bir beynəlxalq sərgi digərini əvəz edir. Münhendə Alpın ağarmış əzəmətli görünüşü sizləri heyran edəcək. Ştutqart musiqi şəhəridir. Veymar isə Almaniyanın ədəbiyyat paytaxtıdır. Dünya mədəniyyətinə zəngin töhfələr verən Bax, Höte, Şiller kimi parlaq şəxsiyyətlər bu şəhərdə yaşayıb-yaradıblar. Höte və Şillerin məzarlarını, eləcə də onların arxivlərini görmək istəyən minlərlə turist Veymara üz tutur.
Bu gün saysız-hesabsız turistləri özünə cəlb edən və əhalisinin gəlir mənbəyi əsasən turizm olan şəhərin tarixində müharibənin izləri aydın görünür. Turizm mövsümü aprel ayından sentyabra qədər davam edir. Veymarın ərazisi kiçik olduğundan turistlər muzeyləri və qalereyaları nəqliyyatdan istifadə etmədən asanlıqla gəzə bilərlər. Şəhərdə orta əsrlər, intibah erası və nəhayət, yeni dövrü xatırladan tikililər, saraylar, ən qədim saray apteki, orta əsrlər operasının binası, bazar meydanı almanların tarixini özündə əks etdirir. Şəhərə gələn turistləri isə ən çox cəlb edən muzeylərdir.
Veymar həm də klassik sarayların incəsənət xəzinəsidir. Bu məkanda olan hər kəs orta əsrlərdən başlayaraq XX əsrin modernizmi ilə rastlaşa bilərlər. Şəhərdə turistləri özünə cəlb edən muzeylərdən biri də dəbdəbəli kral sarayıdır. Digər cəlbedici tikili orta əsrlər alman operasının, müasir dövrdə isə milli teatrın fəaliyyət göstərdiyi binadır. Orta əsrlər bazar meydanında yerləşən və qarşısında Şiller və Hötenin heykəlləri ucalan bina bu fonda olduqca möhtəşəm görünür.
Turizm marşrutları və cənnətməkan adalar
Almaniyanın turizm marşrutları isə ölkəyə avtomobil, motosiklet, hətta velosipedlə səyahətə yollanmaq üçün əla imkanlar verir. Turizm marşrutları sizlərə həmçinin idmanla məşğul olmaqla yanaşı, mədəni-əyləncəli istirahət proqramı da təklif edir. Əlbəttə, bu marşrutları seçmək turistlərin öz ixtiyarına verilir. Tarixlə maraqlananlara Alp yolları ilə getmək məsləhət görülür. Bir sıra turizm marşrutları çini qablar, şüşə və saatların hazırlanması kimi sənətkarlıq ənənələrinə həsr edilib. Kulinariya marşrutları turistlərə regionların mətbəxi, alman pendiri və şərabı ilə tanışlıq imkanı yaradır. Almaniya sağlamlıq turizmi ilə də məşhurdur. Çoxlu sayda spa-hotellər olan şəhərlərdə quraşdırılan isti bulaqlar turistlərə mineral və isti sularla, şəfaverici palçıqla müalicə təklif edir.
Almaniyanın Şimal dənizindəki adalar gözəl iqlimə, heyrətamiz mənzərələrə malikdir. Dincəlmək və sağlamlıq üçün səfərə çıxanlar qumlu çimərlikləri və buxtaları olan Baltik dənizi adalarını seçə bilərlər. Siz buralarda özünüzə məxsus cənnətin bir parçasını tapacaqsınız. Bu adalardan gəmi ilə dönərkən gözəl yeməklərin, içkilərin dadına baxmaq turistlər üçün unudulmaz istirahət imkanlarıdır. Külək və dalğalar, qarşınızda açılan ümman dəniz, başınızın üzərində isə aydın səmadan başqa heç nə yoxdur.
Muzeylər ölkəsi
Almaniyada fəaliyyət göstərən 6 mindən çox muzey sanki kəşflər dünyasıdır. İncəsənət, tarix, texnologiya, arxitektura, ədəbiyyat və təbiət - muzeylərin əhatə dairəsi olduqca genişdir. Berlində isə ən böyük tikililərdən biri elə “Muzeylər adası”dır. Hazırda adaya daxil olan muzeylərdə təmir-bərpa işləri aparılır və bu işə ildə 100 milyonlarla avro vəsait ayrılır. Muzeylərin arasında ən əhəmiyyətlisi 1929-cu ildə tikilən Perqamon muzeyidir. Bu tikili 1945-də II Dünya müharibəsi zamanı dağıdılıb. 1952-ci ildə təmir-bərpa işləri aparılıb.
Muzeyin birinci mərtəbəsində qədim Şərq sivilizasiyasının nümunələri olan incəsənət əşyaları toplanıb. Ön Asiyanın qədim dövlətlərindən olan Babilin möhtəşəm İştar darvazalarının bərpa olunaraq muzeydə yerləşdirilməsi olduqca əsrarəngiz görünür. Bu darvazalar Babildə aparılan qazıntılar zamanı bərpa olunub və 1930-cu ildən bəri Perqamon muzeyində yerləşdirilib. Muzeyin bu hissəsindəki saray divarları, qədim ibadət yerlərini əks etdirən eksponatlar o qədər canlı görünür ki, insan sanki özünü qədim Şərq sivilizasiyası dövründə hiss edir. Perqamonun ikinci mərtəbəsində yerləşən İslam incəsənəti muzeyində qədim Şərq dövlətlərinə məxsus xalçalar, qablar, eksponatlar, silahlar yer alıb.
”Prussiyanın Versalı”
Deyirlər, Almaniyada olub, San-Susini (fransız dilində «qayğısız») görməmək günahdır. Prussiya krallarına məxsus olan bu saray mülkü Berlin yaxınlığındakı Potsdam şəhərində yerləşir. Saray kral Böyük Fridrix tərəfindən 1745-1747-ci illərdə yay mülkü olaraq inşa etdirilib. San-Susinin saray və parkını tez-tez «Prussiyanın Versalı» adlandırırlar. Bu tikililər XVIII əsr Avropa şəhər və saray memarlığını sintez edir. Deyilənlərə görə, kral Fridrix həm də gözəl fleyta ifaçısı olub. Elə mülkün qapıları qarşısında kral geyimində fleytaçı da bunun rəmzi ifadəsidir. II Dünya müharibəsində saray ziyan çəksə də, sonradan bərpa olunub. Sarayın tavanı sanki açıq səmadır, divarlar isə üzüm bağlarını, müxtəlif meyvələri xatırladır. Tikilidə kralın kitabxanası, vəfat etdiyi kreslo da olduğu kimi qorunub-saxlanılır. Möhtəşəm sarayın həyəti böyük üzüm bağına açılır.
Hazırda kralın qəbri sarayın həyətində görünməyən yerdədir. Olduqca sadə olan qəbrin üzərində kartofların düzülməsi də səbəbsiz deyil. Buna səbəb Fridrixin ilk dəfə Almaniyaya kartof gətirməsi və əhaliyə onu yeməyi tövsiyə etməsidir. Kralın məzarı yanındakı qəbirdə isə onun sevimli iti basdırılıb. Qəbrin ətrafında Roma imperatorlarının heykəlcikləri var. Deyilənlərə görə, Fridrix özünü Roma imperatorları ilə müqayisə edirmiş. Pilləkənlərlə aşağı düşüb mərkəzində fəvvarə olan böyük parka daxil olursan. Fontanın ətrafında Venera, Merkuri, Apollon, Diana, Yupiter, Mars və digər “tanrı”ların mərmər heykəlləri var. Həyətin dörd tərəfində klassik Qərb memarlıq elementləri ilə bəzənmiş skamyalar, içərisində balıqlar üzən böyük hovuz turistlərin istirahətinə gözəl imkan yaradır. 1990-cı ildə San-Susi saray və əraziyə daxil olan parkla birlikdə UNESCO-nun dünya irs siyahısına daxil edilib. Ümumilikdə Almaniya ərazisindəki 40-dək tarixi abidə və məkan UNESCO dünya irs siyahısında yer alıb. Bəşəriyyətin mirası olan bu məkanları görmək hər səyahət həvəskarının arzusudur.
Mehparə