Sentyabrın 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirildi.
Əvvəlcə qonaqlar Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən filarmoniyanın foyesində təşkil edilən “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi ilə tanış oldular.
Sərgidə bir sıra görkəmli bəstəkarlarımızın xalça üzərində portretləri, milli musiqi alətlərimizin əks olunduğu rəsmlər və digər əl işləri nümayiş etdirilir. Qeyd edək ki, “Mədəniyyətimiz naxışların izi ilə” sərgisi festival boyu – sentyabrın 28-dək ziyarətçilər üçün açıq olacaq.
***
Filarmoniyanın zalında davam edən mərasimdə səhnəyə çıxan mədəniyyət nazirinin müavini Səadət Yusifova Üzeyir bəyin sənət işığına yığışan hər kəsi salamladı. Dedi ki, bu gün adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümüdür. 18 sentyabr həm də böyük bəstəkarın şərəfinə ölkəmizdə Milli Musiqi Günüdür. Bu gün 1995-ci il sentyabrın 18-də Ümummilli lider Heydər Əliyevin imzaladığı fərmana əsasən hər il təntənə ilə, çoxsaylı tədbirlərlə qeyd olunur. Bu tədbirlərin ən əhəmiyyətlisi isə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən keçirilən Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalıdır. Musiqi bayramı bu il 16-cı dəfə gerçəkləşir.
Diqqətə çatdırıldı ki, budəfəki festivala ABŞ, Almaniya, Xorvatiya, Avstriya, Türkiyə, Rusiya, Koreya, İspaniya, Braziliya və digər ölkələrdən solist və bədii kollektivlər dəvət olunub.
Qeyd olundu ki, 18–28 sentyabr tarixlərini əhatə edən festivalın proqramı üzrə Bakı ilə yanaşı, Şuşa, Gəncə, Şəmkir, Lənkəran və Naxçıvanda silsilə tədbirlər keçiriləcək. Bu sıraya açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər və s. daxildir. Festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında UNESCO nəzdində fəaliyyət göstərən Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) simpoziumu da təşkil olunub.
Nazir müavini söylədi ki, ənənəvi festivalın ən önəmli məqamı isə 2021-ci ildən onun xəritəsinə mədəniyyət paytaxtımız, Üzeyir bəyin doğma yurdu Şuşa şəhərinin də əlavə olunmasıdır: “Builki festivalda da Şuşa şəhərində tədbirlər nəzərdə tutulub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ifasında Üzeyir Hacıbəylinin yaratdığı ilk muğam operası – “Leyli və Məcnun”un tamaşası nümayiş olunacaq. Şuşada doğulan görkəmli bəstəkarımız, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert də keçiriləcək. Əminik ki, Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı da musiqisevərlərin zövqünü oxşayacaq, qəlblərində silinməz izlər qoyacaq. Üzeyir Hacıbəylinin sənəti tarixi-mədəni irsimizin ayrılmaz bir parçası kimi daim öz dəyərini qoruyub saxlayacaq”.
***
Daha sonra konsert proqramı təqdim olundu.
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Əməkdar artist Fuad İbrahimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər: Xalq artisti Gülbacı İmanova), Xalq artisti Ülviyyə Hacıbəyova (piano), Əməkdar artistlər Ramil Qasımov (tenor), İnarə Babayeva (soprano), respublika və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) çıxış etdilər.
Proqramda Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, “Firuzə” operasından “Firuzənin ariyası”, xor və orkestr üçün “Bahar nəğməsi”, bariton, xor və orkestr üçün “Kantata”, “Milli marş”, S.Ələsgərovun səs və orkestr üçün “Eşq olsun sənətkara” balladası, M.Mirzəyevin “Böyük ustada ithaf” poeması, İ.Hacıbəyovun piano və orkestr üçün “Cəngi” rapsodiyası, Ə.Cavidin Üzeyir bəyə ithaf olunmuş 9 variasiya (orkestr üçün işləyəni Ayaz Qəmbərli), F.Əmirovun “Üzeyir Hacıbəyliyə ithaf”, V.Allahverdiyevin “Aşıqsayağı” (Üzeyir bəyə ithaf) və S.Hacıbəyovun “Karvan” simfonik lövhəsi səsləndirildi.
Möhtəşəm gecədə ifa olunan hər bir əsər adını Azərbaycanın mədəniyyət salnaməsinə qızıl hərflərlə yazdıran şəxsiyyətin əziz xatirəsinə ehtiramın ifadəsi kimi yaddaşlara köçdü. Bütün çıxışlar gurultulu alqışlarla qarşılandı.
Nurəddin