Azərbaycanın Rusiya Federasiyasındakı səfiri, Xalq artisti Polad Bülbüloğlu bu ölkədə diplomatik fəaliyyətini başa vurmaq ərəfəsində daha bir fəxri ad alıb. Görkəmli bəstəkar və müğənniyə RF “Başqırdıstan Respublikasının Xalq artisti” adı verilib.
Ufa şəhərində keçirilən MDB iştirakçı dövlətlərinin Yaradıcı və Elmi Ziyalılarının XVII Forumunda Başqırdıstan Respublikasının rəhbəri Radi Xabirov fəxri adın vəsiqə və nişanını Polad Bülbüloğluna təqdim edib.
Qeyd edək ki, 2006-cı ildən Azərbaycanın Rusiyada səfiri olan Polad Bülbüloğlu 2010-cu ildən MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinə də rəhbərlik edib. MDB ölkələri yaradıcı və elmi ziyalılarını bir araya gətirən ənənəvi forum hər il Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun himayəsi ilə keçirilir. Builki forum 17-19 sentyabr tarixlərində Ufada təşkil edilib.
Xatırladaq ki, Polad Bülbüloğlu bu yaxınlarda “Özbəkistan Respublikasının Xalq artisti” adına da layiq görülüb.