Daşkəsənin Quşçu kəndində kitab köşkü quraşdırılıb

 

“AzerGold” QSC-nin təşəbbüsü və dəstəyi ilə Daşkəsən rayonunun ucqar Quşçu kəndində kitab köşkü quraşdırılıb.

Daşkəsən rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Quşçu kənd Folklor evinin qarşısında yerləşdirilən köşk QSC-nin hasilat fəaliyyəti apardığı bölgədə bu günə qədər icra etdiyi “Kitab sovqatı”, “Uşaq kitab dostu” kimi bir sıra uğurlu maarifləndirici layihələrin davamıdır.

Kitab köşkü kənd sakinləri, xüsusilə uşaq və yeniyetmələr arasında mütaliə vərdişlərinin formalaşmasına, asudə vaxtın səmərəli təşkilinə və kitabın kütləvi şəkildə təbliğinə dəstək göstərilməsinə xidmət edir.

Günün 24 saatı ərzində kənd sakinlərinin sərbəst şəkildə kitabları əldə etməsinə imkan yaradan “açıq kitabxana” tipli köşkdə dünya klassiklərinin əsərləri, müasir Azərbaycan və dünya ədəbiyyatı nümunələri, həmçinin biznes və özünüinkişaf istiqamətləri üzrə yeni kitablar təqdim olunur. Oxucular seçdikləri kitabı mütaliə etdikdən sonra geri qaytarıb digər kitablardan bəhrələnəcək, bununla yanaşı, paylaşmaq istədikləri nəşri köşkə hədiyyə etməklə digər oxucuların da mütaliəsinə imkan yaradacaqlar.

Köşk rübdə bir dəfə yeni nəşrlərlə yenilənəcək. Qeydiyyat əsasında ən çox kitab mütaliə etmiş oxuculara QSC tərəfindən hədiyyələr təqdim olunacaq.