Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində Milli Musiqi Günü (18 sentyabr) münasibətilə müxtəlif tədbirlər keçirilib.
Tərtər rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Azərbaycanın musiqi tarixində dahi bəstəkar Üzeyir Hacıbəylinin misilsiz xidmətləri olduğunu, onun müxtəlif janrlarda ölməz əsərlər yaratdığını vurğulayıblar.
***
Xocavənd şəhər Uşaq musiqi məktəbində (Beyləqan rayonunda yerləşir) Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunmuş tədbir keçirilib.
Qeyd olunub ki, Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyətində köklü dönüş yaratmış bəstəkardır. Ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
***
Xocalı şəhər 3 nömrəli Uşaq musiqi məktəbində (Goranboy rayonunda yerləşir) keçirilən tədbirdə çıxış edənlər dünyaşöhrətli bəstəkar, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, Azərbaycan mədəniyyəti qarşısında misilsiz xidmətlərindən söz açıblar.
***
Füzuli şəhər Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Milli Musiqi Günü qeyd olunub.
Çıxışlarda bildirilib ki, Üzeyir Hacıbəyli təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. Bir-birinin ardınca yazdığı opera və operettaları, marşları, kantataları, mahnı və romansları, kamera və xor üçün əsərləri ilə musiqi xəzinəmizi zənginləşdirib. Şanlı Zəfərdən sonra Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada dahi bəstəkarın heykəli yenidən ucaldılıb, əsərləri illər sonra doğma yurdunda səslənib.
***
Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbində keçirilən tədbirdə dahi bəstəkarın həyat və yaradıcılığı, Azərbaycan musiqi tarixində oynadığı roldan bəhs edilib. Bildirilib ki, müsəlman Şərqində klassik musiqi sənətinin bir çox yenilikləri məhz Üzeyir Hacıbəylinin adı ilə bağlıdır.
***
Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi) əlamətdar gün münasibətilə tədbir təşkil olunub. Çıxış edənlər Milli Musiqi Gününün tarixindən, dünyaşöhrətli bəstəkarın çoxşaxəli fəaliyyətindən, əbədiyaşar əsərlərindən, musiqi sənətimizə gətirdiyi yeniliklərdən danışıblar.
***
Ü.Hacıbəyli adına Ağcabədi şəhər Qarabağ Muğam Mərkəzində də əlamətdar günlə bağlı tədbir təşkil olunub. Dahi bəstəkarın ömür və sənət yolun haqqında məlumat verilib.
Qeyd edək ki, keçirilən tədbirlərin sonunda Azərbaycan kino sənətinin qiymətli incilərindən olan, Üzeyir bəyin eyniadlı operettası əsasında lentə alınmış “Arşın mal alan” (1965) filmi nümayiş etdirilib.
Nurəddin