AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, akademiyanın professoru Salidə Şərifovanın “Bayram İsgəndərlinin həyatı, bədii yaradıcılığı və publisistikası” monoqrafiyası çapdan çıxıb.

Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə çapa tövsiyə olunan monoqrafiya institutun “Sənətkarın elmi pasportu” seriyasından işıq üzü görən 54-cü nəşrdir.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabda jurnalist, yazıçı-dramaturq Bayram İsgəndərlinin həyat yolu haqqına məlumat verilib, mənsur şeirləri, hekayələri, nağılları, pyesləri və publisistikası təhlil edilib.

Nəşrin rəyçiləri filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Tehran Mustafayev və filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahidovadır.

Qeyd edək ki, Bayram İsgəndərli “Bir payız günü”, “Günəş həmişə olacaq”, “Balaca nağılçı”, “Yeddi ilin ayrılığı”, “Vaxtla üz-üzə”, “Sevgi məktubları”, “Qorxaq ayı balası Toxmaq”, “Çil xoruzun aqibəti”, “Bu qatar hara gedir?”, “Qarabağdan gələn duman”, “Məni ürəyinizdə axtarın” və “Uşaqlar üçün pyeslər” kitablarının müəllifidir. Uşaqlar üçün qələmə aldığı bir neçə pyesi səhnələşdirib.