AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin böyük elmi işçisi filologiya üzə fəlsəfə doktoru Elnurə Hüseynovanın iki monoqrafiyası çapdan çıxıb.

Dilçilik İnstitutundan bildirilib ki, “Ekolinqvistika: Oğuz qrupu türk dillərində flora və fauna leksikası” monoqrafiyasında Azərbaycan, türk, türkmən və qaqauz dillərində flora və fauna leksikası müxtəlif yönlərdən - istər müasir ədəbi dillərdə, istərsə də bu dillərin dialekt və şivələrində, həmçinin yazılı və şifahi xalq ədəbiyyatlarında işlənən frazeologizmlər şəklində təhlil edilir. Bundan başqa, mövcud floristik və zoonimik leksik vahidlərin etimologiyası və onların digər türk dillərində müqayisəsi verilir. Habelə oğuz türklərinin təşəkkül tarixi, onların dili və tədqiqatçıları haqqında müfəssəl məlumat verilir. Kitabın sonunda həm Azərbaycan dilinin dialektlərində yer alan flora və fauna leksikasının vahidləri, həm də oğuz qrupu türk dillərində floristik və zoonimik sözlərdən təşəkkül etmiş lüğət oxucuların diqqətinə çatdırılır.

Monoqrafiyanın baş redaktoru professor Nadir Məmmədli, elmi redaktorları professor Rüfət Rüstəmov, dosent Nərgiz Hacıyeva, rəyçiləri isə professor İsmayıl Məmmədli, dosent Aynel Məşədiyeva və filologiya üzrə fəlsəfə doktoru Lamiyə Vaqifqızıdır. Nərgiz Hacıyeva əsərə “Ön söz” yazıb.

“Ekolinqvistika: Oğuz qrupu türk dillərində relyef və iqlim leksikası” adlı ikinci monoqrafiyada isə Azərbaycan, türk, türkmən və qaqauz dillərində relyef və iqlim leksikası müxtəlif yönlərdən təhlil olunur. Bundan başqa, müəyyən leksik vahidlərin etimologiyası və onların digər türk dillərində müqayisəsi yer alır. Bu kitabda əlavə olaraq oğuz qrupu türk dillərinin dialektləri və araşdırmaçıları haqqında məlumatlara yer verilib. Kitabın sonunda həm Azərbaycan dilinin dialektlərində, həm də oğuz qrupu türk dillərində relyef və iqlim leksikasını əhatə edən lüğət də oxuculara təqdim olunur. Bu monoqrafiyanın da baş redaktoru professor Nadir Məmmədlidir. Elmi redaktorları professor İsmayıl Məmmədli, dosent Aynel Məşədiyeva, rəyçiləri isə dosentlər Nərgiz Hacıyeva, Sevinc Əliyeva və Cəmilə Rüstəmovadır. Monoqrafiyanın “Ön söz”ünün müəllifi isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Lamiyə Vaqifqızıdır.