Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) aparılan struktur islahatlarına müvafiq olaraq, Xəzər dənizində sualtı tədqiqatların və sahilboyu ərazilərdə, digər su hövzələrində arxeoloji tədqiqat işlərinin aparılması üçün AMEA Rəyasət Heyətinin 2023-cü il 12 iyul tarixli qərarı ilə Arxeologiya və Antropologiya İnstitutunun strukturunda daxili imkanlar hesabına Xəzər arxeologiyası şöbəsi yaradılıb.

Bu barədə AMEA Rəyasət Heyətinin iclasında Arxeologiya və Antropologiya İnstitutunun Xəzər arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru Abbas Seyidov “Xəzərin arxeologiyası: tarix və müasirlik” mövzusunda məruzəsində deyib.

Məruzədə qeyd olunub ki, XX əsrin ikinci yarısında Azərbaycanda sualtı arxeoloji tədqiqatların aparılması ön plana çəkilib. Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 24 iyul tarixli Sərəncamı və Azərbaycan SSR EA-nın 1968-ci il 9 avqust tarixli qərarı ilə Xəzər dənizinin sualtı tarixi-arxeoloji abidələrinin öyrənilməsinə hazırlıq işləri aparılıb. Zelik Yampolski elmi məsləhətçi olmaqla, praktiki iş dalğıc Viktor Kvaçidzeyə həvalə olunub. 1986-cı il də daxil olmaqla - 19 il ərzində V.Kvaçidze Xəzər sahillərində və adalarda tədqiqat işləri apararaq, 4000-dən artıq maddi-mədəniyyət qalığı aşkar edib. Tədqiqatlar Şüvəlan burnunda, Gurgan burnu ilə üzbəüz Abşeron yarımadasının şərq hissəsində, Bakı buxtası və Səbail sualtı istehkamında, Salyan rayonu ərazisində Kürün qədim kanalı və Bəndovan burnunda aparılıb.

Müəllif qeyd edib ki, avqustun 27-dən sentyabrın 12-dək Arxeologiya və Antropologiya İnstitutunun Xəzər arxeologiyası ekspedisiyası Abşeron yarımadasının Xəzər rayonu ərazisində yerləşən Zirə və Pirallahı istiqamətində, həmçinin orta əsrlərə aid Şəhri-Gürqanda arxeoloji kəşfiyyat işləri aparıb və tədqiqatlar zamanı XIX əsrə aid iki batmış gəminin qalıqları və XII-XIV əsrlərə aid saxsı məmulatları aşkarlanıb.

Məruzə dinlənildikdən sonra Rəyasət Heyəti tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda və sahilboyu ərazilərində arxeoloji tədqiqat işlərinin həyata keçirilməsi, dəniz sahili zonalarda əvvəldən koordinatları məlum olan arxeoloji abidələrə dair yeni araşdırmalar aparmaq, aşkar olunacaq abidələri qeydə almaq və tədqiq etmək, abidələrin koordinatlarını dəqiqləşdirmək, memarlıq quruluşunu öyrənmək, planını çıxarmaq və digər zəruri işləri icra etmək üçün Xəzər arxeologiyası şöbəsinin fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul edilib.