Yazıçı Ələviyyə Babayevanın vəfatının 10-cu ildönümünə
Nasir, publisist, ssenarist Ələviyyə Babayeva 1921-ci il avqustun 12-də Bakıda anadan olmuşdur. Üç yaşında atasını faciəvi şəkildə itirən Ələviyyə atalığı Hənifənin himayəsində böyümüşdür. Ə.Babayeva ziyalı ailəyə mənsub olmuş, yaxın əqrəbası Azərbaycanın tanınmış elm və sənət adamlarından sayılmışdılar. Onlardan Bakının baş memarı Hənifə Ələsgərovun, SSRİ Xalq artistləri Ələsgər Ələkbərov və Hökümə Qurbanovanın adlarını çəkmək olar. Təsadüfi deyil ki, Xalq yazıçısı Süleyman Rəhimov sonralar Ə.Babayevanın evini “ziyalılar evi” adlandırırdı...
Ələviyyə orta məktəbi bitirdikdən sonra Tibb İnstitutuna (indiki ATU) qəbul olunur, lakin üçüncü kursdan burada təhsilini dayandırır. Ədəbiyyata olan sevgisi onu Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinə gətirir. Beləliklə, 1936-cı ildən gənc Ələviyyənin böyük ədəbiyyatla “romanı” başlayır. Əksəriyyət kimi ilk qələm təcrübələri şeir olsa da, mətbuatda debütü “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “İki həyat” hekayəsi ilə başlamışdı. Ədəbi aləmdə ilki uğurlu olmuş, oxucuların rəğbətini qazanaraq sonralar yazılacaq 64 kitaba cığır açmışdır.
Həqiqi ədəbiyyat cinslərə bölünməsə də, bizdə, elə dünyada da həmişə qadın yazıçılar kişi yazıçılardan bir qədə geri qalıblar. Şəhər və kənd ədəbiyyatı olduğu kimi, qadın ədəbiyyatı termini altında qadın və kişi qütbləşməsi daim özünü göstərib. Azərbaycan ədəbiyyatında şairələr bir az balansa yaxınlaşsalar da, “ağır artilleriya” sayılan nəsrdə böyük üstünlük həmişə kişilərin tərəfində olub. Ə.Babayeva dedikdə göz önünə Azərbaycan sovet ədəbiyyatının ən tanınmış qadın yazıçılarından biri gəlir. Ələviyyə xanım Azərbaycan Yazıçılar Birliyinin ən stajlı (62 il) üzvlərindən olmuşdur. O, eyni zamanda birliyin qəbul komissiyasının üzvü, tərcümə şöbəsinin rəhbəri vəzifələrini icra etmişdir. “Qızıl qələm” mükafatı laureatı Çingiz Fərəcov yazır: “Ə.Babayevanın romanları milli səviyyəmizdir desəm, yanılmaram. Bu əsərlərdə Şərq mədəniyyəti ilə Qərb mədəniyyətinin sintezi açıq-aydın hiss olunur”. “Müasirliyin ahənginə düşən” yazıçı, öz yaradıcılığında Şərqlə Qərbi birləşdirən qələm adamı kimi ədəbiyyatımızda “əzəmətlə dayanır”. Ə.Babayeva yüksək erudisiyalı, dərin mütaliəli, Qərb ədəbiyyatını gözəl bilən, daim öz üzərində işləyən məsuliyyətli yazıçı idi. II Dünya müharibəsi vaxtı müəllim tapılmadığından tələbə Ələviyyə dünya ədəbiyyatı fənnindən mühazirə də oxuyub.
93 illik ömrünün 75 ilini sənətə həsr edən Ələviyyə xanım çoxlu sayda maraqlı əsərlərin müəllifi kimi ədəbiyyat tariximizdə öz yerini almışdır. O, əsərləri dünya dillərinə ən çox tərcümə olunan qadın yazıçımız hesab olunur. Bu baxımdan, rəmzi olaraq “Azərbaycan ədəbiyyatının xaricdə səfiri” adını qazanmışdı. Onu intellektinə, rus dilini mükəmməl bildiyinə görə həmişə SSRİ daxili görüşlərdə, tədbirlərdə önə çəkirdilər. O da iştirak etdiyi hər yerdə öz mükəmməl çıxışları ilə Azərbaycan ədəbiyyatının üzünü ağardırdı. Həm belə uzun ömür yaşamasına, həm də payına düşən yaradıcılıq istedadına görə Ə.Babayevanı Tanrının seçilmişlərindən hesab etmək olar. Sənət də verib, sənətkar ömrü də. O, respublikanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdü.
***
İnsan probleminin araşdırılması Ə.Babayeva yaradıcılığının məğzini təşkil edir. Zatən “ədəbiyyat insanın, cəmiyyətin hisslərini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənəti” olsa da, Ə.Babayevada insani münasibətlər, insan qəlbinin dərinliyi özünü daha qabarıq büruzə verir. Onun yaradıcılığını “insanşünaslıq” da adlandırmaq olar. Əsərləri özünəməxsus yazı manerası, dəst-xətti ilə seçilir ki, bu da yaradıcı adam üçün son dərəcə əhəmiyyətlidir.
Yazıçının “Mənim müəlliməm” adlı ilk kitabı 1950-ci ildə çap olunmuşdur. Daha sonra bir-birinin ardınca “Mən tək deyiləm”, “Süsənsünbül”, “Hardasan, dost, harda?”, “Anadil ağlayırdı”, “Darıxıram, a dağlar”, “Açar”, “Son döngə” və başqa onlarla kitabı işıq üzü görmüşdür.
Ə.Babayeva 1964-cü ildə “Kölgə” povestini yazır. Daha sonra povest Bolqarıstanda çap olunur. Əsərlə elə Bolqarıstanda tanış olan türk yazıçısı Kamal Tahir “Kölgə”ni yüksək qiymətləndirərək yazır ki, Ələviyyə xanımın yazar əlini hörmətlə sıxıram...
“Adamlar və talelər” (1970) əhatəli romanı Ə.Babayevanın ən məşhur əsərlərindən olub təkrar-təkrar nəşr olunmuş, dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmişdir. Ədəbi tənqid dərhal əsər haqqında maraqlı və fərqli resenziyalarla çıxış edir. Əsər mövzu, ideya, problem, bədii istiqaməti ilə oxucuların diqqətini cəlb edərək yazıçıya böyük şöhrət gətirdi. Yazıçı özünün şahidi olduğu hadisələri, müxtəlif taleləri, şəxsən tanıdığı adamların, ümumiyyətlə, Azərbaycan insanının daxili-psixoloji aləmini, məişətini qələmə aldığı üçün əsər belə uğurlu alınmışdı. Əlbəttə ki, yazı estetikası, sənətkarlıq xüsusiyyətləri də öz yerində. Roman haqqında fikir bildirən ədəbiyyatşünasların qənaəti bir idi: Ə.Babayeva heç bir əsər yazmasaydı belə, “Adamlar və talelər”lə ədəbiyyat tariximizdə qalacaqdı. Əsər, adından təxmin edildiyi kimi, insan taleləri haqqındadır: 30-cu illər repressiyasının qaranlığında əriyib yox olan, qəlbinin qaranlığında azan, “baharda qışı görən”, “bir anda uşaqlığını itirən uşaqlar, cavanlığını itirən gəlinlər”, müxtəlif, çətin insan taleləri barədə... Romanı həyəcansız oxumaq olmur. “Gecə saat dördün yarısında qapının zəngi basıldı. Plaşlı adam (əlbət ki, plaşsız olmazdı – D.A.) “pasportları göstərin”, – dedi. Süleyman qatı açılmamış pasportları stolun üstünə düzdü. “– Evi axtarmalıyıq...”. Sonra tanış “prosedurlar” başlayır... Şkafların qapıları açılır, hər şey döşəməyə tullanır. Elə bu arada Püstəxanımdan gizlədilən məktub – oğlunun qara kağızı üzə çıxır. Faciə faciəyə qarışır. Paralel olaraq kitabın səhifələrindən döyüş meydanındakıların yaşadıqları “səpələnir”... “42-də Kerçdə vuruşurduq. Krımda bahardı. Görməsən də, eşitmiş olarsan Krımın baharını. Düz-dünya çiçək... İki həftə ərzində bahardan əsər-əlamət qalmadı. Elə bil dünyanın şah damarını kəsmişdilər. Qan su yerinə axırdı. Ağ döşəkağıların içərisində kəsilmiş əllər, qollar, ayaqlar... Bu dəhşətdi”. Mənzərənin anidən və necə ustalıqla dəyişdiyinə çaş-baş qalmamaq mümkün deyil. Gül dənizi nə idi, qan dənizi nə? Oxuduğunu çatdırıb həzm edə bilmirsən. Yazıçı bir neçə sətirdə təsir yaratmağı bacarır. Əsərin ideyası bundan ibarətdir ki, insan insan adına layiq olmalıdır. “Əgər sən insan adına layiq deyilsənsə, heç bir şeysən”. Xalidin “insanın ağrılarını, acılarını yüngülləşdirməkdən gözəl nə var!” nidası elə yazıçının öz sözləridir, ömrü boyu axtardığı insaniyyətdir.
***
Həkimlər haqqında yazılmış ədəbiyyat peşələrindən dolayı həmişə maraq doğurur. “Adamlar və talelər” də istisna deyil. Bunun üstünə yazıçının üçillik tibbi bilik və təcrübəsini gəlsək, mövzunun yaxın və doğmalığını da əlavə etsək, romanın hansı səbəbdən uğur qazandığı ortaya çıxır. İkihissəli romanda hər şey var: xəstəxana, xəstələr, rəssam, emalatxana, teatr, truppa, redaksiya, jurnalistlər, repressiya, müharibə və sonrası... Nahaqdan əhatəli roman demirlər ki?! Əslində, “Adamlar və talelər” içindəki hadisələrə, təsvir edilən dövrlərə görə başqa bir janra da iddialı ola bilər. Kərkükdən olan bir oxucu qız Ələviyyə xanıma yazmışdı: “Adamlar və talelər” kitabının oxucusu o qədər çoxdur ki, məcburiyyət qarşısında qalıb onu ikiyə bölmüşük. Bu kitabı bütün türkmənlər məhəlləsi oxuyur”. “Adamlar və talelər”də həyat heç nəyə baxmayaraq heyrətamiz və son dərəcə gözəldir. Amma bir şərtlə ki, heyrətamiz və gözəl baxa biləsən...
İkihissəli “Səni axtarıram” (1985) romanı nasirin sanballı əsərlərindən olub, bu gün, demək olar hər peşədən daha üzdə görünən və öndə gedən jurnalistlərin fəaliyyətinə həsr edilmişdir. Tənqidçi Qulu Xəlilov əsəri “böyük vüsətli roman” adlandırmışdı. Ə.Babayeva 1951-1973-cü illər arası “Azərbaycan qadını” jurnalının məsul katibi işləmiş, 1973-dən 1985-ə qədər “Gənclik” nəşriyyatında çalışmış, baş redaktor vəzifəsinə qədər yüksəlmişdi. Bir qələm adamı kimi dövri mətbuatla sıx və müntəzəm əlaqədə olan yazıçı toxunduğu mövzunu yaxşı bilirdi, necə deyərlər, “evin içinə” dərindən bələdçiliyi vardı. Bütün bunlara müəllifin roman üzərində işlədiyi beş ilin “fəhləliyini” də əlavə etsək, əsərin müvəffəqiyyətinin, qazandığı uğurun səbəbi aydın olur. “Səni axtarıram”dakı “Xəzər gəncləri” qəzetinin əsas komandası redaksiyada “üçüncü nəsil” adlandırılan gənclərdən ibarət olsa da, romanda hər yaş kateqoriyasında qələm adamı görürük. Romanda bəzi fikirlər səslənir ki, onda bu günün gəlib çatdığına sevinirsən. Arif baba jurnalistlik sənəti barədə deyir: “Yazıçı başqa məsələ. Kitabın ömrü uzundur. Sənin yazdıqların isə kəpənək kimi bircə gün yaşayır”, sonra “şey-şüy bükmək üçün sarğı kağızına çevrilir” Axırda da, çarəsiz-çarəsiz əlavə edir: “Amma heç kəpənəksiz bahar təsəvvür edərsən?” Gənc jurnalist Elxan Biləndərli iş prosesi, yazı əsnasında düşünür... Əslində, təəssüflənir... “İyirmi gündür əlləşirəm. İki-üç saata yazılacaq məsələyə iyirmi gün, bəlkə bir az da çox vaxt sərf etmişəm. Oxuyan isə məqaləni on beş dəqiqəyə oxuyacaq, sonra da məlum məsələdir, cırıb atacaq...”. Amma qəhrəman özünə təskinlik də verir: “Başqa cür də ola bilər, biri oxuyub o birinə verər, “oxu, maraqlı yazıdır” deyə bilər”. Ümidində də haqlı idi. Ümidinə ümidsizlik yükləməməkdə də. O illər, internetin olmadığı zamanlar məhz belə edərdik. Kitablar bir tərəfə, qəzetlər də əldən-ələ ötürülərdi, oxunmaqdan çırılıb tökülərdi. Amma yazıçı nə biləydi ki, illər qanadlı at kimi keçib gedəcək, gəlib çatacaq 2020-ci illərə. Hansı ki, bu gün dövri mətbuat, publisistika daha aktualdı, daha gündəmdədi, daha əlçatandı, daha çox oxunur və başqa dahalar... Ömrü də internetin ömrü və yaddaşı qədərdir.
Romanda bədiiyyat gözlənilmiş, ara-sıra yerli-yerində üzə çıxmaqla əsəri gözəlləşdirməyə xidmət etmişdir. “Ancaq hava xeyli soyumuşdu... Payız axşamı il yuxusuna dalmış, yatmış gözəl kimi solğun və soyuqdu. Xüsusən qırmızı günəş Dağüstü parkdan o tərəfə gözəgörünməz üfüqün ardına keçəndən sonra yatmış gözəl daha da soldu, murada yetməmiş arzu, vüsal görməmiş sevgili kimi büzüşüb üzüldü”. Yaxud: “Zərif külək pərdələri yelkən kimi qabardır, eşikdən içəri boylanan söyüdün hələ bərkiməmiş, atlas yarpaqları gecə iləmi, ya ulduzlarlamı hey pıçıldaşırdı”.
Roman zamanında mətbuat işçiləri tərəfindən çox yaxşı qarşılanmışdı, bu gün də jurnalistlərin şərəfli işini əks etdirmək baxımından maraqla oxunur. Əsl peşəkarların, “qızılaxtaranların” (Ə.Babayeva), peşəkarlığı imitasiya edənlərin, dəbli submədəniyyət daşıyıcılarının, “zurnalistlərin” deyil. (Öz nümunəmi çəkə bilərəm, 335 səhifəyə rahat nəfəsim çatdı. Bəzən nostalji yaşasam da. Məsələn, bu gün keçmişdə qalan trolleybusun “buynuz”unun çıxması kimi). “Jurnalist – bu peşə deyil. Bu sənin həyatındır... Ananın övladlarından biri sakit yatır, əl-ayağı ilə oynayır. O biri hey çığırır, əmzik verirlər, sorub atır, oyuncaq verirlər qırır, bilmək istəyir ki, içərisində nə var. Bax beləsi jurnalist ola bilər”. İnsanın gərək peşəsi ilə xarakteri uzlaşsın... Müəllifin qənaəti belədir.
Ə.Babayevanın əsərlərində çoxlu Bakı var. Məsələn, “Mənim doğma şəhərimdə xəzri qopanda onun vıyıltısına, fəryadına qulaq asın. Bu fəryadda mənim səbir etməkdən bezmiş səsimi eşidəcəksiniz”. Və ya: “Elə vaxtlarım olurdu ki, deyirdim, kaş bir yarpaq olaydım. Bakının xəzrisi vurub salaydı torpağa, xəzana qarışaydım”. Bu da var: “Sahildə Xəzərin dinclik bilməz dalğaları Bakı gecələrinə şirin nəğmələr oxuyardı”.
***
Ə.Babayevanın yaradıcılığında elə nəsnələr var ki, onlara qarşı heyrətamiz instinktə sahibdir. Məsələn, onun “özünün” Bakısı kimi. 1983-cü ildə yazdığı “Küləyin tərkində” romanında Bakı bağları bütün koloriti – “Hövsan, Zirə bağlarına sərnişin daşıyan “Türkan” gəmisi, “gilavar küləyin gah xəzriyə, gah gilavara çevrilməsi”, Abşeronun qorabişirən günlərində vedrələrdə quyuya salınan qovun-qarpız, “talvardan sallanan sarıgilə, ağadayı salxımları”, “yaxın getsən quyunun anası səni özünə çəkər” ürkütməsi, hətta ancaq Bakı dialektinə xas “dayday” xitabı, müraciəti ilə boy verir, görünür. “Xalıq dayday xəzrini sevir, deyir: – Xəzridə adam özü də xəzriləşir”.
“Küləyin tərkində”ni oxumamışdan əvvəl onun haqqında yazılanları oxudum. Fakt və məlumatlar romanla yaxından tanış olmaq həvəsimi daha da artırdı. İki Azərbaycan milyonçusu Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi, XX əsr Azərbaycan mühacirət ədəbiyyatının nümayəndəsi Ümbülbanu (Banin) “Küləyin tərkində” romanından təsirlənərək Fransadan Ə.Babayevaya uzun bir məktub yazmışdı: “Mən kiril əlifbasında, çox çətinliklə də olsa, “Küləyin tərkində” romanını oxudum. Əsər məni keçmişə apardı. Bakını küçəbəküçə gəzdirdi. Bakını çoxdan unutmuşdum. Sizin əsərinizi oxuyandan sonra Bakının küləkləri yadıma düşdü, xəzri və gilavar mənə həm hərarət, həm də sərinlik gətirdi. O küləklər mənə Bakıda keçən gəncliyimi xatırlatdı. Sizin nə gözəl adınız var: Ələviyyə. Bu ad Sizdə haradandır? Bu əsəri fransız dilinə tərcümə etmək fikrindəyəm”.
Feminist yazıçılar “qadın ədəbiyyatı”nı ayrı-seçkilik kimi qələmə versələr də, düşünürəm ki, bu terminin mahiyyəti ilk baxışda göründüyü kimi deyil. Yəni, “medalın” digər üzündə diskriminasiya, müqayisə, yuxarıdan aşağı baxmaq, ikinci dərəcəli ədəbiyyat deyil, hiss, duyğuya bürünmüş dərin məna düşünülür. Məsələn, Ə.Babayeva qadın olmasaydı, sözügedən əsər Ümbülbanunu o qədər də həyəcanlandırmayacaqdı. Çünki qadının hiss və həyəcanını heç kim onun özü kimi ifadə edə bilməz. O böyüklükdə Marina Svetayeva yazırdı: “Məni qınama, Tanrım, axı sən heç vaxt qadın olmamısan”... Ümbülbanu da öz sahəsində kiçik adam deyildi. Fransız ədəbiyyatında Azərbaycan əsilli yazıçı kimi yer tutmuş, qələmi ilə ölkəmizi Fransada və dünyada tanıtmış, ermənilərin ərazi iddiaları başlayanda Fransa qəzetlərində məqalələrlə çıxış etmiş tanınan sima idi. Avropa standartları ilə təhsil almış, sentimentallıqdan uzaq bir ziyalını təəccübləndirmək və təsirləndirmək asan məsələ deyildi. Bu kontekstdən çıxış etsək, “Küləyin tərkində”nin ona Bakı peyzajının “bir parçası” olduğunu xatırlatması Ə.Babayevanın ustalığının, əsərin dərin sənətkarlığının göstəricisidir.
Romanı oxuyandan sonra ömrünün böyük hissəsini xaricdə keçirmiş, sovet hakimiyyətinin qələbəsindən sonra qəlbi Azərbaycandan, Bakıdan soyuyan, həmvətənləri ilə görüşməyə o qədər də meyilli olmayan Ümbülbanunun qəfil püskürən qəribçilik xiffətinin səbəbini, deyəsən, anladım. “Avqustun axırıncı həftəsi hava birdən-birə sındı. Göyün üzünə buludlar boz pərdə çəkdi. Şaraqqaşuruq səslər eşidildi. İldırım çaxdı və sonra həyət-bacaya qəribə sükut çökdü. Sükut yarpaqların pıçıltısını, quşların nəğməsini boğmuşdu. Bircə dənizin həyəcanlı uğultusunu batıra bilmirdi. Dəniz gözəgörünməz, nəhəng dodaqlarını uzadıb sükutu üfürürdü”. Bu mənzərəni bir dəfə görən, səsləri eşidən, duyğuları yaşayan və bütün bunları emosional yaddaşında daşıyan çətin ki, bir də unudar, unuda bilər...
***
Ə.Babayevanın “öz” fəsilləri var. “Özünün” peyzajı... Təbiət hadisələri. Qışı, yazı, yayı, bir də payızı... Payızı lap çox var, bir başqa, həzin, sevgi dolu. Hər gəlişində bir ayrı cür. Hər dəfə də ona elə gəlir ki, “ömründə belə gözəl payız görməyib”. “Bu yerlərdə yarpaqlar oktyabrın əvvəllərində saralmağa başlayır, yayda qızmar günəşdən sinəsi çatlamış, cadar-cadar olmuş torpağın üstünü xəzan örtür. Payız nazənin yerişi ilə asta-asta Abşeron torpağına ayaq basdıqca dəniz həyəcanla ləpələnir, həsrətlə ah çəkir, ləpədöyəndə sevgilisinin qədəmləri dəyən yerlərə ağ mirvarilər düzür. Gözəl payız da bağları gəzir, ağacların başına sarı cuna çəkir, gecələr başını sahil qayaları üstə qoyub dalğaların nəğməsini dinləyə-dinləyə yuxuya gedir”. Onun əsərlərini oxuyanda təbiətin gücünü hiss edirsən... “İldırım gecənin qara məxmərini cırıb harasa vızıldadır… dağların başına kəlağayı dolayan buludlar kükrəyir... Leyla da gecənin qulağına “bir də, bir də...” deyə israr edir”.
Ə.Babayevanın əsərlərində fəlsəfə var. “Hər şey ötüb keçəcək... Bizə belə deyiblər, belə öyrədiblər. Ancaq köçməyən, əbədi qalan da olacaq. Daşlar, qayalar qalacaq. Xəzər qalacaq... Bir də... ümid qalacaq, həyatı çiyinlərində gəzdirən ümid”. Onun ümidi də rənglidir... “Yaşıl, qırmızı, sarı, narıncı ümidlər...”. “Adamlar və talelər” yazıçı deyir: “Ən çətin anlarda ümid təmiz hava olur, nəfəsi yüngülləşdirir. Çıraq olur, qaranlığı işıqlandırır”. Yazıçının xoşbəxtlik haqqında fikirləri də maraqlıdır: “Səadət çox yüksək hissdir, onun gərək qədrini biləsən, qurtum-qurtum içəsən ki, ləzzətini qanasan”. “Təbiət nə böyük xəyalpərəstdir”... Bu da Ə.Babayevanın kəşfidir...
Ə.Babayevanın əsərlərində məhəbbət var. Bu məhəbbət “şitillikdə becərilən gül deyil”… Əkib-becərməklə, qulluqla, bəsləməklə araya-ərsəyə gəlmir. Onun sevgisi “küləyin dəcəlləşərək bir tozcuğu o birinə qovuşdurmasından, gecənin rütubətindən, sübhün jaləsindən... doğan çöl çiçəyidir”.
***
Ə.Babayeva həm də gözəl hekayəçidir. Hekayə yazmağa “36-37-ci dəhşətli illərdə” başlayıb. “Lalələr açanda” hekayəsi qeyri-adi süjet və fabulası, qaldırdığı problemləri ilə diqqət çəkir... Baltikyanı respublikalardan birində, daha dəqiqi Tallində səfərdə olan bir azərbaycanlı axşam mehmanxanada darıxır və özünə telefon dəcəlliyi etməyə “icazə verir”. Buna onu həvəsləndirən hotel otağındakı telefon kitabçası, daha doğrusu, orada tapdığı azərbaycanlı familiyası olur. Beləliklə, iki azərbaycanlı – biri öz vətənində yaşayıb öz dilində danışan, digərinin isə ancaq ad-soyadı azərbaycanlı olduğunu məlum edən, əsli-nəsli Qarabağdan olsa da, Şuşanı “uca dağlar başında bir kənd” bilən digəri görüşüb tanış olurlar... Hekayə Qarabağ hadisələrindən əvvəl yazılıb, buna görə də diqqətin Şuşaya yönəldilməsi məlum məqsədi daşımır. Lakin son 30 ildə yaşadıqlarımızdan dolayı Şuşanın adı gələndə başqa hər şey onun kölgəsinə keçir. Atasının yurdundan başqa dünyanın ayağı dəyməyən qitəsi qalmayan İmrana müəllif Azərbaycandan danışır: “Siz Tokiodan, Parisdən, Çikaqodan danışırsınız. Ancaq mənim üçün Azərbaycan o yerlərin hamısından gözəldir. Heç bilirsiniz Şuşa necə gözəldir? Burada lalə becərmirlər. Amma bir də görürsən ki, yamaclar, dağların döşü göz işlədikcə qızıl lalədir. Baxırsan, gözün qamaşır”. Lakin müəllif müsahibində vətən təşnəsi hiss etmir, bu 30 yaşlı cavanda Parisdə Bakı ab-havası ilə yaşayan Ümbülbanunun yurd həsrətindən əsər-əlamət yoxdur. Atasının Şuşa xatirələri də onun “əl-ayağına” dolaşmır. Atası ona Abasov İmran ad-soyadından başqa milli heç nə verə bilməmişdi. Bütün bunlar çox ağrılı idi. “Estonlar onu azərbaycanlı bilirdilər, azərbaycanlılar eston...”. Əsərdə vətən məhəbbəti, torpağa bağlılıq, soy-kökə qayıdış, doğmalıq hissləri ön plandadır.
***
Epik növün imkanlarından gen-bol yararlanan yazıçı gənc oxucularını da unutmamışdır. Uşaqlar üçün “Qızıl buzov”, “Tək ağac”, “Kənd yollarında”, “Tut ağacı”, “Sehrli pillələr”, “Arıxanada” və başqa kitabları nəşr olunmuşdur. “Cırtdan şəhərdən qaçıb” povesti bu gün də həvəslə oxunur. “Ə.Babayevanın mövzu dairəsi geniş, hərtərəflidir. Onun dolğun məzmunlu, maraqlı bədii əsərlərində uşaq təxəyyülünə uyğun şəkildə qələmə aldığı həyat hadisələri azyaşlı oxucunun dünyagörüşünə faydalı təsir göstərir, onlarda gözəl hisslər, vətənpərvərlik duyğuları aşılayır”. Yazıçı Qəşəm Nəcəfzadə özünün uşaq yaradıcılığında Ə.Babayevanın mühüm rolunu xüsusi qeyd edərək bildirir ki, Ələviyyə xanım öz övladı olmamasına baxmayaraq, uşaqlara, onların ədəbiyyatına necə sevgi ilə, həssaslıqla yanaşırdı. Yazıçı əsərləri ilə istiqamətləndirir, tərbiyələndirir, yeri gəldikcə də islah edirdi. Lakin “müəllif nəsihətçilik yolunu tutmur, hadisələrin ümumi axarı isə uşağın özünü düşünməyə, yersiz hərəkətlərdən çəkindirməyə səsləyir. İlk kitabından üzü bəri müəllim mövzusu Ə.Babayevanın sevimli mövzusu olub. “Bir müəllimə vardı” hekayəsində təsvir edilən müəllimənin koordinatları göstərilməsə də, yazıçının verdiyi ipucu, usta təqdimatı sayəsində onun 132 saylı məktəbin mərhum direktoru Bilqeyis Təhmasib olduğunu dərhal təxmin etdim. Əslində, bu hekayə də deyil, etüddür. Heç etüd də deyil, şərəfli peşə nağılıdır. Olmuş nağıl. “Biri vardı, biri yoxdu, bir məktəbdə bir müəllimə vardı. O, çox-çox məktəblərdə dərs deyən, çox-çox müəllimlərin müəllimi idi. Siz məndən nağıl gözləyirsiniz, eləmi? Bu nağıl deyil, nağılabənzər həqiqətdir”. Bilqeyis müəllimə ədəbiyyatşünas Məmmədhüseyn Təhmasibin həyat yoldaşı olub Bakının əsas ziyalı zümrəsinin müəllimi olmuşdu. Səməd Vurğunun qızı Aybəniz Vəkilova, Xalq artisti Fuad Poladov və başqa məşhurlar Bilqeyis xanımın sinif otağından çıxmışdılar ki, Ə.Babayeva da bunları dəqiq bilirdi və hekayəsində də gözəl ifadə edirdi.
***
Ə.Babayeva tərcüməçilik fəaliyyəti ilə də məşhurdur. Rus yazıçılarından A.Qaydar, V.Bianki, K.Paustovski, V.Korolenko və başqalarından etdiyi professional tərcümələr kütləvi tirajla çap olunmuşdur. Ümumilikdə Ə.Babayeva 30-dan çox klassikin kitabını dilimizə tərcümə etmişdir.
Yazıçı əsərləri barədə deyirdi ki, kitablarımın ömrü mənim ömrümdən qısa olacaqsa, heç yaşamamış kimiyəm... Düşünürəm ki, bu gün Ə.Babayevanın, sözün birbaşa mənasında, övladları olan əsərləri tərəfdən nigarançılığı üçün heç bir əsas yoxdur.
Bir haşiyə: Yeni nəsil yazıçılardan Şərif Ağayar bəzi qadın yazıçılarımız haqqında “bəzən bax mən bunu yaza bilməzdim” etirafını edəndə Ə.Babayevanın da adını çəkmişdi. Bu bir kompliment, “ədəbiyyat avtobusunda nəzakət xatirinə” (Əsəd Cahangir) yervermə deyildi, yazıçının halal haqqı idi. Bu gün də Ə.Babayevanın lirik qəhrəmanına vurulan gənc yazıçılar vardır. Müstəqillik qazanandan sonra bizdə sovet dövrü yazıçılarına (hələ klassiklərimizi demirəm) zəmanədən dolayı ucdantutma böhtan, qarayaxma, qınama kompaniyası başlayıb ki, bu da yolverilməz və böyük haqsızlıqdır. Niyə belə dedi və ya demədi... İnsan valideynlərini seçmədiyi kimi, zəmanəsini də seçmir, necə deyərlər, belə bir lüksümüz yoxdur. Müstəqillikdə oturub qorxunc repressiya, qatı durğunluq dövrlərində yaşayanları günahkar çıxarmaq, lağa qoymaq çox asandır. Ə.Babayevaya gəldikdə isə bu tendensiya nə onun yaradıcılığına, nə də şəxsiyyətinə aiddir. Əsərlərini yenidən sərf-nəzər etdikdə bu gün utanacaq bir mövqe, zaman baxımından silinəcək parça görmürük. Qismətinə düşən uzun ömrü əminlik və ləyaqətlə yaşamış, öz dəst-xəttinə sadiq qalmış, adı həmişə canından qabaq olmuşdur. Hər növ konyukturadan uzaq dayanan, özgə kanonları rədd edən Ə.Babayeva yalnız Böyük Ədəbiyyata xidmət etmişdir. Bunu onun çox nüfuzlu qələm dostları, həmkarları da dəfələrlə qeyd etmişlər. Görkəmli ədəbiyyatşünas Əkrəm Cəfər Ə.Babayevanın yaradıcılığını yüksək qiymətləndirərək yazırdı: “Elmi-bədii ədəbiyyat əsəri necə olar? Əgər məndən bunu soruşsaydılar, deyərdim: “Gedin, Ələviyyənin əsərlərini oxuyun”. Xalq şairlərindən Süleyman Rüstəm, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə onun yaradıcılığı ilə bərabər xarakterindəki cəsarəti, əyilməzliyi yüksək qiymətləndirmişdilər. Əzizə Cəfərzadə təəssübkeşliyinə, həmkarlarına can yandırdığına, əziləni müdafiə etdiyinə görə onu “bizim xeyirxahımız” adlandırırdı. Ə.Babayeva xaricdə də oxunur və bəyənilirdi. Onun “Allah düşünür” hekayəsi Almaniyada tərcümə edilərək yayılmışdı. Məşhur türk yazıçısı Suat Dərviş görüşlərinin birində onun haqqında demişdi ki, mən Ə.Babayevanın hekayələrini oxumuşam, mənə çox maraqlı təsir bağışlayıb... O, gələcəyin böyük romançısı olacaq. Böyük romançının bu uzaqgörən proqnozu özünü doğrultdu. Ə.Babayeva özündən sonra 9 roman qoyub gedib. Yazıçı özü roman janrı, onun məqsəd və vəzifələri barədə belə deyirdi: “Romançı öz dövrünün sadəcə müşahidəçisidirsə – bu çox azdır. O, həyatın burulğanında keçən – yaşadığı zamanın tədqiqatçısı və güzgüsü olmalıdır”. Suat Dərvişin bioqrafiyasına nəzər salsaq, onun nədən Ə.Babayevaya diqqət yetirdiyini anlayarıq. Özü haqqında deyirdi ki, mən yazar Suat Dərvişəm, kimsənin karısı olaraq yad ediləməm... Nazim Hikmət də onu “başını əyə bilmədiyim tək qadın” adlandırmışdı. Ə.Babayeva da “müstəqil düşüncə tərzi ilə” seçilən qadın yazıçılarımızdan idi. Onun əsərləri “xarakteri” ilə seçilir. Süleyman Rəhimov isə Ə.Babayevanın istedadı və yenilməzliyi barəsində “Allah səhv eləyib, kişi yaradacaqdı, çaşıb qadın yaradıb” demişdi. Yaradıcı insan həmişə öz ruh əkizini tapır, tanıyır. Amma... S.Dərvişdən çox-çox əvvəl, Ələviyyənin 10-11 yaşı olanda təsadüfən onu görüb danışdıran Mikayıl Müşfiq “bu qız şair olacaq” demişdi. Sonralar həmin görüşü xatırlayan Ə.Babayeva deyəcəkdi: “Müşfiq bir balaca səhv edib, mən şair yox, yazıçı oldum...”.
***
Ümummilli liderimiz Heydər Əliyevin Ə.Babayevanın yaradıcılığına, şəxsiyyətinə xüsusi münasibəti var idi. Yazıçı özü bu barədə belə yazmışdı: “Heydər Əliyev mənim yaradıcılığımı, mərdliyimi, cəsarətimi qiymətləndirirdi. Əsərlərimi oxuyurdu və bəyənirdi”.
Ə.Babayeva qəliblərdən uzaq yaradıcılığı, real, canlı, təravətli surətləri, təsvir vasitələri, dil xüsusiyyətləri ilə nəsrimizi daha da zənginləşdirmişdir. O, əsərlərinə, istər böyük olsun, istər kiçik, lazımi intonasiyanı verə bilirdi. Nasirin vaxtilə bestseller olmuş kitabları yenə də oxunur, tədqiqata cəlb edilir. Elə haqqında yazılan bu oçerklə ədəbiyyat tariximizin cildində özünə yer alması yaradıcılığına verilən qiymətin, dəyərin göstəricisidir. Həm də oxucu məhəbbətinin.
Deyirlər, uzun ömür sürən insanlar “bədahətən” ölür. Ölüm hər bir halda hadisədirsə, öz əcəli ilə ölmək çox az adama qismət olan böyük hadisədir. Bu “hadisə” baş verəndə onun 93 yaşı vardı. Bu da adamlar və taleləri araşdıran qocaman yazıçımızın tale qismətidir. Ə.Babayeva 2014-cü il sentyabrın 23-də “ömrünü əsərlərinin ömrünə bağışlayaraq” əbədi məskəninə köç etmişdir.
Dilarə Adilgil
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı