Xəbər verdiyimiz kimi, Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşəbbüsü və “Foto Xalça” MMC-nin tərəfdaşlığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi təşkil edilib.
Sentyabrın 18-də – Milli Musiqi Günündə açılışı keçirilən sərgidə Mədəniyyət Nazirliyinin rəsmiləri, tanınmış mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri sərgi ilə yaxından tanış olaraq təəssüratlarını bölüşüblər.
Sərgi mədəniyyətimizin təşviqi, mədəni irsimiz olan naxışların gənc nəsillərə ötürülməsi və təbliğinə bir töhfədir. Sərgidə müasir texnologiyalar vasitəsilə hazırlanmış Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Qara Qarayev kimi görkəmli Azərbaycan bəstəkarlarının portretlərinin əks olunduğu xalçalar, milli musiqi alətlərinin, qədim Şuşa qalası və digər regionlarımızın özünəməxsus naxışlarının işləndiyi xalçalar və kəlağayılar, eləcə də milli naxışlı çantalar, rəsm əsərləri və digər əl işləri nümayiş olunur.
Sözügedən nümunələrin hazırlanmasında naxışlardan istifadə etməklə milli ənənələrin qorunması və təbliği müasir dövrdə vacib məsələlərdən biridir. Ona görə ki, naxışlar həm də bir millətin genetik identifikasiya kodu hesab olunur.
Filarmoniyada “Mədəniyyətimiz naxışların izi ilə” sərgisi sentyabrın 28-dək davam edəcək.