Konsertdə musiqiçiləri Moskva Dövlət Filarmoniyasının Akademik Simfonik Orkestri müşayiət edib. Dirijor pultu arxasında Rusiyanın və Azərbaycanın ən böyük orkestrləri ilə əməkdaşlıq təcrübəsinə malik olan Moskva Konservatoriyasının tələbəsi Murtuza Bülbül çıxış edib.
Gecənin proqramına Feliks Mendelsonun və Pyotr Çaykovskinin əsərləri daxil edilib.
Gecədə iştirak edən Rusiya Dövlət Akademik Bolşoy Teatrının solisti, Azərbaycanın Xalq artisti Dinara Əliyeva konsertlə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb. “Bu gün Çaykovski zalında gözəl konsert oldu. Həmyerlim, gənc və istedadlı dirijor Murtuza Bülbüllə fəxr etdim və onun uğurlarına sevindim. O, böyük Bülbülün nəvəsi və görkəmli musiqiçi Polad Bülbüloğlunun oğludur. Şadam ki, Murtuza bu musiqi ailəsinin ənənələrini davam etdirir”, – deyə opera müğənnisi bildirib.
O vurğulayıb ki, dirijor musiqiçiləri emosional şəkildə ifaya ruhlandırır və onlara özlərini vahid orkestr kimi hiss etməyə kömək edir. “Bu gün Murtuza musiqiçilərlə ünsiyyətdə daha inamlı olub. Dirijorun gənc olmasına baxmayaraq, musiqiçilərin ona necə hörmət və anlayışla reaksiya verdiyini gördüm. Əsas olan da budur. Ona böyük uğurlar arzulayıram. Gənc istedadlı ifaçıları - skripkaçı Andrey Zubkovu və pianoçu Aleksandra Stıçkinanı da qeyd etməyə bilmərəm”, – deyə Azərbaycanın Xalq artisti əlavə edib.
“Gənc istedadlar” uzun illərdir Moskva Dövlət Filarmoniyasının dinləyicilərin əsl marağına səbəb olan möhtəşəm layihələrindən biridir. Bu, ən parlaq gənc ifaçılara Rusiya paytaxtının əsas səhnələrindən birində çıxış etmək və əvəzolunmaz təcrübə qazanmaq imkanı, dinləyicilərə isə bir neçə ildən sonra dünya ifaçılıq məktəbinin qürur mənbəyinə çevriləcək solistlərin yaradıcılığı ilə tanış olmaq şansı verir.