Elmina Həsən bir müsabiqədən üç mükafatla qayıdıb

 

Xəbər verdiyimiz kimi, Azərbaycan vokalçısı, Vokalçıların Bülbül adına VIII Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatının laureatı, Nyu-York “Metropoliten” Operasının gənc artistlər proqramının (“Lindemann Young Artist Development Program”) iştirakçısı Elmina Həsən nüfuzlu “Operaliya” müsabiqəsində (15-21 sentyabr) uğur qazanıb.

1993-cü ildə təməli qoyulmuş müsabiqənin təsisçisi və əsas bədii rəhbəri dünyaca məşhur ispan tenoru Plasido Dominqodur.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu (Xalq artisti, “Solo oxuma və opera hazırlığı” kafedrasının professoru Gülnaz İsmayılovanın tələbəsi) Elmina Həsən müsabiqənin Mumbayda (Hindistan) keçirilən final mərhələsini üç mükafatla başa vurub. O, “Operaliya”nın əsas proqramı üzrə II mükafata və ispan milli musiqi sənəti – Sarsuela (isp. Zarzuela) proqramı üzrə “Pepita Embil de Dominqo” mükafatına (Plasido Dominqonun anasının adına təsis olunub) layiq görülüb.

“Tamaşaçı rəğbətinə görə” mükafat müsabiqənin sponsoru “Rolex” firmasının hədiyyəsi qiymətli saat da Elmina Həsənə qismət olub.

Xatırladaq ki, əslən Azərbaycanın Qusar rayonundan olan və Rusiyanı təmsil edən Elmira Qaraxanova da müsabiqənin yarımfinalına çıxmışdı.

Qeyd edək ki, “Operaliya” müsabiqəsində qadın və kişi səsləri üçün ayrı-ayrı mükafatlar verilir.

İki I mükafat 30 min, iki II mükafat 20 min, iki III mükafat isə 10 min dollar məbləğindədir. Bundan əlavə, uğurlu iştirakçılara 10-15 min dollar məbləğində xüsusi mükafatlar da təqdim olunur.

İndiyədək Azərbaycandan Dinarə Əliyeva 2010-cu ildə Milanda keçirilmiş “Operaliya” müsabiqəsində III mükafata layiq görülmüşdü.

Gülcahan