«Gələn il Bakıda keçiriləcək Avropa Oyunları zamanı lisenziya almayan hotellərin fəaliyyəti qadağan olunacaq». Bu fikri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, turizm fəaliyyəti göstərən obyektlərin lisenziyalaşdırılması üçün son monitorinq qrupları rayonlara ezam olunub: «Hotellərin və mehmanxanaların lisenziyalaşması davam edir. Bakı və onun ətrafındakı bütün hotellər ilin axırına qədər lisenziya əldə etməlidir. Əgər lisenziya almasalar, Avropa Oyunları zamanı onların fəaliyyəti qadağan olunacaq. Düşünürük ki, beynəlxalq tədbirlərdə yalnız lisenziya əldə edən hotellər öz xidmətlərini təqdim edə bilərlər».
Nazir əlavə edib ki, ilin sonuna yaxın Bakıya gələcək turistlərin yerləşdirilməsi üçün yerlərin sayı artacaq: «Bakıda hazırda 11 min insanın yerləşməsi üçün şərait var. Düşünürəm ki, bu rəqəmi ilin axırına qədər 13-15 minə çatdıra biləcəyik».
Fəxriyyə Abdullayeva