Rusiya Federasiyanın V.N.Tatışev adına Həştərxan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Angelina Fadina Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.

Universitetdən bildirilib ki, rektor İlham Mədətov ilə keçirilən görüşdə qonağa universitetin fəaliyyəti, beynəlxalq əlaqələri, o cümlədən ikitərəfli əməkdaşlıq çərçivəsində ATMU professor-müəllim heyətinin Həştərxanda keçirilən tədbirlərdə yaxından iştirakı haqqında məlumat verilib.

ATMU və V.N.Tatışev adına Həştərxan Dövlət Universiteti arasında əməkdaşlıq imkanlarını müzakirə edən tərəflər beynəlxalq təhsil layihələri və proqramları çərçivəsində əlaqələri prioritet istiqamət kimi dəyərləndiriblər.

Angelina Fadina Azərbaycanda turizm sektorunun davamlı inkişafı barədə məlumatlı olduğunu, Həştərxanın turizm potensialının səmərəliliyi istiqamətində müvafiq azərbaycanlı mütəxəssislərdən faydalanacaqlarına inandığını deyib. O, Rusiya-Azərbaycan əlaqələri prizmasından Bakı-Həştərxan şəhərləri arasındakı münasibətlərin davamlılığından məmnun qaldığını söyləyib.