Ağstafa rayonu ərazisində yerləşən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki Kurqanlar vadisində çoxlu sayda qəbir abidəsi mövcuddur. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə institutun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfovun rəhbərliyi ilə Karvan dərəsi kurqanlarında “Keşikçidağ”da arxeoloji qazıntılar və “Yay məktəbi” – 4” adlı layihə həyata keçirilir.

Layihədə gənc könüllülər, tarix müəllimləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qarabağ Universitetinin, ADA Universitetinin Qazax Mərkəzinin tələbə və magistrantları, Qazax Dövlət Sosial-İqtisad Kollecinin tələbələri, abidə mühafizləri və tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları iştirak edirlər.

Qazıntılar 3 kurqan abidəsində paralel olaraq həyata keçirilir. Ərazidə bir-birinə yaxın məsafədə 4 kurqan qeydə alınıb. Onlardan birinin qazıntısı əvvəlki illərdə həyata keçirilib. Qalan 3 kurqan abidəsinin qazıntısı isə bu il aparılır. Kurqanlar bir-birinə təxminən 10-40 metr məsafədə yerləşir.

Kurqan örtüyü götürüldükdən sonra mərkəzdə qəbir kamerası aşkarlanıb. Qəbir kamerasının üzərinə 20-30 santimetr qalınlığında və 1,5-2 metr uzunluğunda qaya daşlarından qismən yonularaq forma verilmiş plitə daşlar düzülüb.

Arxeoloji qazıntılarda skif ox ucluğu, balıqqulağı və pasta muncuqlar, saxsı nümunələri, bişmiş heyvan sümükləri aşkarlanıb. Bu tapıntılar içərisində tuncdan olan və Xocalı-Gədəbəy mədəniyyətinə aid olduğu ehtimal edilən keramika məmulatları və e.ə. VII əsrə aid skif ox ucluğu xüsusilə maraq doğurur.

Ərazidə araşdırmaların davam etdirilməsi nəzərdə tutulur.