Sentyabrın 25-də Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandum Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov ilə Qazaxıstan Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqaliyeva tərəfindən imzalanıb.

Sonra Qazaxıstan Milli Akademik Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılışı baş tutub, mərasimdə Kərim Tahirov və Qaziza Nurqaliyeva simvolik lent kəsərək guşənin fəaliyyətinə start veriblər.

K.Tahirov çıxışında bildirib ki, "Azərbaycan ədəbiyyatı guşəsi"ndə ölkəmizin müasir nailiyyətləri, 44 günlük Vətən müharibəsindəki qələbəsi, tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı 250-dən çox kitab nümayiş olunur. O, xatırladıb ki, Azərbaycan Milli Kitabxanasında "Qazaxıstan ədəbiyyatı guşəsi" 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə təntənəli şəkildə açılıb.

Q. Nurqaliyeva çıxışında vurğulayıb ki, onlar 2003-cü ildən etibarən Azərbaycan Milli Kitabxanası ilə yaxın əməkdaşlıq edir. O, gələcəkdə iki kitabxana arasındakı əlaqələrin daha da güclənəcəyinə inamını ifadə edib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmiyə və istedadlı şair Fərid Hüseynə Qazaxıstan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqələri təqdim olunub.

Sonda tədbir iştirakçıları milli mətbəximizin təamlarından dadıb və "Azərbaycan ədəbiyyatı guşəsi"ndə yer alan nəşrlərlə tanış olublar.