“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib. Baş nazir Əli Əsədov bununla bağlı sentyabrın 20-də Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb.

Əsasnamədə qeyd olunur ki, “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu və Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənilmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və məbədlərin yerləşdiyi, eyni zamanda zəngin təbii potensiala, iqtisadi və ekoloji resurslara malik olan, dövlət tərəfindən mühafizə edilən ərazidir.

Qoruq Dövlət Turizm Agentliyi (Agentliyin Qoruqları İdarəetmə Mərkəzi) tərəfindən idarə olunur. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələri, təbii landşaft dövlət tərəfindən qorunur və qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə oluna bilər. Ərazidə tarix, mədəniyyət, elmi, estetik, rekreasiya dəyərini aşağı sala bilən fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.

Bundan öncə Nazirlər Kabinetinin 24 iyul 2024-cü il tarixli qərarı ilə qoruğun sərhədləri və mühafizə zonası təsdiqlənib. Qoruğun sərhədi daxilində sahə 33,78 hektar, qoruğun mühafizə zonasında qalan sahə isə 78,59 hektar təşkil edir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il iyunun 16-da imzaladığı sərəncamla Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisi “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu elan edilib.