Pianoçu, pedaqoq Elmira Səfərovanın xatirəsi anılıb

 

Elmira Səfərova uşaqlıq dövründən musiqiyə həvəs göstərib. Bu sahədə ilk təhsilini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki musiqi məktəbində alıb. Kövkəb Səfərəliyeva, Lidiya Yeqorova və digər görkəmli pedaqoqlardan musiqi sənətinin sirlərini öyrənib. İllər sonra müsahibələrinin birində o, belə demişdi: “Gələcək həyatımda sənət seçimi ilə bağlı heç bir zaman sual meydana çıxmamışdı. Belə bir təəssürat var idi ki, musiqi mənimlə birgə doğulub və mən öz həyatımı musiqidən kənar heç cür təsəvvür edə bilmirdim...”.

Sentyabrın 23-də Bakı Kitab Mərkəzində görkəmli pianoçu, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Səfərovanın (1934–1997) 90 illiyi münasibətilə keçirilən tədbirdə də həyatını musiqiyə həsr etmiş insan haqqında xatirələr dilə gəlib.

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı açıb.

E.Səfərova haqqında videoçarx nümayiş etdirilib.

Ü.Hacıbəyli adına BMA-nın rektoru Xalq artisti Fərhad Bədəlbəyli, mədəniyyət nazirinin müavini Murad Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə və başqaları Elmira Səfərovanın yorulmaz pedaqoji fəaliyyətindən, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən bəhs ediblər.

Bildirilib ki, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunan Elmira Səfərova professor Mayor Brennerin sinfində təhsil alıb. Tələbəlik illərindən istedadlı pianoçu kimi tanınıb, konsertlərdə çıxış edib. 1957-ci ildən təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında davam etdirib. Musiqi ifaçılarının I Zaqafqaziya müsabiqəsində (1960) laureat adını qazanıb.

1961-ci ildən Azərbaycan Dövlət Konservatoriyasından müəllimlik fəaliyyətinə başlayan Elmira Səfərova respublikamızda musiqi sənətinə və fortepiano ifaçılığı üzrə yüksək səviyyəli peşəkarların hazırlanmasına böyük töhfələr verib. O, sonralar məşhurlaşan və bu gün pianoçu kimi Azərbaycan musiqisini uğurla təmsil edən bir çox ifaçıların müəllimi olub. Həmçinin musiqi məktəblərinin müəllimləri üçün ixtisasartırma kurslarında metodiki işlər və mühazirələr aparıb, metodik vəsaitlərin müəllifi olub.

Qeyd edilib ki, pedaqoji fəaliyyəti ilə yanaşı, Elmira xanım konsertlərdə solo və ansambl ifaçısı kimi çıxış edib. Mütəmadi olaraq keçirdiyi tematik açıq sinif konsertləri də böyük marağa səbəb olub. Yetirmələri bu gün konsert-ifaçılıq və pedaqoji fəaliyyətləri ilə onun yolunu davam etdirirlər.

Tədbirdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda musiqişünas, akademik Zemfira Səfərova bacısının uşaqlıq, gənclik, tələbəlik illərindən söz açıb, tədbirin iştirakçılarına ailəsi adından təşəkkürünü bildirib.