Azərbaycan
25 sentyabr 1890 – Folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Əbülqasım Nurməmməd oğlu Hüseynzadə (1890 – 2.9.1988) anadan olub.
25 sentyabr 1896 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Sergey Mitrofanoviç Yefimenko (1896-1971) anadan olub. 1927-ci ildən Dövlət Rus Dram Teatrında rəssam və baş rəssam işləyib, Opera və Balet Teatrında çalışıb.
25 sentyabr 1906 – Əməkdar artist, opera müğənnisi Xanlar Məmməd oğlu Haqverdiyev (1906 – 5.12.1980) Ağdam rayonunun Seyidli kəndində doğulub. Akademik Opera və Balet Teatrında çalışıb.
25 sentyabr 1906 – Xalq artisti Solmaz (Nina) Orlinskaya (1906-1973) anadan olub. Tiflis Azərbaycan teatrında çalışıb, 1933-cü ildən Gəncə Dram Teatrının aktrisası olub.
25 sentyabr 1910 – Xalq artisti Sergey İliç Yakuşev (1910–1995) Həştərxanda doğulub. 1948-ci ildən Dövlət Rus Dram Teatrının aktyoru olub.
25 sentyabr 1913 – Xalq rəssamı, Dövlət mükafatları laureatı Nüsrət Möhsün oğlu Fətullayev (1913 – 1.10.1987) Lənkəran rayonunda doğulub. 1935-ci ildən Akademik Milli Dram Teatrında çalışıb, teatrın baş rəssamı olub.
25 sentyabr 1928 – Kinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Arif Hacıağa oğlu Babayev (1928 – 26.8.1983) Bakıda doğulub. Filmləri: “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Alma almaya bənzər”, “Birisigün, gecəyarısı...” və s.
25 sentyabr 1929 – Kitabxanaşünas alim Tacəddin Fərhad oğlu Quliyev (1929–2005) Goranboy rayonunun Zeyvə kəndində anadan olub. Respublika Kitabxana Kollektorunun direktoru, BDU-nun kafedra müdiri işləyib.
25 sentyabr 1935 – Tanınmış ədəbiyyatşünas, filosof Asif Qasım oğlu Əfəndiyev (Asif Ata; 1935 – 6.6.1997) anadan olub. “Dairələr”, “İnsan yolu”, “Tarixə çatmaq” və d. fəlsəfi-bədii əsərlərin müəllifidir.
25 sentyabr 1984 – Əməkdar incəsənət xadimi, kinorejissor Zeynəb Talıb qızı Kazımova (27.12.1912 – 1984) vəfat edib.
26 sentyabr 1936 – Əməkdar artist, tanınmış rəqqas Kamil Hənifə oğlu Dadaşov (1936 – 15.10.2016) Bakının Novxanı kəndində anadan olub.
26 sentyabr 1951 – Xalq artisti Ramiz Soltan oğlu Məmmədov (1951 – 21.3.2021) anadan olub. Akademik Musiqili Teatrda çalışıb. Televiziya tamaşalarında, filmlərdə (“Alma almaya bənzər”, “Yalan”) çəkilib.
26 sentyabr 1961 – Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 22.6.1897 – 1961) vəfat edib. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub, xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetini yaradıb.
26 sentyabr 1967 – Əməkdar artist Nağəddin Ağarza oğlu Məmmədov (1967 – 22.5.2019) Göygöl rayonunda doğulub. Gəncə Dövlət Kukla Teatrının aktyoru olub.
26 sentyabr 2002 – Əməkdar artist, vokalçı (soprano) Mariya Sergeyevna Titarenko (27.3.1917 – 2002) vəfat edib. Akademik Opera və Balet Teatrının solisti olub.
26 sentyabr 2008 – Əməkdar incəsənət xadimi, kinooperator Şərif İsmayıl oğlu Şərifov (13.10.1938 – 2008) vəfat edib. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Qərib cinlər diyarında” və s.
26 sentyabr 2021 – Əməkdar incəsənət xadimi, bəstəkar Adil Musa oğlu Bəbirov (15.2.1934 – 2021) vəfat edib. Ömrünün son illərini Kanadada yaşayıb.
27 sentyabr 1930 – Əməkdar mədəniyyət işçisi Nina Qriqoryevna Fişeva (1930 – 29.8.2010) Bakıda anadan olub. 1959–2009-cu illərdə Azərbaycan Respublikası Dövlət Foto-Kino Sənədlər Arxivinin direktoru işləyib.
27 sentyabr 1931 – Əməkdar incəsənət xadimi, musiqişünas, professor Bilqeyis Mir Əbdül Qəni qızı Qarayeva-Məmmədova (1931 – 3.7.2010) anadan olub. Konservatoriyada (indiki Bakı Musiqi Akademiyası) prorektor işləyib.
27 sentyabr 2012 – Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Qasım oğlu Atakişiyev (20.5.1940 – 2012) Füzuli rayonunda vəfat edib. Musiqili Komediya, Ağdam, Gəncə teatrlarında çalışıb.
27 sentyabr 2021 – Xalq artisti, tanınmış müğənni Teymur İbrahim oğlu Mirzəyev (1936–2021) vəfat edib. “Qaya” vokal kvartetinin bədii rəhbəri olub.
28 sentyabr 1953 – Xalq artisti Əjdər Qüdrət oğlu Həmidov (1953 – 24.11.2020) Şabran rayonunda anadan olub. Sumqayıt teatrında çalışıb, 1990-cı ildən Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.
28 sentyabr 1978 – Görkəmli yazıçı, ədəbiyyatşünas, professor, Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayev (26.4.1908 – 1978) vəfat edib. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yaşıdlarım” və s. romanların müəllifidir.
28 sentyabr 1985 – Əməkdar mədəniyyət işçisi, aşıq Hüseyn Cavan (Hüseyn Mikayıl oğlu Əliyev; 1916–1985) vəfat edib.
29 sentyabr 1953 – Əməkdar rəssam Rəşid İbrahim oğlu Həsənov (Rəşid Şerif; 1953 – 26.3.2020) Bakının Mərdəkan qəsəbəsində anadan olub. Karikaturaçı və teatr rəssamı kimi tanınıb, Dövlət Yuğ Teatrında çalışıb.
29 sentyabr 1962 – Əməkdar artist, televiziya diktoru Bəxtiyar Nadir oğlu Şərifzadə (1962 – 24.6.2016) Qax rayonunda anadan olub.
29 sentyabr 2003 – Ədəbiyyatşünas alim, şair-publisist Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev; 25.12.1934 – 2003) vəfat edib.
Dünya
25 sentyabr 1765 – Polşa bəstəkarı Mixail Oginski (Michal Kleofas Oginski; 1765–1833) anadan olub.
25 sentyabr 1897 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1949) Vilyam Folkner (William Cuthbert Faulkner; 1897–1962) anadan olub. “Avqustda işıq”, “Şəhər”, “İmarət” və s. romanların müəllifidir.
25 sentyabr 1906 – Rus bəstəkarı Dmitri Dmitriyeviç Şostakoviç (1906 – 9.8.1975) anadan olub. “Burun”, “Mtsen qəzasının ledi Makbeti” operaları, “Qızıl əsr”, “İşıqlı bulaq” baletləri, 15 simfoniya və s. əsərlərin müəllifidir. Moskva Konservatoriyasında Qara Qarayevin müəllimi olub.
26 sentyabr 1888 – Amerika-ingilis şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1948) laureatı Tomas Eliot (Thomas Stearns Eliot; 1888–1965) anadan olub.
26 sentyabr 1889 – Alman filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Martin Haydeger (Martin Heidegger; 1889 – 26.5.1976) anadan olub.
27 sentyabr 1871 – İtalyan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1926) laureatı Qrasiya Deledda (1871–1936) anadan olub.
28 sentyabr 1573 – İtalyan rəssamı Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio; 1573 – 18.7.1610) anadan olub. Məşhur əsərləri: “Yudif və Olofern”, “Tövbə edən Mariya Maqdalina”, “Müqəddəs Pyotrun əzabkeşliyi” və s.
28 sentyabr 1803 – Fransız yazıçısı Prosiper Merime (Prosper Merimee; 1803–1870) anadan olub. Yazıçının “Karmen” novellası əsasında bəstəkar Jorj Bize opera yazıb, “Matteo Falkone” novellası əsasında Azərbaycan rejissoru Tofiq Tağızadə film (1960) çəkib.
28 sentyabr 1915 – Rus teatr rejissoru, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Georgi Aleksandroviç Tovstonoqov (1915 – 23.5.1989) Tbilisidə anadan olub.
28 sentyabr 1924 – İtalyan aktyoru Marçello Mastroyani (Marcello Vincenzo Domenico Mastroianni; 1924 – 19.12.1996) anadan olub.
29 sentyabr 1547 – İspan yazıçısı Migel de Servantes (Miguel de Cervantes y Saavedra; 1547 – 23.4.1616) anadan olub. “Don Kixot” romanı ilə şöhrət qazanıb. Digər əsərləri: “Parnasa səyahət” (poema), “Persiles və Sigizmunda” (roman).
29 sentyabr 1810 – İngilis yazıçısı Elizabet Qaksell (Elizabeth Cleghorn Gaskell; 1810–1865) anadan olub.
29 sentyabr 1904 – Rus yazıçısı Nikolay Alekseyeviç Ostrovski (1904–1936) anadan olub. Əsərləri: “Polad necə bərkidi?”, “Fırtınadan doğulmuşlar”.
29 sentyabr 1912 – İtalyan kinorejissoru Mikelancelo Antonioni (Michelangelo Antonioni; 1912 – 30.7.2007) anadan olub. Avropanın əsas kinofestivallarının qalibi, fəxri “Oskar” mükafatçısıdır.
Hazırladı: V.Orxan