Olaylar, faktlar (25 – 30 sentyabr)

 

653 il əvvəl...

 

26 sentyabr 1371-ci ildə Serbiya ərazisindəki Maritsa çayı sahilində serb, xorvat, bolqar və macarların müttəfiq ordusu ilə Osmanlı qoşunları arasında döyüş olub. Sultan İldırım Bəyazidin qoşunları müttəfiqlərin ordusunu məğlub edib. Serbiya və indiki Bolqarıstanın əsas hissəsi, habelə Makedoniya və Qərbi Frakiya Osmanlının nəzarətinə keçib. Osmanlının Balkan yarımadasında hökmranlığı beş əsr sürdü.

 

490 il əvvəl...

 

27 sentyabr 1534-cü ildə Sultan I Süleymanın (Qanuni) başçılıq etdiyi Osmanlı ordusu  Şah Təhmasibin başçılıq etdiyi Səfəvi qoşunlarını məğlub edərək Cənubi Azərbaycanın bir hissəsini, o cümlədən Təbrizi ələ keçirib. Lakin yerli əhalinin müqaviməti, eləcə də qışın sərt keçməsi və ərzaq çatışmazlığı Osmanlı qoşunlarını geri dönməyə məcbur edib.

 

251 il əvvəl...

 

28 sentyabr 1773-cü ildə Rusiyada Yemelyan Puqaçovun rəhbərliyi ilə kəndli müharibəsi başlayıb. Uralda (Yatski şəhəri) başlanan üsyan geniş miqyas alıb. İmperatriçə II Yekaterina onun üzərinə qoşun hissələri göndərib. Üsyan yalnız 1774-cü ilin sonunda yatırıldı, 1775-ci ilin yanvarında Puqaçov və yaxın silahdaşları Moskvada edam edildilər.

 

86 il əvvəl...

 

29 sentyabr 1938-ci ildə Münxendə Almaniya, Britaniya, Fransa və İtaliya rəhbərləri Çexoslovakiyanın almanlar yaşayan Sudet bölgəsi ilə bağlı saziş imzalayıblar. Britaniya baş naziri Nevill Çemberlen, Fransa baş naziri Eduard Daladye və İtaliyanın faşist lideri Benito Mussolini Sudet bölgəsinin Almaniyaya birləşdirilməsi barədə Adolf Hitlerin təklifinə razılıq veriblər.

 

58 il əvvəl...

 

30 sentyabr 1966-cı ildə Böyük Britaniyanın Cənubi Afrikadakı müstəmləkəsi olan Botsvana müstəqilliyini elan edib. Botsvana 1885-ci ildə  Britaniyanın protektoratlığına keçmişdi.

 

55 il əvvəl...

 

25 sentyabr 1969-cu ildə Mərakeşin paytaxtı Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının toplantısında İslam Konfransı Təşkilatı təsis olunub. 57 dövləti birləşdirir. 2011-ci ildən İslam Əməkdaşlıq Təşkilatı adlanır. Katibliyi Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir.

 

34 il əvvəl...

 

30 sentyabr 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə və yerli xalq deputatları sovetlərinə seçkilər keçirilib. İlk dəfə olaraq seçkilər alternativ əsasda və çoxpartiyalı şəraitdə keçirilib. Ali Sovetə seçkilərin ilk turunda 360 dairədən üçdə ikisində deputatlar seçildi, qalan dairələr üzrə təkrar seçkilər elan edildi.

 

33 il əvvəl...

 

27 sentyabr 1991-ci ildə Azərbaycan Kommunist Gənclər Təşkilatının – komsomolun fəaliyyətinə xitam verilib. Bir qədər əvvəl (14 sentyabr 1991-ci il) Azərbaycanda Kommunist Partiyası fəaliyyətini dayandırmışdı.

Hazırladı: V.Orxan