Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının 5-ci gününün (22 sentyabr) axşamı M.Maqomayev adına Dövlət Akademik Filarmoniyasının səhnəsini rövnəqləndirən konserti məhz bu cür səciyyələndirmək olar.

Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, amerikalı violin ifaçısı Hyojin Ellen Kim, avstriyalı violaçı Nora Romanoff Şvatsberq, Cənubi Koreyanın “Cavatina” kvarteti musiqisevərlər uçun dörd əsər ifa etdilər: Volfqanq Amadey Motsartın “Teatr direktoru” operasından uvertüra və violin, viola və simfonik orkestr üçün “Sinfonia Concertante”, Lüdviq Şporun “Simli kvartet və simfonik orkestr üçün konsert”, “Yessonda” operasından uvertüra. Bunlardan Motsartın “Sinfonia Concertante” əsəri Bakıda ikinci dəfə, digər əsərlər isə ilk dəfə səsləndi.

Motsart “Teatr direktoru” adlı birhissəli zinqşpili (almanca “vokallı pyes” mənasını verir, əsasən komik xarakterli dialoqlardan ibarət olan pyes və ya operadır) Qotlib Ştefaninin librettosuna bəstələyib. “Teatr direktoru” operasının yaranma tarixçəsindən bəlli olur ki, 1786-cı ildə imperator II İosif  sevimli musiqiçiləri Antonio Salyeri ilə V.A.Motsart arasında yarışma təşkil edib. Faktiki olaraq, bu italyan komik operası ilə alman zinqşpili arasında rəqabətin bir təzahürü idi. Hər iki müəllifin operası 1786-cı ilin fevralında Şönbrunda Niderland general-qubernatorunun şərəfinə təşkil edilmiş şənlikdə oynanılıb. Musiqi yarışmasının qalibi Salyerinin “Əvvəl musiqi, sonra sözlər” operası elan edilib...

Qayıdaq bizim festivalda ifa olunan “Teatr direktoru”na. Əsərin süjetinə görə, teatr direktoru olan Frank truppaya vokalçı və aktyor toplanması ilə məşğuldur. Lakin hər kəs truppada birinci olmaq və yüksək qonorar almaq istəyir. Frankın tamaşanı dayandırmaq hədə-qorxusuna cavab olaraq hamı yüksək incəsənətə sevgi naminə mehribanlıq ab-havası yaradıb birgə çalışmağa razılaşır. Operada uvertüradan savayı üç ariya, bir terpet və bir vodevil ifa olunur.

Konsertin digər qəhrəmanı alman bəstəkar, pedaqoq Lüdviq Şpor musiqidə romantik tərzin ilk nümayəndələrindən biridir. Şpor həm də dövrünün ən yaxşı viola ifaçılarından sayılırmış, ifası virtuozluq və dərin ifadəliliklə seçilirmiş. Bəstəkar kimi isə çoxlu sayda opera, oratoriya, simfoniya, messa, kantata, kamera musiqisi əsərləri yazıb. Bakıda ilk dəfə ifa olunan “Simli kvartet və simfonik orkestr üçün konsert”də əsas qəhrəman solo alət yox, bütövlükdə ansambldır.

Şporun “Yessonda” operasının premyerası 1823-cü ildə olub. Lirik operanın süjetinə görə, portuqaliyalı admiral Tristan da Kunya hind racının dul qalmış xanımına aşiq olur. Hind adət-ənənəsinə görə isə dul qalmış qadın vəfat etmiş əri ilə birlkdə yandırılmalıdır... Operanın ən diqqətçəkən hissəsi uvertüradır ki, onun da Bakıda ilk ifası simfonik orkestrimizin və usta dirijorumuz Yalçın Adıgözəlovun əcnəbi ifaçılarla tandemində möhtəşəm səsləndi.

Yalçın Adıgözəlov: “Fantastik bir əməkdaşlıq alındı. Nora Svatsberq Avropada çox tanınmış musiqiçidir. Dünya çapında pedaqoq, Vyana Konservatoriyasının professoru Dora Svatsbergin qızıdır. Hyojin Ellen Kim də həmçinin möhtəşəm bir violin ifaçısıdır. Bu ifaçıların Bakıya gəlməsi mədəniyyətimiz üçün çox böyük uğurdur. Bütün bunlara konsertin proqramındakı dörd əsərdən üçünün Bakıda ilk ifasını da əlavə etsək, konsertin xüsusən gənclərimiz, yetişməkdə olan yeni ifaçılar nəsli üçün necə böyük əhəmiyyət kəsb etdiyini daha aydın anlamaq olar”.

Avstriyalı viola ifaçısı Nora Romanoff-Svatsberq: “İki il əvvəl Qəbələdə olmuşdum. Bakıya isə ilk səfərimdir. Bakı məndə bütün mənalarda gözəl təəssürat oyatdı – orkestrlə işləmək, dirijorla əməkdaşlıq yaddaşımda işıqlı xatirə kimi qalacaq. Təəssüratlarını ümumiləşdirib deyə bilərəm ki, bura səfər etmək adamın öz evinə gəlməsi qədər xoş bir hissdir. Azərbaycan musiqi mədəniyyəti haqqında, təəssüf ki, az məlumatım var. Bilirəm ki, Şərq mədəniyyətinin çalarları var musiqi mədəniyyətinizdə. Sintez xassəlidir, son yüzilin təsirlərindən kənarda qalmadığı hiss olunur. Ən əsası isə insanların musiqiyə sevgisi hiss olunur. Bir yaradıcı insan kimi azadam – həm çıxışlarım olur, həm Avstriyada festivallar təşkilatçısıyam, yeni layihələr gerçəkləşdirməyi sevirəm, kamera musiqisini çox xoşlayıram, bir neçə kamera musiqisi ansamblım var, müasir musiqi təqdimatı üçün nəzərdə tutulmuş kvartetlərim var. Bütün bunlardan əlavə, ailəm, oğlum da var və həyatın sevinci ilə yaradıcılıq məsələləri arasında tarazlığı saxlamağa çalışıram”.

Musiqi xadimlərinin “Mədəniyyət” qəzeti üçün söylədiklərinə qüvvət olaraq qeyd edək ki, yaradıcı mühitin münbitliyi bir çox amillərlə bağlıdır. İllərdir ki, bu amillərə köklənib Üzeyir bəy irsini ən geniş mənada yaşadan festivalın növbəti konsertlərindən reportajlaradək…

S.Behbudqızı