Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının zəngin proqramı, Azərbaycan sənətçiləri ilə müxtəlif ölkələrdən gələn ifaçıların bir səhnəni bölüşdüyü konsertlər sənətsevərlərə yüksək zövq və xoş təəssürat bəxş etdi.

Festivalın 3-cü gününə (20 sentyabr) M.Maqomayev adına Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimov) konserti yekun vurdu. Solistlər hindistanlı Ciotsna Şrikant (violin) və Şadrak Solomon (piano), azərbaycanlı violin ifaçıları Zərrin Əliyeva və Rövşən Əmrahov idi.

Proqramda Robert Volkmanın “Simli orkestr üçün serenada, op. 62”,  Antonio Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Yay”, Klod Debüssinin “Estamplar” süitasından “Yağış altında bağlar” və “Uşaq guşəsi” silsiləsindən “Rəqsedən qar dənəcikləri” (hər ikisi İsao Tomitanın elektron aranjimanında), Xədicə Zeynalovanın “Payız çalarları”, Astor Piazzollanın “Buenos-Ayresin dörd fəsli” silsiləsindən “Qış”, eləcə də bu altı əsər arasında “Raqa fəsilləri”ndən “Bahar”, “Yay”, “Musson”, “Payız”, “Qış”, “Qar” səsləndi.

Konsertin ilk dəqiqələrindən fəsillərin musiqi lövhəsini canlandırıb duyumlu, görümlü edən bəstələrə qulaq asdıqca sanki, maraq və sövq dalğasına köklənmiş dinləyicidən savayı, müəyyən mənada bu yaradıcılıq aksiyasının iştirakçısına çevrildik.

Konsertin kuratoru – musiqişünas, Əməkdar incəsənət xadimi, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bizimlə söhbətində layihə barədə qısa məlumat verdi: “Son illər dünyada bu cür səhnələşmiş, kurator yanaşması ilə tərtib edilmiş konsert layihələri vüsət qazanmaqdadır. Ötən il də Üzeyir Hacıbəyli Festivalında belə bir təqdimat – Bethovenin musiqisindən ibarət, tənhalığa qalib gəlmək məzmunlu “Sükunət təzadı” adlı konsert olmuşdu. Çalışacağıq ki, hər il bu festival çərçivəsində belə layihələr gerçəkləşdirək. Çünki bu cür yanaşma auditoriyanın yenilənməsinə, fərqli zövqlü musiqisevərlərin cəlb olunmasına, başqa sözlə, zövqlərin cilalanmasına xidmət edir...”.

Xalq artisti Fəxrəddin Kərimov da konsertdən sonra bizimlə söhbətində bildirdi ki, layihənin maraqlı cəhətlərindən biri də orkestrimizin ilk dəfə olaraq hindistanlı instrumentalçılarla birgə ifasıdır: “Onların ifası nüfuzedici təsirə malik idi. Bu konsert musiqi müxtəlifliyi, yeni təəssürat qazanmaq baxımından çox maraqlı idi...”.

Müsahiblərimizin də qeyd etdiyi kimi, konsertin əsas özünəməxsusluğu bizim kamera orkestri ilə hindistanlı musiqiçilərin (violin ifaçısı Ciotsna Şrikantın bizim musiqiçilərlə ilk ünsiyyəti keçən il Bakıda Beynəlxalq Muğam Festivalında olub) bir ahəngdə səslənən, səsləşən ifaları idi.

Simfonik əsərlərlə hind klassik musiqisi çərçivəsində raqa motivlərinin çulğaşması, fərqli musiqi ladlarından savayı, dinləyicilərə hind təfəkküründə yaz, yay, payız, qış fəsillərindən əlavə daha iki fəslin olduğunu da bəyan etdi: musson yağışları dövrü və qarsız qış fəslindən başqa bir də qarlı qış fəsli. Müxtəlif ölkələrin musiqiçilərinin ifa tərzlərinin harmoniyasına nail olmaq ümumilikdə mədəniyyət adına əhəmiyyətli və əlamətdar hadisədir.   

Samirə