31 ildən sonra Cəbrayıl şəhəri öz doğma sakinlərinə qucaq açıb. Böyük Qayıdış proqramı üzrə Cəbrayıla ilk köç sentyabrın 26-da gerçəkləşib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ilk köç karvanında 36 ailə (117 nəfər) doğma yurda yola salınıb.

Şəhərə qədəm qoyan ailələrə yeni inşa olunan yaşayış kompleksində mənzillərin açarları təqdim edilib.

Qeyd edək ki, 2021-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub.

Yeni evlərinə köçən Cəbrayıl sakinləri bu il ilk dəfə 4 oktyabr – Şəhər gününü doğma yurdda qeyd edəcəklər.