Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2–8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair – 2024) keçiriləcək.

Builki sərgi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunub.

20-dək ölkədən 50-dək təşkilat, eləcə də 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitabla əlaqəli müəssisə və qurum sərgidə iştirak üçün qeydiyyatdan keçib.

Ənənəvi olaraq sərgi üçün zəngin proqram tərtib olunub. Sərgi müddətində müxtəlif formatda ümumilikdə 270-dən çox tədbir nəzərdə tutulur.

X Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonaqları tanınmış irlandiyalı yazıçı Con Boyn və məşhur bestsellerlər müəllifi alman yazar Vulf Dorn olacaq.

Bundan əlavə, təşkilat komitəsi tərəfindən yerli müəlliflər – Salam Sarvan (şair) və Rövşən Abdullaoğlu (yazıçı) builki sərginin fəxri yazarları seçilib.

Sərgi çərçivəsində fəxri qonaq və yazarların iştirakı ilə müxtəlif formatda tədbirlər (kitab təqdimatı, imza saatları, oxucularla görüş, panellər) təşkil olunacaq.

Tədbirin gedişində ölkəmizin üzv olduğu Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası da keçiriləcək.

Sərgi günlərində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Sərgi hər gün saat 10:00-dan 20:00-dək ziyarət üçün açıq olacaq. Giriş ödənişsizdir.

Ətraflı məlumat Bakı Beynəlxalq Kitab Sərgisinin saytında: https://bakubookfair.az/